Sərhədlərimizin milli qüvvələr tərəfindən qorunması dövlətimizin müstəqilliyini göstərən əsas amillərdəndir

 

"Azərbaycan sərhədləri lazımi səviyyədə qorunurbundan sonra da görüləcək işlər imkan verəcək ki, sərhədlərimiz ən etibarlı şəkildə qorunsun".

 

İlham ƏLİYEV

 

Şərqin və türk dünyasının ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra hökumətin həllinə başladığı strateji əhəmiyyətli məsələlərdən biri də ölkənin sərhədləri ilə bağlı olmuşdur. Sərhədlərin mühafizəsini dövlətin yaşaması üçün mühüm amil hesab edən milli hökumət bu vəzifəni ön plana çəkmiş və bir sıra qərarlar vermişdir. 1918-ci il iyun ayının 22-də Fətəli Xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında sərhəd postunun yaradılması barədə tapşırıq verilmiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır.

İyulun 12-də Qazax qəzasında Salahlı və Şıxlı sərhəd postları təşkil edilmiş, 1919-cu ilin avqust ayının 18-də parlament "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul etmişdir. Həmin qanunun 1-ci maddəsində göstərilirdi ki, ölkənin sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədi ilə Azərbaycanın sərhədəri boyu ümumi sayı 992 mühafizəçidən ibarət 99 post yaradılsın. Həmin qanunun 3-cü maddəsində deyilirdi: "Sərhəd mühafizəsinin bütün təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini respublika Gömrük İdarəsi ilə razılaşdırmaq üçün mərkəzi orqan kimi Maliyyə Nazirliyi dəftərxanasında, bu maddəyə əlavədə göstərilmiş vəzifələri olan Xüsusi Sərhəd Mühafizəsi təsis edilsin".

Bu, Azərbaycan Respublikasında Sərhəd Qoşunlarının yaradılması haqqında ilk qanunvericilik aktı olmuşdur. Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə sərhəd məsələsi diqqət mərkəzində olsa da, sonadək həllini tapmamışdır. Suverenlik qazanmış hər üç Qafqaz respublikası arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında məsələ hələ 1918-ci il iyunun 4-də bağlanan "Osmanlı İmperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi"ndə əks olunsa da, Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlubiyyəti bu müqavilənin həyata keçməsinə imkan verməmişdir. Həmin müqaviləyə əsasən, Osmanlı İmperatorluğu ilə Qafqaz respublikaları arasında, o cümlədən Qafqaz respublikalarının bir-biri ilə dövlət sərhədləri müəyyənləşməli idi. Respublikalar arasında sərhədlərin müəyyənləşdirilməsi sahəsində ilk addım Azərbaycanla Gürcüstan arasında atılmışdır. Avqust ayının 21-də mübahisəli məsələləri həll etmək üçün gürcü tərəfi arbitraj komissiyası yaratmışdır. Lakin Ermənistanın qonşu respublikalara, İrəvan quberniyası, Qars ərazisi, Gəncə və Tiflis quberniyalarının bir hissəsi daxil olmaqla, ərazi iddiası olduğu üçün ermənilər komissiyanın fəaliyyətinə hər vəchlə maneçilik törətməyə çalışmışlar.

Dörd bir tərəfdən aşkar xarakterli təhdidlər altında olan Azərbaycan Xalq Cümhuriyyəti bütün sərhəd məsələlərini həll etmək iqtidarında deyildi. Zaqatala və Gəncə ərazisində sərhəd postlarının yaradılması problem törətməsə də, müvəqqəti Qarabağ general-qubernatorluğu və Gəncə rayonunun müəyyən hissələrində sərhəd postlarının yaradılması mümkün olmamışdı. Bu da Ermənistanın Azərbaycana qarşı kiçik fasilələrlə apardığı işğalçı müharibədən irəli gəlmişdir.

Demokratik respublika parlamentinin qəbul etdiyi 18 avqust 1919-cu il tarixli qanunda bütün ölkəni əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev varislik prinsipinə əməl edərək milli sərhəd qoşunlarının yaranması gününün 1919-cu il 18 avqustdan hesab edilməsi barədə tarixi fərman imzalamışdır.

Sərhədlərimizdə Azərbaycan Respublikasının milli maraqlarının qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Dövlət Sərhəd Xidməti ölkədəki sürətli inkişaf proseslərinə qoşularaq geniş miqyasda işlər aparır, sərhədlərimizin mühafizəsini durmadan təkmilləşdirir. Yeni sərhəd məntəqələri tikmədən, tikinti-quruculuq işləri aparmadan ölkənin hüdudlarını mühafizə etmək çox çətin idi. Çünki sovet hökuməti dövründə Azərbaycanın yalnız cənub sərhədləri qorunurdu. Digər istiqamətlərdə isə heç bir sərhəd məntəqəsi yox idi. Sovet sərhədçilərindən qalan miras isə, demək olar ki, heç nəyə yaramırdı. Sovet sərhədçiləri ölkəmizi tərk edərkən bütün yararlı texnika və vasitələri özləri ilə aparmış, binaları, mühəndis-texniki qurğuları bərbad hala salmışdılar. Müstəqilliyimizin ilk illərində dövlət sərhədlərimiz demək olar ki, tam fiziki imkanlar hesabına mühafizə olunurdu. Sərhədçilərimiz bir çox hallarda çadırlarda və ya uyğunlaşdırılmış binalarda yaşayır, məişət şəraitinin çox aşağı olduğu bir vəziyyətdə xidmət edirdilər. Texniki imkanlar çox məhdud idi, kəskin kadr çatışmazlığı hökm sürürdü. Digər tərəfdən isə müstəqilliyimizi istəməyən bəzi qüvvələr belə bir fikir irəli sürürdülər ki, Azərbaycan öz sərhədlərini milli sərhədçiləri vasitəsi ilə mühafizə etmək imkanında deyil. Bəzən Azərbaycana sərhədləri müştərək mühafizə etmək təklifi də verilirdi. Lakin bu çətinliklər sərhədçilərimizi qorxutmur, onların əzmkarlığına mənfi təsir etmirdi. Sərhədlərimizin milli qüvvələrimiz hesabına qorunmasının müstəqilliyimiz üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bütün sərhədçilər dərindən dərk edirdi. Hamıya aydın idi ki, mövcud çatışmazlıqları aradan qaldırmaq üçün həm böyük vəsait və təşkilatçılıq, həm də vaxt tələb olunur. Müstəqilliyin ilk illərində hakimiyyət zəif və səriştəsiz, büdcəmiz isə boş idi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra vəziyyət dəyişdi, ölkə iqtisadiyyatı tənəzzüldən inkişaf yoluna çıxarıldı. Digər sahələrdə olduğu kimi, sərhədlərimizin mühafizəsində də ciddi dönüş yarandı. Sərhədlərin mühafizəsi işinə dərindən bələd olan ulu öndər Azərbaycanın sərhəd siyasətini formalaşdırdı, sərhəd strategiyasını müəyyənləşdirdi. Ölkəmizin bütün sərhədləri boyu tikinti-quruculuq işləri aparıldı, yeni sərhəd zastavaları, dəstələri, məntəqələri yaradılmağa başlanıldı.

Qürur hissi ilə deyə bilərik ki, bu proseslər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə son illərdə vətənimizin iqtisadi, sosial, siyasi həyatında, dövlətimizin idarəetmə sistemində çox ciddi dəyişikliklər baş verdiyi kimi, Dövlət Sərhəd Xidmətində də böyük inkişafa nail olunmuşdur. Yeni sərhəd məntəqələrinin yaradılması, Sərhəd Qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədlərimizin mühafizəsi işinin durmadan təkmilləşdirilməsi və digər vacib məsələlər böyük məsuliyyətlə həll edilir. Respublikamızın sərhədləri boyunca və ölkə daxilində Dövlət Sərhəd Xidmətinin tikdirdiyi binaların sayı artıq minlərlə ölçülür. İndi ölkəmizdə güclü sərhəd infrastrukturu yaradılmış, maddi-texniki baza yüksək dərəcədə möhkəmləndirilmiş, mühafizə və idarəetmə sistemi xeyli təkmilləşdirilmiş, sərhədçilər üçün lazımi xidmət və məişət şəraiti yaradılmışdır.

Ölkə sərhədçiləri bu günlər böyük coşqu, fərəh və qürur içərisindədir. Bu ilin ötən dövrü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin üç dəfə sərhədçilərlə görüşməsi, aprel ayının 29-da Göytəpə Sərhəd Dəstəsinin qarnizonunun, avqust ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimlərində iştirak etməsi, avqust ayının 12-də isə Xudat Sərhəd Dəstəsində yeni inşa edilmiş Yuxarı Zeyxur sərhəd zastavasında olması hər bir sərhədçinin qəlbində fərəh hissi yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilərlə hər bir görüşü əlamətdar hadisədir, ölkəmizin sərhəd mühafizəsi tarixinin parlaq səhifəsidir.

İndi sərhəd məntəqələrində səyyar radiolokasiya sistemləri tətbiq olunur, sərhəd zastavalarının kompleks texniki vasitələri vahid avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir. Sərhəd zastavalarının daxili təhlükəsizliyinin təmin edilməsi üçün texniki vasitələr kompleksininçevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri, həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilir, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə imkanlarına malik vahid elektron informasiya sisteminin yaradılması prosesləri gedir.

Ölkəmizin regional əməkdaşlıq istiqamətində, Avropa dəyərlərinin milli maraqlarımıza uyğun formada tətbiqi sayəsində uğurlar qazanması Dövlət Sərhəd Xidmətinin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmişdir. Dövlət Sərhəd Xidməti NATO, Avropa İttifaqı, GUAM, ATƏT, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans, BMT kimi beynəlxalq təşkilatlarla, həmsərhəd dost ölkələrlə və MDB dövlətləri ilə yanaşı, Amerika, inkişaf etmiş AvropaAsiya ölkələrinin sərhəd xidmətləri və müvafiq qurumları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri yaratmışdır.

Dost həmsərhəd ölkələrlə də ikitərəfli əlaqələr uğurla inkişaf etdirilir. Gürcüstan sərhəd xidməti ilə qarşılıqlı anlaşmamehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələri mövcuddur. Türkiyə Respublikasının Silahlı Qüvvələri ilə təlim-tədris, komanda-idarəetmə mərkəzi, aviasiya və hərbi tibb, habelə çevik qüvvələrin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində əməkdaşlıq münasibətləri inkişaf edir. İran İslam Respublikası Nizam-İntizam Qüvvələrinin Sərhəd Polisi ilə münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. İki dövlət arasındakı sərhəd məsələləri barədə mütəmadi olaraq müzakirələr keçirilir. Son illərdə Azərbaycan və Rusiya sərhəd xidmətləri arasında qarşılıqlı əlaqə xeyli güclənmişdir. Ölkələrimiz arasında dövlət sərhədinin delimitasiya məsələləri həll edilməkdədir.

Xəzər dənizində transsərhəd mütəşəkkil cinayətkarlığın qarşısının alınması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, transxəzər iqtisadi layihələrin həyata keçirilməsi məqsədi ilə Rusiya, Qazaxıstan və Türkmənistanın sərhəd qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələri inkişaf edir. MDB üzvü olan dövlətlərin sərhəd xidmətləri ilə əməkdaşlıq Sərhəd Qoşunları Komandanları Şurası çərçivəsində və ikitərəfli qaydada həyata keçirilir.

Əməkdaşlıq hər zaman qarşılıqlı fayda verir. Beynəlxalq təcrübənin öyrənilməsi və xidmətdə tətbiqi istiqamətində həm Dövlət Sərhəd Xidməti faydalanır, həm də digər ölkələrin sərhəd qurumları Dövlət Sərhəd Xidmətinin təcrübəsindən istifadə edir. Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə həyata keçirilən "Azərbaycanın cənub sərhədlərində inteqrasiya edilmiş sərhəd idarəetmə modelinin yaradılması" üzrə pilot layihəsi 2009-cu ildə uğurla yekunlaşdırılmışdır. Layihə çərçivəsndə 1 milyon avro dəyərində olan, dövlət sərhədinin mühafizəsinin və sərhəd nəzarətinin təşkilində istifadə edilən müxtəlif texniki avadanlıqlar alınmış, onların quraşdırılması və tətbiqi üçün zəruri işlər görülmüş, eləcə də Dövlət Sərhəd Xidmətinın təlim-tədris bazasının imkanlarının yaxşılaşdırılması, tədris metodikasının və təlim heyətinin peşə səviyyəsinin təkmilləşdirilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş, ayrı-ayrı mövzular üzrə treninqlər təşkil olunmuşdur. Yaxud, DSX-NATO əlaqələri çərçivəsində 2010-cu ilin oktyabr ayında Bakı şəhərində sərhəd təhlükəsizliyi mövzusunda Orta Asiyaregionun digər ölkələrindən olan sərhədçilər üçün regional təlim kursunun təşkili, İraq və Əfqanıstan sərhədçilərinin Dövlət Sərhəd Xidməti bazasında təhsilə cəlb edilməsi ilə bağlı zəruri işlər görülür.

Dövlət Sərhəd Xidmətinin beynəlxalq əlaqələrinin yüksək səviyyədə qurulması möhtərəm Prezident tərəfindən yüksək qiymətləndirilmişdir. Cənab Prezident avqust ayının 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının açılış mərasimində söylədiyi nitqdə xüsusi vurğulamışdır ki, "Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında özünə layiq yerini tuta bilibdir".

Dövlət sərhədlərinə havadan nəzarət etmək üçün ulu öndər Heydər Əliyevin xüsusi göstərişinə əsasən Səngəçal hərbi aerodromu Dövlət Sərhəd Xidmətinin istifadəsinə verilmiş və 2002-ci ilin oktyabr ayının 24-də müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının tarixində ilk dəfə aviasiya dəstəsi yaradılmışdır. Aviasiya dəstəsi Dövlət Sərhəd Xidmətinin tərkibində müstəsna əhəmiyyətə malik olan bölmələrdən biridir. Dəstənin dəniz sərhədlərinin və ixrac-boru kəmərlərinin, neft platformalarının mühafizəsi, dənizdə və quruda xilasetmə tədbirlərinin həyata keçirilməsi kimi mühüm tədbirlərdə böyük rolu var. Aviasərhədçilər Dövlət Sərhəd Xidmətinin hər il keçirdiyi taktiki təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirirlər. Dövlət Sərhəd Xidmətində uğurla həyata keçirilən perspektiv inkişaf proqramına əsasən, aviasiya dəstəsinin şəxsi heyəti üçün müasir tələblərə cavab verən baza yaradılmış və zəruri avadanlıqlarla təmin edilmişdir.

Dövlət Sərhəd Xidmətinin ixtisaslı kadrlarla komplektləşdirilməsi, sərhədçilərin peşə hazırlığının artırılması istiqamətində də mühüm işlər görülmüşdür. 2007-ci ilin iyun ayının 12-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə sərəncam imzalamışdır. 2008-ci ilin sentyabr ayının 14-də Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantları Vətənə, dövlətə sədaqət andı içərək təlim və tədrisə başlamışlar. Xüsusi vurğulamaq istərdim ki, gənclər sərhədçi peşəsinə böyük maraq göstərirlər. Bunu akademiyada oxumaq istəyənlərin sayının hər il qəbul üçün nəzərdə tutulduğundan 10-15 dəfə çox olması bir daha təsdiqləyir. 2008-ci il noyabr ayının 27-də akademiyanın böyük səhra təlim mərkəzi istifadəyə verilmişdir. Həmin mərkəzdə kursantların nəzəri hərbi biliklərinin təcrübədə işlənilməsi, zəruri döyüş və əməliyyat-taktiki vərdişlərinə yiyələnməsi üçün hər bir şərait yaradılmışdır. Bakı şəhərində akademiya üçün tikilmiş binanın bayram ərəfəsində istifadəyə verilməsi də son dərəcə əlamətdar hadisədir.

Dövlət Sərhəd Xidmətinin tədris mərkəzi, gizirlər məktəbi, həmçinin Sahil Mühafizəsinin tədris mərkəzi fəaliyyət göstərir. Miqrasiya kurslarında miqrasiya sahəsində qanunvericilik, sərhəd nəzarəti üzrə normativ-hüquqi aktlar, müasir İP texnologiyalarının imkanlarından istifadə qaydaları, sərhəd keçid məntəqələrində pasport nəzarətinin həyata keçirilməsi qaydaları və xarici dillər tədris olunur. Müasir vasitələrlə və tədris proqramları ilə təchiz edilmiş təlim-tədris mərkəzlərində sərhədçi peşəsinin incəlikləri dərindən öyrədilir. Peşəkar heyətlə komplektləşdirmə prosesi uğurla davam etdirilir. Artıq sərhəd nəzarət məntəqələri və sərhəd gözətçi gəmiləri tam peşəkar heyətlə komplektləşdirilmişdir.

Sərhəd Qoşunlarının döyüş hazırlığının gücləndirilməsi daim diqqət mərkəzindədir. Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev ötən ili sərhədçilər üçün "Döyüş hazırlığının daha da yüksəldilməsi ili" elan etmişdi. Bu məqsədlə DSX-nin bütün qurumlarında xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirildi. Sərhəd Qoşunlarının mühəndis təminatı üzrə təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görüldü. Xeyli əsas və köməkçi nəzarət-iz zolaqları, mühəndis çəpəri, müşahidə qülləsi təmir olundu, Dövlət Sərhəd Xidməti Akademiyasının "Sitalçay" təlim mərkəzi poliqon avadanlıqları ilə təchiz edildi. Göytəpə və Lənkəran sərhəd dəstələrində hədəfləri qaldırıcı qurğularla təchiz olunmuş atış meydanları istifadəyə verildi. Müvafiq bölmələr ardıcıl olaraq taktiki təlimlərə cəlb olundular, çoxsaylı praktiki gecə və gündüz atışları keçirildi. Həyəcan siqnalları üzrə çoxsaylı məşqlərin keçirilməsi döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasına xeyli dərəcədə müsbət təsir göstərdi.

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. 2009-cu ildə təlimlərin sayı xeyli artırılmış, təlim tapşırıqları daha mürəkkəb və çətin şəraitdə yerinə yetirilmişdir. Dövlət Sərhəd Xidmətində təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq ötən il sentyabr ayının 23-25-də Xəzər dənizində 3 gün davam edən növbəti taktiki təlimlər, noyabr ayının 11-də Göytəpə Sərhəd Dəstəsinin xidməti ərazisində, noyabr ayının 24-də Şəmkir Sərhəd Dəstəsində, bu ilin iyun ayının 14-də Xəzər dənizində Rusiya Federasiyası FTX Sərhəd Xidməti ilə birgə, iyun ayının 24-də isə Müdafiə Nazirliyi ilə birgə keçirilən təlimlər əyani şəkildə göstərmişdir ki, Sərhəd Qoşunlarının döyüş hazırlığı yüksək səviyyədədir və sərhədçilər istənilən şəraitdə qarşıya qoyulmuş vəzifələri tam şəkildə yerinə yetirməyə qadirdirlər.

Son bir ildə sərhədlərimizin mühafizəsi istiqamətində əldə olunmuş nəticələr də uğurludur. Son bir il müddətində dövlət sərhədi və sərhəd rejim qaydalarının pozuntularında iştirakı olan 9086 nəfər saxlanılmışdır. Bunların 408 nəfəri sərhəd pozucusu olmuşdur. Tutulan sərhəd pozucularının 138 nəfəri Azərbaycandan xarici ölkələrə keçərkən, 270 nəfəri isə Azərbaycana gələrkən saxlanılmışdır. Sərhəd pozucularının 57,6 faizi Azərbaycan, 11,3 faizi İran, 7,8 faizi Gürcüstan, 6,9 faizi Banqladeş, 3,9 faizi Pakistan, 3,2 faizi Rusiya, qalanları isə Türkiyə, Əfqanıstan, Özbəkistan, Böyük Britaniya, Hollandiya, İspaniya, Suriya, Hindistan, İraq, Ukrayna, Nigeriya və Qazaxıstan vətəndaşları olmuşlar. Son bir il müddətində ümumi dəyəri təxminən 4 milyon 215 min manat məbləğində olan qaçaqmal saxlanılmışdır. Narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində 296 kiloqram 939,3 qram narkotik maddə aşkar olunaraq götürülmüşdür. Axtarışda olan 906 nəfər dövlət sərhədindən keçərkən saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür.

Sərhədlərimizin keşiyində etibarlı dayanan Dövlət Sərhəd Xidməti yaranmasının 91-ci ildönümünü ruh yüksəkliyi ilə qeyd edir, dövlət səviyyəsində fəaliyyətinə göstərilən diqqət və etimadı yüksək dəyərləndirir. Hər bir vətəndaşımız əmin olmalıdır ki, Azərbaycanın dövlət sərhədləri etibarlı əllərdədir, dövlətimizin maraq və mənafeyinin, xalqımızın təhlükəsizliyinin təmini naminə bütün zəruri tədbirlər həyata keçirilir. DSX-nin hər bir əməkdaşı bundan sonra da dövlətçilik maraqlarının keşiyində layiqincə dayanaraq ölkəmizin sərhədlərinin toxunulmazlığına qarşı yönəlmiş bütün təhdidlərə qarşı qanun müstəvisində ciddi mübarizə aparacaqlar.

 

 

Fərhad TAĞIZADƏ,

Dövlət Sərhəd Xidməti

rəisinin müavini,

general-mayor

 

Azərbaycan.- 2010.- 18 avqust.- S. 4.