Türkiyə prinsipiallıq və qətiyyətlilik nümayiş etdirməlidir

 

Qardaş ölkənin işğalçı Ermənistanla sərhədlərini müvəqqəti olsa belə açması, Türkiyə və Azərbaycanın maraqlarına tamamilə ziddir

 

NATO-nun Ermənistanda sentyabrın 11-dən 17-dək keçirilməsi nəzərdə tutulan təlimləri ilə əlaqədar Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti açılacağı ilə bağlı məlumatların yayılması həm qardaş ölkənin, həm də Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olmuşdur. İki xalqın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması ölkələrimiz arasında bütün sahələrdə əlaqələrə təsir göstərən mühüm amillərdən biridir. Belə olan haldaiki ölkə arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi bir vaxtda Türkiyənin işğalçı Ermənistan dövləti ilə sərhədləri açacağı ilə bağlı informasiyaların yayılması dost, qardaş ölkələrdə ən müxtəlif səviyyələrdə narazılıqla qarşılanmışdır.

Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti olsa belə açılacağı ilə bağlı məsələnin hətta müzakirə olunması, iki qardaş ölkə arasında uzun illər formalaşmış strateji müttəfiqlik münasibətlərində mənəvi-psixoloji tərəddüdlərə rəvac verir. Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanda rəsmi səfərdə olmuşdur. Dövlət başçılarının görüşündə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq bir daha ifadə edilmişdir. Geniş tərkibdə keçirilən görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə" imzalamışlar. Maraqlı məqamsa odur ki, bundan sonra Türkiyə Prezidenti işğalçı dövlətlə NATO təlimləri çərçivəsində sərhədlərin açılacağı ilə bağlı verilən sualı cavablandırmaqdan yayınmışdı. Sonradan da Türkiyə rəsmi dairələri işğalçı Ermənistanla sərhədlərin müvəqqəti olsa belə açılacağı ilə bağlı məsələdə konkret mövqe ortaya qoymamışlar. Bütün bunlar isə ciddi suallara yol açır. Qardaş ölkə işğalçı Ermənistanla sərhədləri açarsa, bu Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir göstərə bilər? Ciddi sınaq qarşısında olan qardaş Türkiyə dövləti hansı addımı atacaq? Bu məsələyə aydınlıq gətirmək üçün deputatlara müraciət etdik.

Milli Məclisin deputatı Aydın Mirzəzadə: "İşğalçı Ermənistanla sərhədlərin açılması ilk növbədə Türkiyə Respublikasının maraqlarına uyğun deyil. Türkiyə rəsmiləri ən yüksək səviyyədə Azərbaycanın işğal edilmiş bütün torpaqlarından Ermənistan qoşunları çıxarılmayanadək Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını bəyan etmişlər. Bu bəyanatlar Türkiyə ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətlərinin olduğunu göstərir. Bir müddət əvvəl Türkiyə Prezidenti Abdullah Gül Azərbaycanda rəsmi səfərdə olmuşdu. Səfər zamanı iki ölkə prezidentləri strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzaladılar. Bu isə faktiki mövcud olan münasibətlərin strateji əməkdaşlıq səviyyəsində olduğunu göstərdi. Bütün bunlardan sonra sərhədlər hətta bir saatlığa belə açılarsa, Türkiyə özünün ciddi bir dövlət kimi nüfuzuna böyük zərbə vurmuş olar. Türkiyə rəsmi dairələrinin verdiyi bəyanatlar, aparılan siyasət real fəaliyyətlə ziddiyyət təşkil edərsə bu, qardaş dövlətin nüfuzuna ciddi xələl gətirəcək. Digər tərəfdən buna yol verilərsə, sabahkı gün Türkiyə tərəfindən digər formada da addımların atılması mümkündür. Həmçinin belə bir addım atılacaqsa, Azərbaycan cəmiyyətində Türkiyənin müttəfiq, strateji tərəfdaş kimi statusuna ictimai inamsızlıq yaranacaq. Türkiyənin özünə yaxın dost, qardaş saydığı Azərbaycanı daima ona düşmənçilik edən Ermənistan dövlətinə dəyişməsi onun daxilixarici siyasətinə ciddi təsir göstərir. Sərhədlərin açılması ilk növbədə, Türkiyənin özünə böyük zərbə olar.

Şübhəsiz ki, Ermənistanı müdafiə edən beynəlxalq dairələr zəif həlqələr axtarmağa çalışırlar. Onlar bu zəif həlqəni Türkiyənin müəyyən dairələrinin qeyri-müəyyən siyasətində tapa bilirlər. Ermənistan nəinki

NATO, eləcə də bütün dünya üçün son dərəcə maraqsız bir ölkədir. Heç bir perspektivi olmayan, bütün strateji layihələrdən özünü təcrid edən, regionda, eləcə də dünyada gedən inkişaf proseslərindən kənarda qalan Ermənistanda NATO-nun kifayət qədər maliyyə tutumu olan təlimlər keçirməsi başa düşülən deyil. Həmçinin Türkiyəni də bu işə qoşaraq özünün qaranlıq siyasətinə yardımçı axtarması heçuğurlu bir addım deyil. Çox istərdik ki, Türkiyə bütün hallarda olduğu kimi, bu məsələdə də qoyulan suallara konkret və birmənalı cavab versin. Bundan sonra müəyyən beynəlxalq siyasi dairələr birmənalı şəkildə bilərlər ki, Türkiyə verdiyi sözə sədaqətlidir, müttəfiqi olan Azərbaycanı heç zaman yarı yolda qoymayacaq.

Hesab edirəm ki, indiki məqamda Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı məsələnin gündəmə gətirilməsi əsassız deyil. Söhbət Türkiyəni bir daha yoxlamaqdan gedir. Mən şəxsən inanmıram ki, Türkiyə müvəqqəti də olsa, Ermənistanla sərhədlərini açacaq. Hər halda Türkiyə hakimiyyəti, ölkədəki ciddi siyasi dairələr bu addımın nələrə gətirib çıxaracağını çox yaxşı başa düşürlər. Bununla yanaşı Türkiyəni sınaqdan keçirmək istəyən qüvvələr də var. Ancaq bu qüvvələrin cavabı müəyyən təlatümlərdən, tərəddüdlərdən sonra deyil, elə başlanğıcda verilsə daha yaxşı olardı".

Milli Məclisin deputatı Elman Məmmədov: "Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılması bütün hallarda qəbul edilə bilməz. Ötən illər ərzində bir neçə dəfə sərhədlərin açılması məsələsi gündəmə gətirilib. Mən bu məsələyə münasibət bildirmişəm. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən bir sıra yüksək səviyyəli görüşlər keçirdi, o cümlədən də Milli Məclisdə oldu. Türkiyənin Baş naziri Milli Məclisdə belə bir ifadə işlətmişdi ki, bu gün Türkiyədə 70 min Ermənistan vətəndaşı yaşayır və müxtəlif sahələrdə çalışaraq çörək pulu qazanırlar. Məntiqlə fikirləşsək belə bir nəticəyə gəlmək mümkündür ki, əgər iki ölkə arasında diplomatik əlaqələr yoxdursa, 70 min Ermənistan vətəndaşı qeyri-qanuni olaraq Türkiyədə necə yaşaya bilər. Qeyd edim ki, Türkiyədə bir aydan artıq xarici ölkə vətəndaşı yaşayırsa, həmin an onu qeyri-leqal miqrant kimi ölkədən deportasiya edərlər. Ermənistan vətəndaşlarının bu sayda Türkiyə ərazisində normal işləməsi son dərəcə maraqlı görünür. Bir məsələni də bildirim ki, həftədə dörd dəfə İstanbuldan Yerevana və əks istiqamətə təyyarələr uçur. Erməni mənşəli türk sahibkarlar Ermənistanda böyük bizneslə məşğul olurlar. Türkiyə-Ermənsitan sərhədlərinin müvəqqəti də olsa açılması istər NATO təlimləri çərçivəsində olsun, istərsə də digər beynəlxalq təşkilatın tədbiri olsun, bunu bəhanə gətirərək yanlış addımın atılması düzgün deyil. Sərhədlərin açılması Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlığa, əməkdaşlığa xələl gətirən məsələdir. Bu addımın atılması boğulan Ermənistana dəstək verilməsi kimibaşa düşülə bilər.

Hesab edirəm ki, bu gün dünyanın idarə olunmasında söz sahibi olan dövlətlərin Türkiyəyə təzyiqinin nəticəsidir ki, qardaş ölkənin daxilixarici siyasətində bir çaşqınlıq yaranıb. Əlbəttə ki, nə qədər təzyiqlər göstərilsə də, Türkiyə cavab verməlidir. Çünki o, cırtdan dövlət deyil. Dünya siyasətində xüsusi çəkisi, mövqeyi olan böyük dövlətlərdən biridir. Türkiyə dövləti hər hansı bir təzyiqin qarşısında aciz qalıb hansısa tərəfə güzəştə getməməlidir. Rusiya Ermənistanla tərəfdaşlıq haqqında müqavilə imzaladı. Konkret olaraq mövqeyini ortaya qoydu ki, Rusiya ordusu yalnız öz dövləti mənafelərini deyil, eyni zamanda Ermənistanın da təhlükəsizliyini qoruyacaq. Türkiyə də birmənalı olaraq öz mövqeyini bildirməlidir ki, Azərbaycanın yanındadır və real əməli ilə bunu sübuta yetirməlidir. İndiki məqamda Azərbaycan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək lazımdır. Düşmənə heç bir mənada güzəştə getmək olmaz".

Göründüyü kimi, Türkiyənin işğalçı Ermənistanla müvəqqəti olsa belə sərhədlərini açması birmənalı olaraq mənfi qarşılanır. Azərbaycanla strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalayan qardaş ölkənin belə bir məqamda prinsipial və qətiyyətli mövqe nümayiş etdirib etdirməyəcəyi indi böyük maraq dairəsindədir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 26 avqust.- S. 1, 4.