Vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat mexanizmi

 

2002-ci il avqustun 24-də Azərbaycan Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin mütərəqqi mahiyyəti ötən dövrdə tam təsdiqini tapmışdır

 

Hər bir dövlətdə ali hüquqi sənəd kimi yüksək təsir qüvvəsinə malik olan Konstitusiya ictimai münasibətləri sivil şəkildə tənzimləyən, dövlətlə vətəndaş arasında qarşılıqlı məsuliyyət və vəzifələri müəyyənləşdirən təkmil hüquqi mexanizm kimi xarakterizə edilir.

Bu nöqteyi-nəzərdən cəmiyyətin inkişaf tempi, baş verən yeniliklərin pozitiv xarakteri, vətəndaşların hüquqisiyasi düşüncə tərzinin kamilləşməsi qanunların, o cümlədən Konstitusiyanın daha da təkmilləşdirilməsini, müasirləşdirilməsini obyektiv reallıq kimi gündəliyə gətirir. Hər bir qanun kimi Konstitusiyanın da zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, yeniliklərə adekvat reaksiya verməsi son dərəcə vacibdir.

Demokratikləşmə prosesinin sonuson imkanları görünmədiyi kimi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatı ilə bağlı islahatları da konktet çərçivəyə salmaq, bu sahədə əldə edilmiş nailiyyətlərlə məhdudlaşmaq mümkün deyildir. Demokratiya sahəsində həlledici uğurlara imza atmış dövlətlərə nisbətən iqtisadi cəhətdən inkişaf etməkdə olan ölkələrdə insan hüquq və azadlıqlarının daha dolğun və hərtərəfli təminatı ilə bağlı olaraq zaman-zaman Konstitusiyanın təkmilləşdirilməsi zərurəti meydana çıxır.

Sosial-iqtisadi inkişafın yeni mərhələsi ilə əlaqədar ictimai münasibətlərin inkişafı, liberallaşmaya xidmət edən hüquqi-siyasi islahatların sürətlənməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində daha inamlı addımların atılması, habelə Azərbaycanın Avratlantik strukturlara inteqrasiya prosesinin sürətlənməsi hələ 2002-ci ilin 24 avqustunda Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi zəruriliyini meydana çıxarmışdı. O zaman Konstitusiyaya ümumxalq referendumu əsasında edilmiş prinsipial dəyişikliklər proporsional seçki sisteminin ləğvini, fövqəladə hallarda Prezident səlahiyyətlərinin Baş nazirə keçməsini, eləcə də Prezident seçkilərinin nəticələrinin sadə səs çoxluğu prinsipi ilə hesablanmasını, habelə hökumətin Milli Məclis qarşısında illik hesabatla çıxış etməsini, siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsini, alternativ hərbi xidmət növünün formalaşdırılmasını, Respublika ProkurorluğunaAli Məhkəməyə qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinin verilməsini, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılmasını nəzərdə tuturdu.

Bu dəyişikliklər mahiyyət etibarilə insan və vətəndaş hüquq-azadlıqlarının konstitusion təminatını gücləndirməyə xidmət etməklə yanaşı, eyni zamanda hakimiyyət qolları arasında hüquqi tarazlığın təmin olunmasına yönəlmişdi. Məsələn, dəyişikliklərdən əvvəl Əsas Qanunun 105-ci maddəsi Azərbaycan Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə onun səlahiyyətlərinin Milli Məclisin sədrinə keçməsini nəzərdə tuturdu. Konstitusiyaya edilmiş dəyişikliyə görə fövqəladə hallarda prezidentin səlahiyyətlərinin Baş nazirə keçməsi hakimiyyət bölgüsü prinsipi baxımından daha düzgün idi. Çünki həm Prezident, həm də Baş nazir icraedici hakimiyyətin nümayəndələri olduğundan, birincinin hansısa səbəbdən öz vəzifəsini icra edə bilməməsi halında səlahiyyətlərinin icraedici hakimiyyətin digər nümayəndəsinə verilməsi məntiqidir. Bu qanunauyğunluq həm də hakimiyyət bölgüsü haqqında nəzəriyyələrin diqtə etdiyi tələblərdən irəli gəlir. Hakimiyyətin icraedici, qanunverici və məhkəmə orqanları arasında bərabər surətdə bölünməsi prinsipinin qorunub saxlanılması demokratik dövlətin əsas atributlarından hesab olunur. Milli Məclis rəhbərinin həm qanunverici, həm də icraedici hakimiyyətin səlahiyyətlərini müvəqqəti də olsa, öz əlində cəmləşdirməsi isə, istər-istəməz hakimiyyətin iki qanadı arasında tənzimləmə prosesini çətinləşdirirdi. Təsadüfi deyildir ki, həmin dəyişikliklər istər Azərbaycan cəmiyyətində, istərsə də beynəlxalq səviyyədə dəstəklənərək zamanın tələbindən irəli gələn müsbət dəyişikliklər kimi xarakterizə edilmişdir.

Azərbaycanın demokratikləşməsi və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması yolunda keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2009-cu ilin 18 mart referendumunun da əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Ölkənin ali hüquqi sənədinə - Konstitusiyasına əlavə və dəyişikliklərə ictimai münasibəti öyrənən ümumxalq səsverməsi ümumən xalqımızın demokratikləşməyə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan mütərəqqi hüquqi islahatları dəstəklədiyini bir daha təsdiqləmişdir. Azərbaycanda sosial-iqtisadi inkişafa paralel şəkildə hüquqisiyasi islahatların da genişləndirilməsinə təminat yaradan bu referendum həm də xalqın mövcud hakimiyyətə olan inamının bariz təcəssümü kimi diqqəti çəkmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müsbət rəyi, Milli Məclisin qərarı ilə qəbul edilmiş Referendum Aktı layihəsində əksini tapmış 29 əlavə və dəyişikliyin hər biri mütərəqqi xarakteri ilə Əsas Qanunda insan və vətəndaş hüquq-azadlıqlarına əlavə təminat yaratmaq, bu sahədə mövcud bəzi qanunlara, normativ-hüquqi aktlara konstitusion status vermək məqsədi daşımışdır.

Müasir dünyada hər hansı dövləti və onun qanunvericilik sistemini beynəlxalq hüquqdan təcrid edilmiş şəkildə təsəvvür etmək mümkün deyildir. Beynəlxalq hüquq normaları, habelə inkişaf etmiş ölkələrin təcrübəsində özünü doğrultmuş hüquqi prosedurqaydalar əksər dövlətlərin qanunvericilik yaradıcılığı prosesində nəzərə alınaraq geniş tətbiq olunur. Beynəlxalq inteqrasiya prosesləri, ikitərəfli və çoxtərəfli müqavilələrin iştirakçısı olan ölkələrin həmin müqavilələrlə təsis edilən dövlətüstü orqanlarının yurisdiksiyasını qəbul etməsi də milli qanunvericilik sistemlərinin inkişafına, təkmilləşdirilməsinə və dəyişdirilməsinə təkan verir. Bu məsələdə hər bir ölkənin milli hüquq sisteminin əsasını təşkil edən konstitusiyalar da istisnalıq təşkil etmir. Bu, xüsusən də hüquq sistemində köklü dəyişikliklər aparılan, yeni müstəqillik əldə edən dövlətlər üçün səciyyəvi haldır. Konstitusiyaya əlavə və dəyişikliklər bu mənada həm də Azərbaycanın insan hüquqları sahəsində qəbul etdiyi qanunlaranormativ-hüquqi aktlara konstitusion status yaratmaq məqsədindən irəli gəlmişdir. Respublikamız insan hüquqları ilə bağlı 150-dək beynəlxalq müqavilənin iştirakçısı olmaqla bərabər, bu sahədə formalaşmış nüfuzlu təsisatlara dövri hesabatlar təqdim edir. Bu baxımdan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əməkdaşlığın dərinləşdirilməsi, bu məhkəmənin presedent hüququnun öyrənilməsi də vacib istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanının 6-cı bəndində Azərbaycan Respublikasının Ali Məhkəməsinə, o cümlədən Apelyasiya Məhkəməsinə Avropa presedent hüququnu öyrənmək və təcrübədə tətbiq etmək tövsiyə edilmişdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamının mühüm müddəalarından birimilli qanunvericiliyin beynəlxalq hüquqi aktlara uyğun daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə islahatlara milli qanunvericiliyin əsası olan Konstitusiyadan başlanılması isə tamamilə məntiqəuyğun idi.

Ölkə ictimaiyyəti ötən müddətdə əmin olmuşdur ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklərin böyük qismi məhz vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsinə, qanuni mənafeyinin səmərəli təmin olunmasına yönəlmişdir. Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər həm də dövlətin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini təsdiqləyir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.-24  avqust.- S. 1, 3.