Torpağımızın hər qarışı bir tarixdir

 

 Təkcə Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik diyarlarından biri olan Füzuli rayonunun ərazisindəki Azıx mağarası ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoymaqdadır. Bu uludan-ulu Azərbaycan torpağı minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. Ötən əsrin əvvəlində olduğu kimi, sonunda da Qarabağ torpaqlarında minilliklərin yaşıdı və şahidi maddi-mədəniyyət abidələrimiz şovinizmindaşnak siyasətinin qurbanlarına çevrildi. İlk vaxtlar "mədəni" şəkildə (keçmiş SSRİ-nin beynəlmiləlçilik bayrağı altında) həyata keçirilən bu çirkin siyasət, nəhayət, ötən əsrin 80-ci illərindən sonra açıq-aşkar, təcavüzkar formada özünü göstərdi. Məqsəd təkcə Azərbaycan ərazilərini işğal edərək etnik təmizləmə siyasəti aparmaq deyildi. Buradakı əcdadlarımızın yadigarları və tariximizin alt qatlarına məxsus maddi-mədəniyyət abidlərimizi məhv etmək, minilliklərin, əsrlərin izlərini silmək, saxtalaşdırmaq onların əsas niyyəti idi. "Böyük Ermənistan" uğrunda aparılan çirkin, şovinist siyasət Azərbaycanın, sözün əsl mənasında, dilbər guşəsi olan Qarabağın nəinki dağlıq hissəsində, onun digər ərazilərində də öz izlərini qoydu. İşğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi Ermənistan ordusunun nəzarəti altında qalan, dünyanın etnoqraflarını bu gün də heyrətdə qoyan Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.

 

Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər maili düzənlik sahələri əhatə edən, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və qonşu İran İslam Respublikası ilə həmsərhəd olan Füzulinin tarixi çox qədimdir. Elə burada da onun maddi-mədəniyyət abidələri barədə qısaca söz açmaqla fikrimizi təsdiqləmiş olarıq.

Əsası 1827-ci ildə qoyulmuş rayonun ilk adı Qarabulaq olub. 1930-cu ildə sovet hakimiyyəti bir sıra digər yaşayış məntəqələrimizin adını dəyişdirdiyi kimi, Qarabulağa da "əl gəzdirdi". Onu inkişaf etdirmək əvəzinə adı dəişdirilərək Qaryagin qoyuldu. Bu qondarma adı rayon 1959-cu ilə qədər daşımağa məcbur oldu. Əslində, Qaryaginin şəxsən kimliyi burada yaşayanların çoxuna, sadə insanlara bu gün də məlum deyil. Böyük söz ustadı, Azərbaycan ədəbiyyatının banilərindən olan Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adının dəyişdirilərək Füzuli adlandırılması təkcə füzulisevərlərin deyil, xalqımızın ürəyincə idi. Axı, qərib ellərdə məzarı qalan böyük ustadın - M.Füzulinin daha çox haqqı çatırdı ki, Qarabağ ellərindən biri onun adını daşısın. Beləliklə, 1959-cu ildə Füzuli rayonu yaradıldı. Rayonun ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, Azərbaycan torpaqları ulu, qədim tarixini öz qoynunda, sinəsində, alt qatlarında qoruyub saxlayır və dərin köklərə malikdir. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən on beş kilometr məsafədəki Azıx mağarasından tapılmışdır. Azərbaycan arxeologiya elminin nailiyyətlərindən biri olan bu abidə Qarabağın Füzuli bölgəsində Paleolit dövrünün mövcudluğunu aşkarlamış oldu. Qeyd etməyə dəyər ki, bu qədim insan məskəninin sahəsi 800 kvadratkilometrdir. Burada uzunluğu 600 metrə çatan 8 dəhliz mövcud olub. Dəhlizlərin bəzilərinin uzunluğunun 20-25 metr olması o dövr üçün möcüzə idi. Arxeoloqların gəldiyi qənaətə görə, Azıx Qafqazda indiyə kimi aşkar edilmiş mağaralardan ən böyüyü və "qoca"sıdır.

Dünya üçün maraqlı görünən Azıx mağarası füzulilər üçün isə uzun müddət vahiməli, əjdahaların və digər sehrli canlıların yaşadığı yer olub. Ona görə də bu sirri açanlardan savayı, kimsə ora girməyə cəsarət etməyib. Beləliklə, Azıx uzun müddət qapalı şəkildə qalıb. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdir ki, o, ən azı 350-400 min illik bir dövrü əhatə edir.

Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də var. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəllidə hamar daşlardan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndindəki Hacıqiyasəddin məscidi (1862-ci il), Karvansara (1864-cü il), Füzuli şəhərindəki Hacı Ələkbər məscidi (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, mədəniyyətimizin inkişafını təsdiqləyən, ulu etnikə malik olduğumuzu təsdiqləyən tutarlı faktlar olmuşdur. Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş tarixin bu daş salnaməsinin sonrakı taleyi bizə məlum deyil. Digər işğal olunmuş rayonlarımızın ərazisindəki kimi, burada da daşnak tör-töküntüləri tarixi-memarlıq abidələrinə divan tutmuş, müqəddəs ziyarətgahları yerlə-yeksan etmişlər. Bu isə torpağımızın hər daşının, qayasının külünün göyə sovrulması, yurd-yuvaların viran qoyulması, bir sözlə, ermənilərin vandalizm siyasətinin təsdiqidir.

Rayonun işğal altında qalıb talan olunan təkcə yuxarıda adları sadalanan tarixi-mədəni, memarlıq abidələri deyil. Ona görə də rayonun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində işğala məruz qalan sosial, mədəni-məişət, həmçinin kənd təsərrüfatı obyektlərinə də nəzər salmaqla düşmənin bu yerlərə vurduğu maddi və mənəvi zərbəni hesablamış olarıq. Rayonun ərazisi 1386 kv.km, əhalisi 105 min nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, 75 kənd və digər yaşayış məntəqələri var. Bu yerlərdən axan Qusarçay, Köndələnçay, Qozluçay, Çərəkan Xan Arazın hövzəsinin çayları - qollarıdır.

İşğala qədər, yəni 23 avqust 1993-cü il tarixədək rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxozsovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi.

Füzulinin işğal olunmuş digər rayonlardan fərqi bir də ondadır ki, onun bir çox yaşayış məntəqələrinin ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və birbaşa döyüş meydanlarına, səngərlərə getməsi nəticəsində düşmən tapdağından azad edilməsidir. Rayonun işğaldan azad olunmuş ərazilərində salınmış 13 qəsəbə və 20 kənd Füzuli əhalisinin doğma torpaqla ünsiyyət yerinə çevrilib. Həmin qəsəbələrdən 12-si işğaldan azad edilən ərazidə yeni salınıb və məcburi köçkün ailələri burada müvəqqəti məskunlaşıb. Hazırda burada 51 min nəfər məcburi köçkün ailəsi yerləşib.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli əhalisi doğma torpaq uğrunda çox itgi verib. Müharibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib. 1100 nəfərdən çox şəhid, yüzlərlə itkin vermiş Füzulidə bu gün 1500-ə yaxın əlil və şikəst də Qarabağın qaytarılması uğrunda hər an döyüşlərə atılmağa hazırdır və onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Axı, on yeddi il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən soraq yoxdur. Axı, Füzuliyə erməni təcavüzü nəticəsində 36361 nəfər uşaq zərər çəkib ki, onlardan da 155-i yetim qalıb.

Bəli, Füzuli rayonu da tamamilə işğala məruz qalmış rayonlarımızdan biri idi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin bir çağırışı ilə Füzulinin indi bizdə olan ərazisi işğaldan azad olunubsa, demək, təcavüzün və separatizmin qurbanlarına çevrilmiş digər rayonlarımızı da xilas edəcəyik! Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir! Bunu Azərbaycanın dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənib formalaşan ordumuzun hərtərəfli potensialı və xalqımızın mübariz ruhu deyir!

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.- 22 avqust.- S. 5.