Litva Azərbaycanla əlaqələrini genişləndirmək istəyir

 

Avqustun 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Litva Respublikası Milli Dirçəliş Partiyasının sədri, Litva Seyminin Xarici əlaqlər komitəsinin və Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Arunas Valinskasın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Oqtay Əsədov dedi ki, Azərbaycanla Litva arasında qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf edir. Bu işdə dövlətlərimizin başçılarının, hökumət və parlament rəhbərlərinin keçirdikləri görüşlər, aparılan danışıqlar mühüm rol oynayır. Bu səfər parlamentlərimiz arasında münasibətlərin genişlənməsinə də yeni töhfə verəcək.

Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi ki, Milli Məclis bir çox Avropa ölkələrinin parlamentləri ilə sıx əməkdaşlıq edir. Litva ilə əlaqələrimiz isə xüsusi səciyyə daşıyır. Azərbaycan qanunlarının Avropa standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsi baxımından parlamentlərimizin aparatlarının əməkdaşları qarşılıqlı təcrübə keçirlər. Parlamentlərimizdəki dostluq qrupları da əlaqələrimizin inkişafında mühüm rol oynayırlar. İstərdik ki, parlamentlərarası əməkdaşlığımız daha da inkişaf etdirilsin.

Ölkəmizin Avratlantik məkana inteqrasiyasından danışan Oqtay Əsədov Litvanın bu istiqamətdə təcrübəsinin xüsusi əhəmiyyət kəsb etdiyini dedi.

Görüş üçün təşəkkürünü bildirən Arunas Valinskas Azərbaycana səfər etməkdən məmnun qaldıqlarını söylədi. Onun sözlərinə görə, iki ölkənin deputatlarının, parlament aparatlarının nümayəndələrinin "Tvinninq" layihəsi çərçivəsində əməkdaşlığı böyük səmərə verəcək. Biz münasibətlərimizin daha da genişlənməsinin tərəfdarıyıq və Bakıya səfərin əsas məqsədi də bununla əlaqədar fikir mübadiləsi aparmaqdır. Azərbaycan iqtisadi cəhətdən də sürətlə inkişaf edir. Biz Azərbaycanın Avropaya inteqrasiyasına hər cür kömək göstərməyə hazırıq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.- 18 avqust.- S. 3.