Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Rusiyada yanğınsöndürmə əməliyyatlarında iştirak edən heyəti Bakıya qayıtmışdır

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) iki helikopteri Rusiyada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün avqustun 4-də bu qonşu ölkəyə göndərilmişdi.

AzərTAc xəbər verir ki, FHN-in Rusiyada yanğınsöndürmə əməliyyatlarında iştirak edən 19 nəfərlik heyəti Bakıya qayıtmışdır.

Rusiyanın Ryazan vilayətində yanğınsöndürmə əməliyyatlarında iştirak edən FHN-in şəxsi heyəti "KA-32 A" və "Mİ-17-1 V" yanğınsöndürən helikopterlərində Heydər Əliyev Beynəlxalq Aeroportuna enmişdir.

Yanğınsöndürənlərin qarşılanmasında fövqəladə hallar nazirinin müavini, general-mayor Faiq Tağızadə və Rusiyanın Azərbaycandakı səfiri Vladimr Doroxiniştirak etmişlər.

Azərbaycana məxsus iki helikopter Rusiyada yanğından ən çox əziyyət çəkən vilayətlərdən biri - Ryazanda yanğının söndürülməsində iştirak etmişdir. Heyət üzvləri yanğınların söndürülməsində fəal iştirak etdiklərinə görə Rusiya hökumətinin qiymətli hədiyyələri və ölkənin Fövqəladə Hallar Nazirliyinin medalı ilə təltif edilmişlər.

Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin yanğınsöndürmə əməliyyatlarında göstərdikləri köməyə görə, azərbaycanlı yanğınsöndürənlərə təşəkkür etmişdir.

Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin rəisi, polkovnik Əşrəf Qasımov jurnalistlərə bildirmişdir ki, FHN heyəti yanğınsöndürmə əməliyyatlarına avqustun 5-də vəziyyətin gərgin olduğu Ryazan vilayətində başlamış və Azərbaycan pilotları orada yüksək fədakarlıq nümayiş etdirmişlər. Ryazanda olduqları müddətdə Azərbaycan pilotları 49 uçuş keçirmiş, bu uçuşlarda 850 tondan artıq su daşınaraq yanğın nöqtələrinə səpilmişdir.

İstər Ryazan vilayətinin rəhbərliyi, istərsə də Rusiya hökuməti Azərbaycan yanğınsöndürənlərinin işini yüksək qiymətləndirmişdir. Ryazan qubernatoru bizi yola salmağa şəxsən özü gəlmişdi. Həmçinin Rusiyanın fövqəladə hallar naziriBaş naziri bölgədə bizimlə görüşmüş və təşəkkürlərini bildirmişlər.

Əşrəf Qasımov bildirmişdir ki, avqustun 17-də Moskvada yanğınsöndürmə əməliyyatlarında iştirak etmiş xarici heyətlə görüş keçirilmişdir. Əməliyyatlarda iştirak etmiş şəxslər "Fövqəladə halların nəticələrinin aradan qaldırılmasına görə" medalı ilə təltif olunmuşdur. Rusiyanın Baş naziri Vladimir Putin də azərbaycanlı heyətə təşəkkürünü bildirmiş və 3 nəfərə hədiyyələr təqdim etmişdir.

Hava şəraiti yaxşı olduqda azərbaycanlı pilotların səhər saat 7.00-dan 21.00-dək işlədiyini deyən Əşrəf Qasımov vurğulamışdır ki, işlərimizə əsasən tüstü mane olurdu. Tüstü imkan verən kimi uçuşlara başlayırdıq. Azərbaycan heyəti əvvəllər də yanğınsöndürmə əməliyyatlarında iştirak etmələrinə baxmayaraq, Rusiyadakı şərait fərqli idi və heyət kifayət qədər təcrübə qazanmışdır.

 

 

Azərbaycan.- 2010.- 20 avqust.- S. 2.