Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşmüşdür

 

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 17-də onun üçün ayrılmış iqamətgahda Baş nazir Artur Rasizadəni qəbul etmişdir.

Türkiyə Prezidenti Abdullah Gül qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu, Azərbaycanın sürətli inkişafından məmnunluğunu bildirərək ikitərəfli münasibətlərin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etdiyini söyləmişdir. Bu münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.

Görüşdə Qafqazın sabitliyi və təhlükəsizliyi üçün Türkiyənin həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilmişdir. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini, ölkəsinin bu məsələdə daim Azərbaycanın yanında olduğunu vurğulamışdır.

Baş nazir Artur Rasizadə əmin olduğunu bildirmişdir ki, Türkiyə Prezidentinin bu səfəri hər iki ölkənin xalqlarının rifahı naminə qarşılıqlı faydalı işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edəcəkdir.

Qeyd olunmuşdur ki, səfər nəticəsində əldə edilmiş razılaşmalar Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin daha da inkişafı üçün çox mühüm rol oynayacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 avqust.- S. 2.