Litva Azərbaycanla əlaqələrinin genişləndirilməsində maraqlıdır

 

Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin Xarici əlaqələr komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri avqustun 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdülər.

Qonaqları salamlayan komitənin sədri Səməd Seyidov onlara Azərbaycan parlamentinin tarixi, fəaliyyəti, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan və Litva respublikaları və onların xalqları arasında çox yaxşı dostluq münasibətləri var. Hər iki ölkənin deputatları beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu da bizim dostluq əlaqələrimizin inkişafında mühüm rol oynayır.

Görüş üçün təşəkkürünü bildirən Arunas Valinskas dedi ki, səfərin məqsədi ölkələrimiz, xalqlarımız, eləcə də parlamentlərimiz arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaqdır. Litva Azərbaycanla siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin daha da genişləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.

 

***

 

 Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin Xarici əlaqələr komitəsinin Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə Bakıda səfərdə olan nümayəndə heyətinin üzvləri avqustun 16-da Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşdülər. Qonaqları salamlayan komitənin sədri Əli Hüseynov dedi ki, Azərbaycan parlamenti Avropanın əksər ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir. Litva ilə əlaqələrimiz isə xüsusi səciyyə daşıyır. Biz "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində, eləcə də qanunvericlik bazasının təkmilləşdirilməsi, Avropaya inteqrasiya sahəsində olduqca səmərəli əməkdaşlıq edirik.

Əli Hüseynov bildirdi ki, iki dövlətin başçılarının, parlament rəhbərlərinin, hökumət üzvlərinin, deputatların qarşılıqlı səfərləri, görüşləri Azərbaycanla Litva arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün möhkəm hüquqi baza yaradıb. İstərdik ki, əməkdaşlıq qeyri-hökumət təşkilatları, siyasi partiyalar arasında da inkişaf etdirilsin.

Görüş üçün təşəkkürünü bildirən Arunas Valinskas dedi ki, parlamentlərimiz səmərəli əməkdaşlıq edir. Biz əməkdaşlığımızın daha da genişlənməsinin tərəfdarıyıq və Bakıya səfərin əsas məqsədi də bununla əlaqədar fikir mübadiləsi aparmaqdır. Azərbaycan sürətlə inkişaf edir, bu diqqətdən kənarda qala bilməz. Biz Azərbaycanın Avropaya inteqrasiyasının sürətlənməsinə hər cür kömək göstərməyə hazırıq.

Görüşdə hökumət, parlament, qeyri-hökumət təşkilatları nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycanın Şengen zonasına daxil edilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

***

 

Avqustun 16-da Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin xarici əlaqlər komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. İki ölkə arasında diplomatik sahədə münasibətlərin dinamik inkişaf etdiyini bildirən akademik Ziyad Səmədzadə Azərbaycanın iqtisadi inkişafından söz açmışdır. Bildirmişdir ki, ölkələrimiz çətin proseslərdən keçərək müstəqilliklərini bərpa etmişlər. Bu gün həm Azərbaycan, həm də Litva dünya miqyasında dinamik inkişaf edən ölkələr kimi xarakterizə olunurlar.

Z.Səmədzadə daha sonra demişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır. Ölkəmiz karbohidrogen ehtiyatlarını Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas neftqaz ixrac kəmərləri ilə Qərb bazarlarına çatdırır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşPrezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmiz qlobal maliyyə böhranının mənfi təsirlərini minimal həddə endirmişdir. Həyata keçirilən qabaqlayıcı tədbirlər, qeyri-neft sektorunun inkişafı, sahibkarlara dövlət tərəfindən göstərilən dəstək, onlara verilən güzəştli kreditlər və digər bu kimi addımlar iqtisadiyyatın davamlı artımını təmin etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Səmədzadə hazırda BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüquq normalarına zidd olaraq torpaqlarımızın hələ də işğal altında saxlandığını, bir milyondan artıq insanın öz doğma yurd-yuvalarından didərgin düşdüyünü bildirmişdir.

Arunas Valinskas ətraflı məlumata görə minnətdarlıq etmişdemişdir ki, həqiqətən də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçmişbu sahədə uğurlarını davam etdirir. İki ölkə arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edən qonaq əlaqələrin daha geniş miqyas alması üçün Azərbaycan və Litvanın geniş potensiala malik olduğunu diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2010.- 17 avqust.- S. 4.