Azərbaycan Ordusu döyüş qüdrətini artırır

 

Silahlı Qüvvələrimiz istənilən an ölkəmizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır

 

Azərbaycan Ordusu! İndi bu ad çəkiləndə hər bir azərbaycanlı qəlbən qürur duyur, ölkəsini xarici və digər təhlükələrdən layiqincə müdafiə edəcək ordunun olmasından böyük sevinc hissi keçirir. İftixar mənbəyinə çevrilən ordumuz həm də düşmənin qorxulu kabusuna çevrilib. Çünki ərazilərimizi işğal altında saxlayan da yaxşı bilir ki, daha Azərbaycan Ordusu qarşısında duruş gətirmək iqtidarında deyil. Xarici havadarlarından hər cür kömək alsalar belə, yenə Azərbaycan Ordusunun qarşısında aciz qalacaqlarını, müharibə başlayarsa, darmadağın olacaqlarını da gözəl anlayırlar. Elə bu səbəbdəndir ki, indi düşmən güclü Azərbaycanın hərbi yolla öz ərazi bütövlüyünü bərpa etməsinə mane olmaq üçün güclü ağalarına, bütün dünyaya hər gün yalvarmaqda, onlardan kömək ummaqdadır.

Lakin dünya daha əvvəlki kimi deyil. Beynəlxalq aləmdə də yaxşı bilirlər ki, müstəqil siyasət yürüdən Azərbaycana nəyisə diktə etmək mümkün deyil. Güclü iqtisadiyyatı, sarsılmaz daxili sabitliyi, yenilməz ordusu olan Azərbaycan milli maraqlarını sonadək müdafiə etmək iqtidarındadır. Digər tərəfdən, dünya həm də Azərbaycanın təcavüzə məruz qalan, ərazisi işğal edilən ölkə olduğundan da yaxşı xəbərdardır. Elə bu səbəbdəndir ki, daha erməni yalanlarına dünyada inam, onların məkirli niyyətlərinə, məzlum görkəmdə özlərini tanıtdırmağa çalışmalarına aldananlar yoxdur. Belə vəziyyət işğalçı Ermənistanın Azərbaycan dövlətindən, onun döyüş qüdrətini hər keçən gün artıran ordusundan duyduğu qorxunu, vahiməni daha da artırır.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməyəcəyi təqdirdə beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyünü güc yolu ilə bərpa etməli olacağını ən yüksək səviyyədə bəyan edib. Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bununla bağlı bildirib: "Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Sadəcə olaraq, biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaqdır".

Bəli, Azərbaycan dövlətinin, onun başçısının düşmənə mesajı qəti və aydındır. İndi seçim Ermənistanındır: ya xoşluqla Azərbaycan ərazilərini boşaltmaq, ya da Azərbaycan Ordusunun Dağlıq Qarabağa və zəbt olunmuş digər ərazilərə edəcəyi zəfər yürüşünə hazır olmaq. Sonuncu seçimin ermənilər üçün əsl fəlakət olacağını düşmən yaxşı başa düşür. Çünki ordumuzun döyüşün taleyini həll edəcək istənilən parametr üzrə Ermənistan silahlı qüvvələrindən dəfələrlə üstün olduğunu bilir. Düşmən onu da yaxşı dərk edir ki, özünü mənəvi-psixoloji hazırlıq, döyüş ruhu, maddi-texniki təminat, şəxsi heyətin say tərkibi baxımından Azərbaycanla heç müqayisə edə bilməz. İndi Ermənistanın bütöv silahlı qüvvələri ən yaxşı halda Azərbaycan Ordusunun tərkibində olan hər hansı hərbi hissə və birləşmə ilə müqayisə oluna bilər. Ancaq burada da fərqin yenə Azərbaycanın lehinə dəyişəcəyi şübhə doğurmur.

Real şəraitdə Azərbaycan hərbi qüdrətini durmadan artırmaqda, ordusunun döyüş qabiliyyətini daha da gücləndirməkdədir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın müdafiə məqsədilə ayırdığı xərclərin miqdarı Ermənistanın ümumi dövlət büdcəsindən artıqdır. Son yeddi ildə Azərbaycanda orduya ayrılan xərclər 13 dəfədən çox olub. 2010-cu il üçün ölkəmizin ümumi hərbi xərcləri 2 milyard 150 milyon dollara çatıb ki, bu da qeyd edildiyi kimi, Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur.

İqtisadi inkişafa müvafiq qaydada hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha modern hala gətirilməsinə imkan verir. Hazırda Azərbaycan Silahlı Qüvvələri həm yerli istehsal, həm də xaricdən alınan texnika hesabına döyüş qabiliyyətini artırır. Silahlı Qüvvələrimizin ixtiyarında olan bir çox texnika növləri Ermənistan üçün əlçatmaz hesab edilir. Buna konkret misal olaraq "Smerç" tipli 300 millimetrlik reaktiv yaylım atəşi sistemini göstərmək olar. Sözügedən sistem uzaq məsafədəki hədəfləri məhv etmək, düşmənin iri bölmələrinin silahdöyüş texnikasını tələfata uğratmaq üçün ən etibarlı və müasir döyüş maşınlarındandır. 203 millimetrlik "Pion" özüyeriyən artilleriya qurğusu isə bu növdə ən güclü sistemə malikdir. 152 millimetrlik 2S3 "Akasiya", 122 millimetrlik 2S1 "Qvozdika" özüyeriyen artilleriya qurğuları düşmənin artilleriyasını, minaatanlarını, texnikasını, cəmləşmə rayonlarında yerləşən canlı qüvvəsini və idarəetmə məntəqələrini, səhra və uzunmüddətli müdafiə qurğularını dağıtmaq qabiliyyətinə malikdir. Azərbaycan Ordusunun sərəncamında olan modernləşdirilmiş T 72 M-1 tankları ən yüksək tələblərə cavab verir, qoşunların manevr imkanlarını və atəş gücünü əhəmiyyətli dərəcədə artırmağa şərait yaradır. ZTR 80-A markalı zirehli döyüş maşını motoatıcı bölmələrin daşınması, onlara döyüş meydanında atəş dəstəyinin verilməsi və bilavasitə döyüşün maşından aparılmasını təmin edir. STOR M-3 - SOFA və ABİR M-462 maşınları ərazilərdə antiterror və təxribat-kəşfiyyat qruplarına qarşı xüsusi əməliyyatlarda istifadə olunur. Uzaq məsafəli kəşfiyyat-müşahidə sistemi böyük ərazilərdə gecə və gündüz avtomatik və əl rejimində müşahidənin aparılması və dəqiq coğrafi koordinatların müəyyən edilməsi üçün təyin olunub.

Cari ilin iyunun 24-də Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi zamanı da Silahlı Qüvvələrimizin ixtiyarında olan və düşmənlə döyüşdə ciddi üstünlüklər vəd edən bir sıra hərbi texnika nümunələri nümayiş etdirildi. Burada nümayiş etdirilmiş Hərbi Hava Qüvvələrinə məxsus modernləşdirilmiş Mi-24G vertolyotu müasir şəraitdə gecə döyüş əməliyyatları zamanı əvəzedilməz vasitələrdən sayılır. Eyni sözləri radiolokasiya stansiyaları, zenit-raket briqadasının avtomatlaşdırılmış komanda məntəqələri, kompütermultimedia avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargahları, avtomatlaşdırılmış idarəetmə sistemləri kompleksi və rabitə vasitələri barədə də demək mümkündür. Ermənistandan fərqli olaraq Azərbaycan ordusunun istifadəsində daha müasir tipli təyyarələr sayılan MİQ-29 qırıcıları mövcuddur.

Silahlı Qüvvələrin texniki təminatı arasında fərq təkcə deyilənlərlə məhdudlaşmır. Ötən ilbu il Azərbaycan Ordusu üçün pilotsuz uçuş aparatları, radio-kəşfiyyat və radio-elektron mübarizə, gecə-gündüz uzaqməsafəli müşahidə, o cümlədən qoşunxüsusi təyinatlı bölmələrdə kəşfiyyatçıların fərdi gecəgörmə vasitələri, əlahiddə kəşfiyyat taborları üçün yeni texnika alınıb. Silahlı Qüvvələrin artilleriya hissə və bölmələrinin peşəkar şəxsi heyəti müasir silahtexnika, avtomatlaşdırılmış idarəetmə sistemləri, o cümlədən müasir reaktiv yaylım atəşi sistemləri ilə komplektləşdirilib. Bu isə yaxın və uzaq məsafələrdə yerləşən düşmən hədəflərinin böyük bir ərazidə məhv edilməsinə imkan verir. Keçən il istismarda olan silahlar müasir tipli optik gündüz və gecəgörmə nişangahları, müşahidə cihazları ilə təchiz edilib. Hərbi birləşmələrin zirehli texnikası üzərində modernləşdirmə işlərinin aparılması, atəşin və döyüşün müasir tipli idarəetmə sistemlərinin quraşdırılması işlərinin başa çatdırılması sayəsində maksimal uzaqlıqda yerləşən düşmən hədəflərini ordumuz hava şəraitindən asılı olmayaraq gecə və gündüz məhv etmək imkanı əldə edib.

Yeni silah sistemlərinin alınması və quraşdırılması sayəsində Silahlı Qüvvələrimiz Ermənistanın bütün ərazisində yerləşən hədəfləri məhv etməyə qadirdir. Daha bir vacib cəhət ondan ibarətdir ki, Azərbaycan həm də Hərbi Dəniz Qüvvələrinə malikdir. Bu da ölkəmizin Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısında üstünlüyünü bir daha artırır.

Azərbaycan hərbi təyinatlı məhsulların istehsalını təmin etmək məqsədilə bu sahədə məşhur şirkətlərlə, eləcə də dünyada müdafiə texnikasının ən yaxşı istehsalçısı kimi tanınan dövlətlərlə sıx əməkdaşlıq edir. Məsələn, zirehli avtomobil istehsalını təşkil etmək üçün Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti ilə razılaşmalar əldə olunub və artıq ölkəmizdə belə maşınların istehsalı həyata keçirilir. "Matador" və "Maradeur" adlanan zirehli maşınların göstəriciləri olduqca yüksəkdir.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Həmin ölkələrin sırasına İtaliya, İsveçrə, ABŞ, Pakistan, Rumıniya, İsrail, Belarus, CAR, Ukrayna, Rusiya, Belçika, İran, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan və digər dövlətlər daxildir. Ölkəmizdə PDM (Piyadaların döyüş maşını) və ZTR-lərin (zirehli transportyor) modernizasiyası da həyata keçirilir. Həmçinin müxtəlif qoşun növlərindən istismar müddəti başa çatan hərbi maşınlar təhvil alınaraq modernizasiya edilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində də mühüm addımlar atılır. Bütün bunlar isə yerli istehsal hesabına da Azərbaycan Ordusunun maddi-texniki təminatının nə dərəcədə yüksək səviyyəyə çatdırıldığını göstərir.

Daha bir mühüm məqam ondan ibarətdir ki, ötən dövr ərzində aparılan elmi-tədqiqat və təcrübi-konstruktor işləri nəticəsində çoxsaylı müdafiə təyinatlı məmulatlar yaradılıb və seriya istehsalı mənimsənilib. Yüzlərlə ehtiyat hissələri hazırlanıb istehsal edilərək Müdafiə Nazirliyinə və digər güc strukturlarına təhvil verilib. Hazırda yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıqlar hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 413-ə çatdırılıb. Cari ildə əsasən müxtəlif tipli minaatanların, qumbaraatanların, snayper tüfənginin, optik nişangahların, kollimatorların, minaların, atəş yığımlarının, aviasiya bombalarının, müxtəlif növ atıcı silahlar üçün trenajorların, tank və piyadaların döyüş maşınları üçün tırtıl dəstlərinin, müxtəlif növ patronların, əl qumbaralarının və sair məmulatların seriyalı istehsalı həyata keçirilməkdədir.

Hələlik ölkəmizdə istehsalı həyata keçirilməyən bir sıra hərbi texnika, o cümlədən döyüş təyyarə və vertolyotları, hava hücumundan müdafiə vasitələri xaricdən alınmaqdadır. Bütün bunlar Azərbaycan Ordusunun daim güclənməkdə olduğunu, istənilən an vətən torpaqlarını düşmən işğalından azad etməyə qabil olduğunu göstərir. Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcəyini isə düşmən Milli Qəhrəman Mübariz İbrahimovun timsalında bir daha anladı. Ordumuzun sıralarında minlərlə Mübariz İbrahimovun olması isə düşmənin Azərbaycan Silahlı Qüvvələrindən duyduğu vahiməni daha dəhşətli edir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 28 avqust.- S. 1, 4.