Bakıda müxtəlif ölkələrin elm xadimləri hüquq elminin müasir problemlərini müzakirə edirlər

 

Aprelin 29-da Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Hüquq elminin müasir problemləri" mövzusunda ikinci Beynəlxalq konfrans işə başlamışdır.

BDU-nun və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 10-dək ölkədən 200-ə yaxın elm xadimi iştirak edir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üstünə güllər düzülmüşdür.

Beynəlxalq konfransın açılışında çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində çox mühüm addımlar atmışdır. İnsan hüquq və azadlıqları ilə bağlı ümumbəşəri dəyərləri özündə ehtiva edən ilk milli Konstitusiya qəbul olunmuş, respublikamızda fundamental məhkəmə-hüquq islahatları həyata keçirilmişdir.

Rektor konfransda Azərbaycanda təhsil alan xarici tələbələrin, əsasən də Türkiyə, İran və digər ölkələrdən olan gənclərin diplomlarının öz ölkələrində tanınması məsələsinin də müzakirə olunacağını söyləmişdir. O demişdir ki, bu gün Bakı Dövlət Universitetində 1500-dək xarici tələbə təhsil alır. Lakin türkiyəli tələbələrin, xüsusilə hüquq ixtisası üzrə təhsil alan tələbələrin diplomları öz ölkələrində tanınmır. Rektor bununla bağlı məsələnin konfransın yekun qətnaməsində əks olunmasını vacib saymışdır.

Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç isə bu gün Azərbaycanda demokratik dəyərlərə söykənən məhkəmə-hüquq sisteminin formalaşdığını bildirmişdir. O demişdir ki, Azərbaycan Avropaya inteqrasiya etdikcə bir sıra istiqamətlərdə, o cümlədən hüquqi qanunvericilik sahəsində beynəlxalq standartlar tətbiq olunmağa başlamışdır. Lakin hər bir yeni sistemin tətbiqi bəzən çətinliklərlə müşayiət olunur. Bizim məqsədimiz konfransda bu problemlərin həlli yollarını axtarıb tapmaqdır.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qanunvericilik sisteminin möhkəmləndirilməsi üçün yeni yolların aşkarlanması baxımından belə konfransların faydalı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, qloballaşma dövründə bütün elmlərdə olduğu kimi, hüquq elmində də problemlər meydana çıxmağa başlamışdır. Dövlətlərarası münasibətlərin sivil formada inkişafına nail olmaq, habelə bu sahədə beynəlxalq hüquq norma və prinsiplərinin tətbiqinin daha səmərəli xarakter alması üçün yeni yanaşma metodlarının aşkarlanmasının zəruriliyi vurğulanmışdır. Z.Əsgərov konfransda aparılan müzakirələrin qanunvericilikdə bəzən rast gəlinən boşluqların aradan qaldırılmasında da əhəmiyyətli olacağını söyləmişdir.

Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, təhsil nazirinin müavini İradə Hüseynova, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov konfransın hüquq elmi sahəsində mövcud problemlərin həllinə töhfə verəcəyinə əminliklərini bildirmişlər. Çıxış edənlər Azərbaycanda mükəmməl qanunvericilik bazasının formalaşdığını, ölkəmizdə hüquqi norma və prinsiplərin möhkəm təməllər üzərində qurulduğunu diqqətə çatdırmışlar.

Plenar iclaslarda çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ölkəmizdə Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərinin insan hüquq və azadlıqlarının təmin olunmasına, pozulmuş insan hüquqlarının bərpasına yönəldiyini vurğulamışdır. E.Süleymanova milli qanunvericiliyin təkmilləşdirilməsi, ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrasının vəziyyəti haqqında məlumat vermişdir.

Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə hüquq sistemləri arasında yaxınlaşmaların bəzi tendensiyaları barədə danışmışdır. Vurğulanmışdır ki, bu gün bir sıra ölkələrdə hüquq sistemlərinin qovuşması aktual məsələlərdəndir. F.Abdullayev demişdir ki, cəmiyyət inkişaf etdikcə hüquq elmi sahəsində dəyişikliklər labüddür. Bu gün Azərbaycanda hüquq elmi inkişafdadır.

Konstitusiya Məhkəməsinin sədri bildirmişdir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın məhkəmə və hüquq sistemi sahəsində hazırlanan qanunların dünya standartlarına cavab verməsi, bu zaman müasir hüququn inkişaf meyillərinin nəzərə alınması daim diqqət mərkəzində saxlanılır.

Çıxış edənlər bildirmişlər ki, müasir elmi-texniki tərəqqi, sürətli inteqrasiya və qloballaşma prosesi nəticə etibarilə mövcud qanunvericiliyin mütəmadi yenilənməsini və təkmilləşdirilməsini zəruri edir.

Elmi-texniki tərəqqinin və işgüzar həyatın inkişafı nəticəsində hüquq sistemində yaranan müasir problemlərin həlli üçün irəli sürülən elmi-praktiki təklifləri ümumiləşdirmək və inkişaf etmiş dövlətlərin bu sahədəki təcrübəsinin öyrənilməsi vacib hesab olunmuşdur.

İki gün davam edəcək konfransda 500-dək məruzə dinləniləcəkdir.

 

 

Azərbaycan.- 2010.-  30 aprel.- S.  11.