Ekran sənətinin şərəfli yolu

 

 Keçmişin ictimai-siyasi, eləcə də mədəni-məişət hadisələrini ümumiləşdirərək özündə qoruyub saxlayan, mədəniyyət və incəsənətin sintetikasından formalaşan kino sənəti tarixin bir qolu olmaqla yanaşı, millətin və xalqın yaddaş salnaməsi funksiyasını da daşıyır. 112 yaşı olan Azərbaycan kinosu da bir çox uğurlar qazanıb. Xatırladaq ki, 1900-cü ildə Parisdə keçirilən ümumdünya sərgisində nümayiş etdirilən filmlərin arasında 1898-ci ildə Bakıda lentə alınan (bu, Azərbaycanda kino sənətinin əsasının qoyulduğu tarixdir) "Bibiheybətdə neft fontanı yanğını" və "Balaxanıda neft fontanı" xronikaları da vardı.

 

 Sonrakı illərdə ekranlaşdırılımış "Mavi dənizin sahilində", "Kəndlilər", "Arşın mal alan", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Bir cənub şəhərində", "Şərikli çörək", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "İstintaq", "Babək", "Dənizi fəth edənlər" və "Xəzər neftçiləri haqqında dastan" adlı Azərbaycanın bədii-sənədli filmləri keçmiş SSRİ məkanında, eləcə də əcnəbi ölkələrdə maraqla qarşılanmış, müxtəlif beynəlxalq kinofestivalların laureatı olmuş və kinematoqrafiyanın inkişafında mühüm rol oynamışdır.

 

Azərbaycan kinosunun tarixi keçmişinə aydınlıq gətirməmişdən öncə qeyd edilməlidir ki, digər sahələrdə olduğu kimi, kino sənətinin inkişafında da xalqımızın ümummilli lideri Heydər Əliyevin xidməti böyükdür. Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində, milli kinomuzun inkişafında silinməz izlər qoyan ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il 2 avqust ölkəmizdə Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

XIX əsrin ən böyük kəşfləri ilə bir sırada dayanan kino tarixin texniki ixtirasıdır. O, insan zəkasının ən müxtəlif sahələrini özündə birləşdirən sintetik bir sənət kimi təşəkkül tapıb. Kino sənəti kəşf olunana qədər fotoqrafiyanın ixtirası 1839-cu ildə Fransada qeydiyyatdan keçmişdir.

Yaxın qonşularuzaq ölkələrlə karvan və dəniz yolu vasitəsilə ticarət əlaqələri quran Azərbaycan qədim yaşayış məskəni olmaqla yanaşı, Şərqlə Qərbin mədəniyyətlərinin qovuşduğu yer kimi də dəyərli, diqqətçəkən olub. Bakının Böyük İpək yolu üstündə yerləşməsi, burada neftin üzə çıxması, əmək adamlarının, eləcə də işçi qüvvəsinin bu yerlərə axınına səbəb olub. Belə bir dövrdə Azərbaycana artan maraqların içərisində diqqətçəkən bir məqam da Fransada ixtira olunmuş sinematoqrafın çox keçmədən Bakıda peyda olması idi. Qısa vaxt ərzində neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjetlər çəkildi. Beləliklə, 1898-ci il yanvarın 8-də Bakıda xarici filmlər göstərildi. Həmin il iyun ayının 21-də paytaxtda Vasilvyatskinin teatr-sirkində sirk tamaşası vaxtı Bakı həyatından bəhs edən "Şəhər bağında xalq gəzintisi", "Qatarın dəmiryol stansiyasına daxil olması", "QafqazMerkuri" cəmiyyətinə məxsus gəminin limandan yola düşməsi və "Bazar küçəsi sübh çağı" kinosüjetləri nümayiş etdirildi.

O dövrdə Azərbaycanda kino sənəti yenicə ayaq açdığından həmin kinosüjetləri 25 ildən artıq Bakıda yaşayıb-yaratmış, Bakı elmi foto dərnəyinin katibi, naşirfotoqraf Aleksandr Mixayloviç Mişon lentə alıb.

Azərbaycan kinosunun inkişaf mərhələsi ötən əsrin 50-ci illərinə təsadüf edir. Həmin illərdə nəinki sənədli, həm də bədii filmlərin istehsal həcmi xeyli dərəcədə artmışdı. Sənətkarlıq nöqteyi-nəzərdən bir-birindən xeyli fərqlənən "Görüş", "Qara daşlar", "Bəxtiyar", "Qızmar günəş altında", "Onun böyük ürəyi", "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Ögey ana" və o illərdə çəkilən digər filmlər bu günsevilir.

Retro ömrü yaşayan neçə-neçə kinofilmimiz dünya kinoteatrlarının salonlarında indiuğurla nümayiş etdirilir.

Ötən əsrin 60-70-ci illərində ekranlaşdırılmış "Telefonçu qız", "Yenilməz batalyon", "Sən niyə susursan?", "Bizim Cəbiş müəllim", "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Ad günü", "Dədə Qorqud", "Nəsimi" və başqa Azərbaycan kinolarında bir qədər zəif hiss olunan tənqidi pafos, ictimai müdaxilə səksəninci illərdə çəkilmiş "Özgə ömür", "Bağlı qapı arxasında", "Təxribat", "Lətifə", "Sahilsiz gecə" filmlərində müşahidə edildi ki, bu da artıq sovetlər dövrü mifinin məhvindən, illüziyalarının tədricən dağılmasından irəli gəlirdi.

Azərbaycan kinosunun keçid dövründə yaşadığını qələmə almağa ehtiyac olmasa da, təkcə onu qeyd etməliyik ki, çətin vəziyyətə düşməsinə baxmayaraq, kinematoqrafçılarımızın dövlətin və ayrı-ayrı sponsorların maddi dəstəyi ilə ekranlaşdırdığı "Qətl günü", "Nakəs", "Pəncərə", "Təhminə", "Dağıdılmış körpü", "Yuxu", "Vahimə", "Yük", "Nə gözəldir bu dünya" filmləri müstəqillik dövründə əldə edilən uğurlardandır.

Azərbaycan kinosu tarixi və şərəfli bir yol keçib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı pyesi əsasında 1905-ci ildə ekranlaşdırılmış, H.Ərəblinskinin, Məmməd Əlilinin, Cabbar Qaryağdıoğlunun, Qurban Pirimovun çəkildiyi ikiseriyalı 8 hissəli, səssiz "Neftmilyonlar səltənətində" filmindən indiyədək 339 tam və qısametrajlı, kinosüjet (kinojurnallardan başqa) və 100-dən artıq cizgi, 150-dən çox xronikal-sənədli, elmi-kütləvi, sifarişli, televiziya bədii və tədris filmləri istehsal edilib tamaşaçıların ixtiyarına verilib. Son illər bu sahədə əldə edilən uğurlar isə, təbii ki, dövlətimizin və ilk növbədə respublika Prezidentinin mədəniyyət və incəsənətimizə göstərdiyi qayğının nəticəsidir. Azərbaycan kinosu müasir olduğu qədər klassik, klassikliyi qədər də müasirdir. Müasir elektron texnologiyaların daha geniş auditoriyanı əhatə etməsinə baxmayaraq, ekranlaşdırılmış sənət əsərlərinin təsir gücü hələ də yetərincədir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  1 avqust.- S.  5.