Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daha da güclənir

 

Azərbaycanla Türkiyə arasında mövcud çoxşaxəli əlaqələr bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. İki xalqın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması rəsmi Ankara ilə Bakının əlaqələrinə təsir göstərən mühüm amillərdəndir. İki ölkə arasında bütün sahələrdə əlaqələr uğurla inkişaf edir, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad getdikcə güclənir.

Dövlət və hökumət başçılarının rəsmi səfərləri də ölkələrimiz arasında əməkdaşlığın genişlənməsinə mühüm təsir göstərir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır. Qarşılıqlı səfərlər zamanı hər iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması iki dövlət arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə verir.

Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət əvvəl Türkiyəyə işgüzar səfəri iki ölkə arasında əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Prezident İlham Əliyev Türkiyə Prezidenti Abdullah GülBaş nazir Rəcəb Tayyib Ərdoğanla görüşlərində ikitərəfli münasibətlərin mövcud durumu və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışdır. Dövlətimizin başçısı işgüzar səfəri zamanı həmçinin Aralıq dənizində baş vermiş məlum hadisə ilə bağlı da Türkiyəyə tam dəstəyini ifadə etmiş, hadisə zamanı Türkiyənin günahsız mülki vətəndaşlarının öldürülməsini pisləmişdir: "Biz bütün məsələlərdə Türkiyəyə həmişə dəstəyimizi əsirgəməmişik və bu günbu dəstəyi veririk. Beynəlxalq sularda mülki vətəndaşlara qarşı edilən bu qanlı hadisə, bu hücüm əleyhinə öz səsimizi ucaltmışıq. Biz bu hücumu pisləyirik. Biz Türkiyə ilə, türk xalqı ilə öz həmrəyliymizi ifadə edirik, şəhidlərin yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, ciddi araşdırmalar aparılmalıdır və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdır. Yəni, burada bizim mövqeyimiz, bir daha demək istəyirəm ki, birmənalıdır, qətidir və bizimlə Türkiyə arasında qardaşlıq münasibətlərimizə, beynəlxalq hüquqa əsaslanır".

Beləliklə, Türkiyə ilə Azərbaycan arasında tarixin sınaqlarından çıxmış dostluq telləri bu kimi məsələlərin həllində birgə mövqedən çıxış etməyi zərurətə çevirmişdir.

Ölkə başçısı İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı yüksək səviyyəli görüşlərdə mühüm regional və beynəlxalq məsələlər ətrafında da geniş müzakirələr aparılmışdır. Bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcəyi xüsusi vurğulanmış, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə dərin inam ifadə edilmişdir.

Prezident İlham Əliyev İstanbulda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısında da iştirak etmişdir. Bu təşkilat dünyada və bölgədə nüvə silahı olmayan məkanın yaradılmasına böyük əhəmiyyət verir. Bütövlükdə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhün, təhlükəsizliyin qorunması üçün əməkdaşlığı nəzərdə tutan, bununla da dünyada qlobal sülhün və etimadın əldə olunmasını qarşıya məqsəd qoyan önəmli bir tədbirdir. Xatırladaq ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü zirvə toplantısının yekununda Bəyannamə qəbul edilmişdir. Yekun Bəyannamədə dövlətlərarası münasibətlərdə ərazi bütövlüyünə və ölkələrin suverenliyinə hörmətlə yanaşılması bir daha vurğulanmışdır.

Zirvə toplantısının iştirakçıları terrorizmi yekdilliklə pislədiklərini bildirərək terror aktlarının beynəlxalq sülhə və təhlükəsizliyə təhdid olduğunu bir daha dünya birliyinin diqqətinə çatdırmışlar. Terrorizmlə beynəlxalq səviyyədə mübarizə, bu məsələdə ikili standartlara son qoyulması və BMT-nin rəhbərliyi altında terrorizmə qarşı bütün dövlətlərin birgə mübarizə aparmasının zəruriliyi xüsusi qeyd edilmişdir.

Avqustun 16-da Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri də əlamətdar hadisələrlə yadda qalmışdır. Dövlət başçılarının görüşündə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından bir daha məmnunluq ifadə edilmişdir. Yüksək səviyyədə təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan dövlət başçıları regional, beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar. Geniş tərkibdə keçirilən görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" imzalamışlar.

Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirmişdir: "Bizim dostluğumuzun, qardaşlığımızın böyük tarixi keçmişi vardr. Əsrlər boyu xalqlarımız bir yerdə, dostluq-qardaşlıq şəraitində yaşamışlar, həmişə bir-birinə dəstək olmuşlar. Bu gün ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Bu əlaqələrin xüsusi əhəmiyyəti vardır və əlaqələrimiz bütün sahələri əhatə edir. Siyasi, iqtisadi, mədəni sahələrdə - bütün sahələrdə aramızda çox ciddi birliyi, əməkdaşlıq aparılır və bütün istiqamətlərdə yaxşı nəticələr vardır.

Bu gün biz Sizinlə təkbətək görüşdə və nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyimiz görüşdə bütün bu məsələləri geniş müzakirə etdik, ikitrəfəli münasibətlərimizi bir daha təhlil etdik, gələcək fəaliyyət haqqında fikir mübadiləsi apardıq və bir daha gördük ki, münasibətlərimiz, sözün əsl mənasında, qardaşlıq xarakteri daşıyır. Bu gün imzalanmış strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə böyük tarixi əhəmyyətə malik olan bir sənəddir. Bu müqavilə gələcək fəaliyyətimizi müəyyən edirbundan sonra, onilliklər ərzində Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini müəyyən edəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül ölkələrimiz arasında münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparmışlar. Tərəflər mehriban qonşuluq münasibətlərinə, dərin tarixi, dini və mədəni ortaqlıqlara toxunmaqla yanaşı, siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd etmişlər. Hər iki ölkənin dövlət başçıları görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə də toxunmuşlar. Dövlət başçıları BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət və riayət edilməsi əsasında münaqişələrin sülh yolu ilə həlli məqsədilə fəaliyyət göstərəcəklərini bəyan etmişlər. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə BMT-nin və digər nüfuzlu qurumların müvafiq qətnamələrinin yerinə yetirilməsinə və bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinə tərəfdar olduğunu bir daha bəyan etmişdir. Münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk qrupunun təsirli və qətiyyətli addımlar atmasının vacibliyi önə çəkilmişdir.

Birgə keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Abdullah Gül bildirmişdir: "Qafqazın sabit və təhlükəsiz bir bölgə olması üçün həyata keçirilməli olan tədbirlər barədə bu gün yenə ətraflı müzakirələr apardıq. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırılması - bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müzakirə etdik. Bunu müzakirə edərək qısa müddət ərzində bu problemin həllinin zəruri olduğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının çox çətin şəraitdə yaşadığını bilirik. Əslində bütün dünya bu həqiqəti görməlidir. Uzun illərdir, 18 ildir ki, dünyada bu problemə kifayət qədər diqqət yetirilmədi. Ümid edirik ki, artıq bunun da zamanı gəlib çatmışdır və bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəkdir".

Prezident Abdullah Gülün Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə müsbət təsir göstərəcəkdir. Bu baxımdan Azərbaycan və Türkiyə respublikaları arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanması ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə yeni imkanlar yaradacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 19 avqust.- S. 1.