Milli Məclisdə görüşlər

 

Avqustun 5-də Milli Məclisin Sədri Oqtay Əsədov BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Fikrat Akçuranla görüşmüşdür.

Parlamentin sədri F.Akçuranı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib ölkəmizin BMT və onun bir sıra ixtisaslaşmış orqanları və qurumları ilə sıx, səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Qeyd olundu ki, BMT-nin müxtəlif layihələri çərçivəsində Azərbaycanda bir sıra proqramlar indidavam etməkdədir. BMT Azərbaycanda səhiyyə, qadın problemləri, yoxsulluğun azaldılması və digər sahələrdə onlarca proqramlar və tədbirlər həyata keçirmişdir.

Son illərdə BMT çərçivəsində görülən işlər sırasında qlobal səviyyədə terrorçuluğa qarşı aparılan mübarizədə təşkilatın fəal iştirakı xüsusi qeyd edilməlidir. Bu baxımdan respublikamızın BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı komitəsi ilə əməkdaşlığı təqdirəlayiq hal kimi qiymətləndirilir.

Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Uşaq Fondu (YUNİCEF) ilə geniş əməkdaşlıq edir.

Parlamentin Sədri BMT və onun ayrı-ayrı qurumları ilə Milli Məclis arasındakı əlaqələrdən bəhs etdibu istiqamətdə bir sıra layihələrin həyata keçirilməsinin vacibliyini bildirdi.

Milli Məclisin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni önə çəkərək qeyd etdi ki, BMT-nin Təhlükəsizlik Şurasının bu məsələyə dair 4 qətnaməsi varbundan başqa, Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair BMT Baş Assambleyasının 2008-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamələr Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını yenidən təsdiq edərək hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüf ki, bu qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.

Ümid edirik ki, qəbul olunmuş qətnamələrin yerinə yetirilməsi, Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi üçün BMT öz imkanlarından daha fəal istifadə edəcək, regionda sabitlik və təhlükəsizlik bərqərar olacaq.

BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Fikrat Akçura təmsil olunduğu beynəlxalq təşkilatla və onun ayrı-ayrı strukturları ilə Azərbaycan arasında daha yaxın münasibətlər qurmağın və birliyi yaratmağın vacib olduğunu söylədi. Bildirdi ki, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə BMT ilə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi üçün ölkəmizə yaxından kömək edəcək, əlindən gələni əsirgəməyəcəkdir. O, bundan sonra da bir sıra istiqamətlərdə həyata keçirilən layihələr çərçivəsində proqramların davam etdirilməsinin zəruri olduğunu vurğuladı.

Rezident əlaqələndirici bir sıra digər beynəlxalq təşkilatların fəaliyyətindən danışarkən TürkPA-nın yaradılması, onun Katibliyinin Bakıda fəaliyyət göstərməsi, tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı fikirlərini açıqladı. Ümidvar olduğunu bildirdi ki, beynəlxalq statuslu bu təşkilat gələcəkdə fəaliyyət dairəsini və imkanlarını genişləndirəcək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə nail olacaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

* * *

 

Dünən Milli Məclisin Sədri Oqtay Əsədov Avstriya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçi ilə də görüşmüşdür.

Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən O.Əsədov ölkələrimiz və xalqlarımız arasında mövcud olan əlaqələrin bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi işində ona uğurlar arzuladı.

Qeyd olundu ki, Azərbaycan Avropa regionunda olan bütün ölkələrlə, o cümlədən Avstriya ilə əlaqələrin yüksək səviyyədə qurulmasına böyük önəm verir. Ölkəmiz Avstriya ilə yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində, iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.

İki ölkə arasında BMT, ATƏT, Avropa və digər regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Azərbaycan belə əməkdaşlığın səmərəliyini artırmaq üçün səylərini davam etdirmək əzmindədir.

Parlamentin Sədri həmçinin qeyd etdi ki, biz beynəlxalq aləmdə və beynəlxalq parlamentlərarası səviyyədə böyük təcrübəyə malik Avstriya parlamenti ilə əlaqələri daha da inkişaf etdirməyə xüsusi önəm veririk. Deputatların qarşılıqlı səfərləri, qanunvericilik sahəsində fikir və təcrübə mübadiləsi ölkələrimizin qanunvericilik orqanlarının işinə səmərə verər, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da genişlənməsinə xidmət göstərə bilər. Bu işdə parlament dostluq qruplarının fəallığı daha da artırılmalıdır.

Daha sonra iqtisadi əlaqələrin inkişafı ilə bağlı bir sıra digər məsələlərə toxunan Spiker qeyd etdi ki, gündən-günə inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyi sistemində xüsusi rol oynayır. Azərbaycan "NABUCCO" qaz layihəsini dəstəkləyir və Avstriyanın da bu layihəyə dəstəyini və onun həyata keçirilməsində yaxından iştirakını yüksək qiymətləndirir.

Görüşdən məmnun qaldığını bildirən Silvia Mayer-Kaybiç Avstriya Respublikası parlamenti Milli Şurası Sədrinin salamlarını Spiker Oqtay Əsədova çatdırdı. Ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu söylədi. Qeyd etdi ki, Azərbaycanda tarazlaşdırılmış xarici siyasət konsepsiyası mövcuddur. Bunu enerji sahəsinə də aid etmək olar.

Görüşdə Azərbaycanda keçirilən seçkilərlə bağlı bir sıra məsələlərə də toxunuldu. Səfir qeyd etdi ki, bir sıra beynəlxalq təşkilatların və ekspertlərin rəyinə görə, həqiqətən də, Azərbaycanda keçirilən seçkilərdə xüsusi irəliləyişlər var. O, ümidvar olduğunu bilirdi ki, bu ilin noyabr ayında keçiriləcək parlament seçkiləri də obyektiv olacaq və Azərbaycanda demokratiyanın növbəti təntənəsinə çevriləcək.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemionun həlli yolları, Azərbaycanın Avropaya inteqrasiyası, ölkəmizdə demokratik dəyərlərin inkişafı, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Milli Məclisin

mətbuat xidməti

 

Azərbaycan.- 2010.-  6 avqust.- S. 1.