Prezident İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir

 

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyanda soyuducu anbar kompleksinin açılışında iştirak etmişdir.

Məlumat verildi ki, tikintisinə 2008-ci ildə başlanılan və 5 hektar ərazini əhatə edən kompleks Prezident İlham Əliyevin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına inşa olunmuşdur. Kənd təsərrüfatı məhsullarının uzunmüddətli istifadə üçün keyfiyyətinin saxlanılması məqsədi ilə yaradılan kompleksin anbar hissəsinin sahəsi 9 min kvadratmetrdir. Ərazidə inzibati bina, soyuducu kamera, boş qablar anbarı, emal sexi, ofis və digər yardımçı binalar inşa olunmuşdur. Kompleksdə çeşidləmə bölməsi, iki gözləmə kamerası, o cümlədən ümumi tutumu 250 tondan 500 tonadək olan 20 soyuducu kamera vardır. Kompleksdə ət və toyuq, həmçinin balıq məhsullarının saxlanması üçün ayrıca 500 tonluq 3 kamera mövcuddur. Kompleksdə 10 min tona qədər digər kənd təsərrüfatı məhsullarının saxlanmasına da imkan vardır.

Burada 150 nəfərin daimi, 300 nəfərin isə mövsümi işlə təmin olunması üçün bütün şərait yaradılmışdır.

Bildirildi ki, soyuducu anbar Salyan rayonu ilə yanaşı, qonşu rayonlara da xidmət göstərəcəkdir. Kompleksdə 10 min tonluq müsbət və 500 tonluq mənfi temperaturlu rejimdə işləyən saxlanma sistemi fəaliyyət göstərir. Müsbət temperatur rejimli kameralarda meyvə və tərəvəz, mənfi temperatur rejimli kameralarda isə ət, toyuq və balıq məhsulları saxlanılacaqdır. Meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının yerləşdirildiyi kameralar hər bir məhsulun saxlanma temperaturuna uyğun müəyyən edilir. Gün ərzində 100 ton məhsul qəbul etmək imkanında olan kompleksə gətirilən meyvə-tərəvəz əvvəlcə birinci gözləmə zalında müsbət 15 dərəcədə 24 saat saxlanılır. Sonra çeşidləmə bölməsində hər bir məhsul keyfiyyətinə görə bir neçə növə ayrılır. Burada bir dəfəyə 4 növ məhsulun çeşidlənməsi aparılır. Kompleksdə hər bir məhsul 90-180 gün saxlanıla bilir.

Bütün bunlar Salyan və qonşu rayonlarla yanaşı, digər bölgələrdə sahibkarlıqla məşğul olan iş adamlarına əlavə imkanlar yaradır.

Kompleksin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  1.