Hər gün xatırlanan xeyirxah insan

 

Azərbaycanın oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekti, tibbi və pedaqoji fəaliyyəti, mənəvi keyfiyyətləri, yaratdığı fundamental əsərləri ilə məşhur olan akademik, tibb eləmləri doktoru, professor Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, geniş vüsət alır. Bu gün böyük şəxsiyyətin ömür və tale kitabını vərəqlədikcə onun həm nəcib insan, görkəmli alim, mahir pedaqoq, həm də xalqını, vətənini sevən bir vətəndaş olduğunu görürük.

Akademik Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Qeyri-adi duyumuna, gözlənilməz proqnozlarına, heyrətamiz fəhminə görə hörmət və məhəbbət qazanmış bu insan ilk növbədə, böyük bir ziyalı, işıqlı, nurlu bir şəxsiyyət idi. Bu nəcib insan haqqında çox sözlər deyilib, çox yazılar qələmə alınıb. Həm oftalmoloq, həm ana, həm də gözəl həyat yoldaşı kimi. Yazıya başlamazdan öncə çox düşündüm. Mən Zərifə xanımın yaratdığı oftalmologiya məktəbinin davamçısı olmağa çalışan, bu sahədə ilk addımlarını atan gənc oftalmoloq kimi bu nəhəng insan haqqında fikirlərimi bölüşmək istərdim.

Ətrafıma baxanda bir anlıq zamanı durdurdum və pasientlərə sadəcə xəstə kimi deyil, problemləri olan insan kimi baxdım. Yəni, Zərifə xanımın onlara baxdığı gözlərlə nəzər salmağa çalışdım.

Məqalənin adını əvvəlcə "plaçebo effekti" qoymaq istədim. Bu, ilk növbədə, böyük alimin intəhasız ürək genişliyi, səmimi hiss və duyğuları, təmənnasız xeyirxahlığı ilə bağlı idi. "Plaçebo effekti" nədir? Tibbdə bəzən çarəsi olmayan xəstələrə psixoloji təsir etmək üçün dərman şəklində olan hər hansı bir maddə verirlər. Xəstəni inandırırlar ki, bu, onun dərdinin çarəsidir. Və xəstə buna o qədər inanır ki, vəziyyətinin yaxşılaşdığını hiss edir. Fizioloji cəhətdən belə bir müalicə üsulu onunla izah edilir ki, xəstədə psixoloji təsir nəticəsində beyin buna cavab reaksiyası kimi endorfin istehsal etməyə və hissəvi olaraq preparatın təsirini əvəzləməyə başlayır. "Plaçebo effekti"ni təmin edən ikinci amil xəstənin immunitetinin qalxması və nəticədə orqanizminin möhkəmlənməsinə səbəb olmasıdır. Bir çox həkimlər xəstəni müayinə edib dərman müalicəsi ilə kifayətlənirlər. Amma onlarla söhbət edib psixoloji müalicəni nədənsə unudurlar.

Məhz Zərifə Əliyeva sadəcə bir oftalmoloq deyildi, həm də xəstələrə yardım edən bir insan idi. Onların problemləri ilə maraqlanan, çətinliklərini qısa müddətdə həll etməyə çalışan bir ana idi. Məncə, bu, ailədə aldığı, gördüyü tərbiyə ilə bağlı idi. Çünki hər bir insanın formalaşmasında ailə mühitinin rolu çox böyük əhəmiyyət kəsb edir. Zərifə xanımın atası akademik Əziz Əliyev gözəl həkim və böyük ziyalı idi.

Akademik Zərifə Əliyeva insanların ailə, məişət problemlərini həll etməklə onlara psixoloji təsir edir və nəticədə ruh yüksəkliyi yaradırdı, insanlara optimistik hisslər bəxş edirdi. Bu onların həm xəstəliklərinin müalicəsində, həm də gündəlik həyatlarının yaxşılaşmasında böyük rol oynayırdı. Yaxşı bilirik ki, hər hansı problemimiz olanda əgər bizə kimsə dəstək verirsə, həmin çətinliyi tez və rahat həll edirik. Eynilə də Zərifə Əliyeva öz xəstələrinə bu cür yanaşırdı. Akademik möcüzəvi həkim - el anası kimi şəfa simvoluna çevrilmişdi. Böyük həkimin əlləri ilə respublikamızda minlərlə insan şəfa tapmış, zülmətdən işığa qovuşmuşdur. Kimsəsiz uşaqlara doğma ana qayğısı ilə yanaşan alim-həkimin internat məktəblərində apardığı elmi tədqiqatları, valideynlərindən məhrum olmuş yüzlərlə uşağın gözlərinə şəfa verməsi Zərifə xanımın xeyirxahlıq timsalı olan müqəddəs xatirəsini dünya durduqca yaşadacaqdır.

Akademik öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. Böyük alimin "Həkimin yüksək vəzifəsi", "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" ilə bağlı monoqrafiyalarında bütün bunlar geniş əksini tapmışdır. Böyük alim dəfələrlə deyirmiş ki, həkimlə xəstənin birbaşa əlaqəsi müalicənin əhəmiyyətini yüksəldir, ona ümid verir, orqanizmin xəstəliyə qarşı müqavimətini artırır və çox vaxt dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, həkimin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Alim əsərlərində həkim-xəstə münasibətlərinə toxunaraq insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və "həkim xəstənin ən doğma adamıdır" yazmışdır.

Böyük alim ilk dəfə peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyasını yaratmış və bu sahənin banisi olmuşdur. Əslində, bu sahənin yaradılması və inkişaf etdirilməsi Zərifə xanımın nəcib insani keyfiyyətləri ilə bağlıdır. Digər tərəfdən, oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.

Kimya sənayesi sahəsində çalışan insanlarda müxtəlif maddələrin təsirindən görmə orqanında patologiyalar yaranırdı. Onlarda nəinki əmək qabiliyyəti aşağı düşürdü, həm də psixoloji problemlər də yaranırdı. Bu da belə insanların ailələrində müxtəlif cür təzahür edirdi: həm maddi çətinliklər, həm də insanın özünə inamın azalması formasında. Zərifə xanım peşə patologiyası problemləri ilə bağlı müxtəlif nüfuzlu beynəlxalq konfranslarda, konqreslərdə, müşavirələrdə çıxış etmiş və dəyərli təkliflər irəli sürmüşdür. Həmin təkliflər tətbiqini tapmış və yaxşı nəticələr əldə edilmişdir.

Zərifə xanım Əliyeva haqqında böyük sevgi ilə danışan həkim həmkarlarım deyirlər ki, kimin problemi olurdusa, həm xəstələr, həm də tibb personalı ona müraciət edirdi. Bu böyük şəxsiyyət hər zaman insanları gülərüzlə qarşılayardı, onlara kömək göstərərdi. Humanizm, vətənpərvərlik, xeyirxahlıq onun xarakterini səciyyələndirən xüsusiyyətlər idi. Xalqına, vətəninə, Azərbaycan elminə xidmət etməyi özünün müqəddəs borcu bilirdi.

Akademik ilk dəfə iridodiaqnostikaya həsr olunmuş kitab yazmışdı. İridodiaqnostika ən çətin sahələrdən biridir. Bunu bilmək üçün tibbin digər istiqamətlərini də yaxşı bilmək vacibdir. Bu, ilk növbədə, böyük əmək tələb edən bir iş idi. Mən çox təəccüblənirəm, axı, Zərifə xanım bu qədər işi necə çatdırırdı?! Düşünürəm, bu ona Tanrı tərəfindən verilən fitri istedad idi. Alim həmişə öz tələbələrinə, aspirantlarına nəinki bir pedaqoq, həm də bir ana kimi yanaşırdı. Onlara bu sahənin sirlərini öyrətməklə yanaşı, problemləri ilə də maraqlanır, hər cür yardım göstərirdi. Yaxşı oftalmoloq kimi yetişib xalqa layiqincə xidmət etmək üçün kömək edirdi.

Hazırda mən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim interna kimi təcrübə keçirəm. Çox təəssüf edirəm ki, Zərifə xanımı həyatda görməmişəm, onunla yaxından təmasda olmamışam. Bu cür xeyirxah, humanist insanı görməsəm də, böyük alimin yaratdığı məktəbin layiqli davamçısı olmağı özümə böyük şərəf bilirəm.

 

 

Nərmin ƏLİYEVA,

akademik Zərifə Əliyeva adına

Milli Oftalmologiya Mərkəzində

həkim-interna

 

Azərbaycan.- 2010.-  29 aprel.- S.  4.