Salyan rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Salyanda soyuducu anbar kompleksinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:

- Yenidən Salyanda olmağımdam çox şadam. Mən birinci dəfə deyil ki, Salyan rayonundayam. Bu gün biz çox gözəl hadisəni qeyd edirik. Yeni, gözəl soyuducu anbarın fəaliyyətə başlaması böyük hadisədir. Əminəm ki, fermerlər bu gözəl imkandan çox səmərəli şəkildə istifadə edəcəklər, rayonun kənd təsərrüfatı imkanları daha da böyüyəcək, genişlənəcək və beləliklə, rayon iqtisadi baxımdan daha da sürətlə inkişaf edəcəkdir.

Belə gözəl anbarların tikintisi Azərbaycanda indi geniş vüsət alıb. Ancaq ölkəmizdə inşa olunan soyuducu anbarlardan həcm baxımından ən böyüyü Salyanda tikilibdir. Bu da çox gözəl göstəricidir. Həm yerli sahibkarlar, həm Sahibkarlığa Kömək Milli Fondu tərəfindən vəsait qoyulub və bax, bu gözəl müəssisə yaradılıbdır. Ümid edirəm ki, Salyan fermerləri bu gözəl imkandan səmərəli şəkildə istifadə edəcəklər və bütövlükdə kənd təsərrüfatının inkişafına bu soyuducu anbarın böyük dəstəyi olacaqdır.

O ki qaldı rayonun inkişafına, bunun üçün müəyyən işlər görülüb, daha da çox işlər görülməlidir. Rayonun iqtisadi imkanları genişlənməlidir, sənaye potensialının inkişafına daha da böyük diqqət göstərilməlidir. Abadlıq-quruculuq işləri sürətlə getməlidir. Bu gün Bakı-Astara yolunun bir hissəsini istismara verdik. Bu yoldan əlbəttə ki, salyanlılar da istifadə edəcəklər.

Rayonun imkanları tam şəkildə təhlil edilməli, ixtisaslaşma getməlidir. Hansı sahələrə daha çox diqqət göstərilməsi müəyyən edilməlidir. Əlbəttə ki, yeni iş yerlərinin, yeni müəssisələrin açılması rayonun əsas problemlərinin həlli üçün bizə yaxşı şərait yaradacaqdır.

Ölkəmiz, ümumiyyətlə, inkişaf dövrünü yaşayır. Bütün bölgələrdə quruculuq işləri aparılır. Azərbaycan inamla irəliyə gedir. Qarşıda duran bütün vəzifələr icra olunur. Bütün investisiya layihələri icra edilir. Bütün sosial məsələlər öz həllini tapır. Mən istəyirəm ki, daha da sürətlə inkişaf olsun. Baxmayaraq ki, bu gün Azərbaycandan daha sürətlə inkişaf edən ölkə yoxdur. Nəinki bu gün, son 5-6 il ərzində dünyada ən yüksək templə inkişaf edən ölkə Azərbaycandır. Bu bizə imkan verdi ki, problemlərin böyük hissəsi həll olunsun. Ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ həll ediləsi məsələ çoxdur. Ölkəmizin bütün problemləri həll olunmalıdır. Mən bunu istəyirəm və biz bu yolda çox vacib addımlar atırıq. Artıq yaxşı nəticələr vardır və elə etməliyik ki, ölkəmizin inkişafı bölgələrin inkişafı hesabına təmin edilsin. Bu, indi əsas məqsəddir. Yəni, bölgədə, rayon mərkəzində olan vəziyyət şərait baxımından böyük şəhərlərdə olan vəziyyətə yaxın olsun. Ona görə infrastruktur layihələri, yollar, elektrik stansiyaları, - bu gün Salyanda yarımstansiyanın açılışı gözlənilir, - qazlaşdırma, elektrik xətləri, su təchizatı - bütün bunlar gündəlikdə duran məsələlərdir. Onların həlli insanlara yeni imkanlar açacaqdır. Ona görə Salyan rayonunun imkanları, bir daha demək istəyirəm, tam şəkildə səfərbər olunmalıdır ki, rayonun potensialı daha da artsın, böyüsün və insanlar burada daha da yaxşı yaşasınlar.

 

* * *

 

Rayon ictimaiyyəti və sahibkarlar adından çıxış edən Həziran USUBOV dövlətimizin başçısına diqqət və qayğıya görə təşəkkürünü bildirərək dedi:

- Möhtərəm cənab Prezident!

Ölkəmizdə apardığınız məqsədyönlü tədbirlər iqtisadiyyatımızın digər sahələrində olduğu kimi, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının da artımına imkan vermişdir. Bu məhsulların tədarük edilməsi və saxlanması üçün lazımi şərait olmadığından əhalinin il boyu keyfiyyətli ərzaq məhsulları ilə təminatında müəyyən problemlərlə üzləşirdik. Bu məhsulların tədarükünün və saxlanılmasının təşkili kənd əməkçilərinin çoxdankı arzusu idi. Açılışında iştirak etdiyimiz bu nəhəng obyekt Azərbaycanda regionların sosial-iqtisadi inkişafına, sahibkarlara göstərdiyiniz böyük dəstəyin, yüksək qayğının bariz nümunəsidir. Bu obyektin istifadəyə verilməsi rayonumuzun kənd təsərrüfatı məhsullarının istehsalçılarına əlavə stimul olacaqdır. Nəzərə alsaq ki, hər il Salyan rayonunda orta hesabla 10 min tona yaxın üzüm, 5 min tona yaxın meyvə, 18 min tona yaxın bostan-tərəvəz məhsulları istehsal olunur, onda bu obyektin rayonumuzun iqtisadi həyatında necə böyük əhəmiyyətə malik olduğunu şərh etməyə ehtiyac yoxdur. Əvvəllər rayonumuzda istehsal edilən minlərlə ton kənd təsərrüfatı məhsulu lazımi şərait olmadığından batıb gedirdi və ya keyfiyyətini itirirdi. Nəticədə həm istehsalçıya, həm də istehlakçıya ziyan dəyirdi. İndi rayonumuzun hər bir təsərrüfatçısı bilir ki, onun yetişdirdiyi məhsul xarab olmayacaqdır. Artıq məhsulların saxlanılması üçün hər bir şəraiti olan soyuducu anbar-kamera onların istifadəsindədir.

İcazə verin diqqətinizə çatdırım ki, 10,5 min ton tutumu olan bu soyuducu anbarın tikintisi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3 milyon manat güzəştli kredit verilmişdir. Bu gün Azərbaycanda olan əlverişli biznes mühiti imkan verir ki, sahibkarlar iri məbləğdə kreditlər götürərək öz fəaliyyət dairələrini genişləndirsinlər. Bunun nəticəsidir ki, bu gün onlar çəkinmədən kreditlər götürürlər, yeni istehsal və xidmət sahələri açırlar, iqtisadiyyatın şaxələndirilməsi məsələlərində yaxından iştirak edirlər. Hazırda rayonumuzda əlavə soyuducu anbarın, şərab zavodunun, inkubator stansiyasının da tikintisi davam etdirilir. Görülən bütün bu işlər əhalinin ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsullarla təmin olunmasına imkan verəcəkdir. Bizə yaratdığınız bu əlverişli biznes mühitinə görə bütün sahibkarlar adından Sizə minnətdarlığımızı bildiririk. Biz də çalışacağıq ki, öz fəaliyyətimizi daha da genişləndirərək məhsul bolluğu yaradaq və Ərzaq Təhlükəsizliyi Proqramının icrasına töhfəmizi verək.

Qürurla demək istəyirəm ki, bu gün ölkəmizdə sahibkarlıq sürətlə inkişaf edir, regionlarda nəhəng layihələr həyata keçirilir, insanlarımız çalışırlar, varlanırlar, onların həyat tərzi dəyişir, rayonlarımız, şəhərlərimiz abadlaşır, gözəlləşir.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunda da inkişaf göz qabağındadır. Qısa müddət ərzində idman-sağlamlıq kompleksləri inşa edilmiş, yeni istehsal müəssisələri açılmış, avtomobil yolları əsaslı şəkildə yenidən qurulmuş, park və xiyabanlar salınmış, müasir təhsil və mədəniyyət obyektləri istifadəyə verilmişdir. Bir sözlə, rayonumuzun görünüşü tamamilə dəyişmişdir. Biz bilirik ki, bütün bunlar Sizin gərgin əməyinizin və səmərəli fəaliyyətinizin nəticəsində mümkün olmuşdur. Salyanlılara göstərdiyiniz diqqət və qayğıya görə rayonumuzun bütün sakinləri adından Sizə minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident!

İcazə verin, fermer və sahibkarlar ordusu adından Sizi əmin edim ki, bundan sonra da regionların sosial-iqtisadi inkişafı, ölkəmizdə ərzaq bolluğunun yaradılması istiqamətində aparılan işlərdə qüvvə və bacarığımızı əsirgəməyəcək, doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyünüz işlərdə fəal iştirak edəcək, böyük diqqət və qayğınıza əməli işimizlə cavab verəcəyik!

 

* * *

 

Prezident İlham ƏLİYEV dedi:

- Sahibkarlığa Azərbaycanda yaxşı şərait yaradılıb, həm kreditlər, subsidiyalar verilir, həm də dövlət tərəfindən dəstək göstərilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində sahibkarların imkanları da artıb. Sahibkarlar da öz tərəflərindən ölkəyə qoyulan investisiyaların həcmini artırırlar. Bu da çox müsbət haldır.

Çox şadam ki, bu gün Azərbaycana qoyulan sərmayənin əksəriyyəti yerli mənbələr hesabına təmin edilir. Əvvəlki illərdə biz daha çox xarici investisiyalardan asılı idik. Bu gün bu asılılıq minimum səviyyəyə enibdir. Yəni Azərbaycanda artıq böyük maliyyə imkanlarına malik olan sahibkarlar sinfi yaranmışdır. Ölkədə yaranan şərait onları da iqtisadiyyata sərmayə qoymağa daha da sövq edir. Bu, çox müsbət haldır ki, Azərbaycanda qazanılan pullar Azərbaycan iqtisadiyyatına, yerli istehsala qoyulur. Bax, belə gözəl soyuducu anbarlar, ondan sonra başqa müəssisələr, emal müəssisələri - bütün bunlar ölkəmizi gücləndirir. Biz bunun nəticəsində bu gün özümüzü demək olar ki, ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əvvəlki illərdə daha çox idxaldan asılı idik. Bu gün isə biz ixrac edirik. İndi xaricə nəinki meyvə-tərəvəzi, digər məhsulları da ixrac edirik. Ona görə ki, Azərbaycanda sahibkarlıqla bağlı vəziyyət çox yaxşıdır. İldən-ilə həm sahibkarların imkanları artacaq, həm də ki, onların ölkə iqtisadiyyatına qoyduqları vəsaitin həcmi artacaqdır. Nəzərə alsaq ki, dövlət öz tərəfindən kreditlər, subsidiyalar şəklində maliyyə dəstəyini göstərir, bu sahədə inkişaf uğurlu olacaqdır.

Ancaq Azərbaycan cəmiyyəti təkcə sahibkarlardan ibarət deyildir. Biz bütün vətəndaşların problemlərini həll etməliyik. Xüsusilə büdcə təşkilatlarında işləyənlərin əməkhaqlarını, pensiyaçıların pensiyalarını artırmaq üçün bizdə imkanlar var və bu il bu artım gözlənilir. Əvvəlki illərdə minimum əməkhaqqı, minimum pensiya böyük dərəcədə artırılıb və deyə bilərəm ki, Azərbaycan bu göstəricilərə görə bu gün MDB məkanında ən yüksək yerlərdədir. Ancaq əgər desəm ki, bu, bizi qane edir, əlbəttə, səhv edərəm. Bu, bizi qane etmir. Biz elə etməliyik ki, insanların minimum məvacibi, minimum pensiyası onun gündəlik tələbatının ödənilməsinə imkan versin.

Azərbaycanda əlbəttə ki, yoxsul təbəqə də vardır. Onların sayı ildən-ilə azalır. Bu gün yoxsulluq şəraitində yaşayanlar 11 faizdir. Yəni bu, demək olar ki, inkişaf etmiş ölkələrin səviyyəsinə yaxındır. Ancaq o da çoxdur. Baxmayaraq ki, biz bu göstəricini 49 faizdən 11 faizə endirə bilmişik, 11 faiz də çoxdur. Mən istəyirəm ki, ümumiyyətlə Azərbaycanda yoxsul və işsiz olmasın. İndi biz işsizliyin böyük hissəsini böyük şəhərlərdə həll etmişik. İndi xaricdən böyük şəhərlərə iş dalınca gəlirlər. Ancaq bölgələrdə hələ ki, işsizlik problemləri vardır. Əvvəlki illərdə bölgələrdən başqa ölkələrə işləmək üçün gedirdilər, bu gün Bakıya gəlirlər. Bu, əlbəttə ki, böyük bir addımdır.

Amma elə etməliyik ki, ölkədə kifayət qədər iş yerləri olsun, insanlar bölgələrdə işləsinlər.

Bu soyuducu anbarın xüsusiyyəti ondan ibarətdir ki, o, təkcə fermerlərə xidmət göstərməyəcək, iş yerləri də açılacaqdır. Fermerlər biləndə ki onların məhsulları batmayacaq, burada saxlanılacaq, onlar daha da çox vəsait qoyacaqlar, əkin sahələrini böyüdəcəklər, orada işləyənlərin sayı artacaq, beləliklə, məşğulluq məsələləri də öz həllini tapacaqdır. Yəni, bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır.

Azərbaycanın uğurlu iqtisadi inkişafı onu göstərir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Biz gəlirləri investisiya şəklində düzgün yerlərə yönəldirik və bu investisiyalar artıq öz bəhrəsini verir. Keçən il və elə bu il də davam edən dünya böhranı onu göstərdi ki, hansı ölkələrin iqtisadi siyasəti düzgün qurulmuşdur, o ölkələr də bu böhrandan minimum itkilərlə çıxdı. Biz vəsaiti iqtisadiyyatın real sektoruna yönəldirik və bu gün də bunu edirik. Baxmayaraq ki, keçən il gəlirlərimiz də azaldı, neftin qiyməti də bir neçə dəfə düşdü, biz investisiya layihələrini, tikinti layihələrini dayandırmadıq. Heç bir layihə - həm yolların, həm infrastruktur layihələrinin, məktəblərin, xəstəxanaların tikintisi dayanmadı. Bu il də belədir. Bu il nəzərdə tutulmuş bütün investisiya layihələri icra ediləcək və özü də artıqlaması ilə. Bu, imkan verir ki, biz heç kimdən asılı olmayaraq müstəqil həyat sürək, ölkəmizi inamla irəliyə aparaq və Azərbaycan xalqının rifah halının yaxşılaşması üçün əlavə tədbirlər görək.

Ona görə mən bu gün bu hadisə münasibətilə öz fikirlərimi sadəcə olaraq bir qədər geniş ifadə etmək istəyirəm. Əlbəttə, bu anbarın tikintisi rayon iqtisadiyyatı üçün əlamətdar hadisədir. Ancaq bu, ümumiyyətlə, Azərbaycanda aparılan siyasətin nəticəsidir. Əgər biz sahibkarlara dəstək verməsəydik, kreditlər verməsəydik, ümumiyyətlə, 2004-cü ildə regional inkişaf proqramını qəbul etməsəydik, 2009-cu ildə ikinci proqramı qəbul etməsəydik, bunların heç biri olmazdı və onda Azərbaycan iqtisadiyyatı, Azərbaycan xalqı təkcə təbii resurslardan asılı vəziyyətdə qala bilərdi. Mən isə istəyirəm ki, təbii sərvətlər sadəcə olaraq, iqtisadiyyatımızı daha da gücləndirsin, ancaq biz əsas gəlir mənbəyini kənd təsərrüfatı, sənaye, sahibkarlıq və qeyri-neft sektorundan təmin edək.

Ona görə bu hadisə münasibətilə sizi təbrik edirəm. Baxmayaraq ki, burada fermerlər azlıq təşkil edir, ancaq biz hamımız fermerlərin məhsullarından istifadə edirik. Azərbaycanın iqtisadiyyatı, kənd təsərrüfatı nə qədər güclü olsa, ölkəmiz də o qədər güclənəcəkdir. Bir daha sizi bu hadisə münasibətilə təbrik edirəm və ümumiyyətlə xahiş edirəm, mənim salamlarımı bütün salyanlılara çatdırasınız. Bilin ki, mən rayonun inkişafı üçün bundan sonra da öz səylərimi göstərəcəyəm.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  2.