Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə Türkiyə bu ölkə ilə sərhədini açmamalıdır

 

Əli ƏHMƏDOV: "İnanıram ki, Türkiyə Azərbaycana qardaş sadiqliyini bir daha nümayiş etdirəcəkdir"

 

NATO-nun Ermənistanda sentyabr ayına planlaşdırdığı humanitar xarakterli təlim çərçivəsində bu ölkə ilə Türkiyə arasında sərhədin müvəqqəti açılacağı ilə bağlı yayılan məlumatlar Azərbaycan, eləcə də qardaş Türkiyə ictimaiyyətini ciddi narahat etmişdir. Təbii ki, bu narahatçılığın səbəbləri var idi. Birincisi ona görə ki, Türkiyə-Ermənistan sərhədi müvəqqəti açılarsa, gələcəkdə mütləq buna oxşar digər hadisələr də baş verə bilər. İkincisi isə NATO-nun təlimlərində heç vaxt sərhədkeçmə əməliyyatları olmayıb. Ona görə NATO planına əsasən təlim yeri kimi Ermənistanın seçilməsi, texnikahumanitar yardım üçün vəsaitlərin məhz Türkiyədən sərhədi keçməklə Ermənistana çatdırılmasının nəzərdə tutulması narahatlıq doğururdu. Bu cür addımlar gələcəkdə Türkiyə ilə Ermənistan arasında sərhədin birdəfəlik açılmasına hesablana, sərhəd açılımı tərəfdarı olan bəzi siyasi dairələrin maraqlarına xidmət edə bilərdi.

 

Azərbaycan və Türkiyə ictimaiyyəti qardaş ölkənin rəsmi dairələrindən bu məsələyə aydınlıq gətirilməsini və narahatçılıqlara son qoyulmasını gözlədiyi bir vaxtda cavab Türkiyənin xarici işlər naziri Əhməd Davudoğludan gəldi. Türkiyənin DHA agentliyinin xəbərinə görə, xarici işlər naziri Əhməd Davudoğlu Konya vilayətində referendumqabağı əhali ilə görüş zamanı bildirib ki, Türkiyə Ermənistanla sərhədlərini hətta müvəqqəti də olsa, açmayacaq: "Türkiyə və Ermənistanın sentyabrın 11-17-də iştirak edəcəyi NATO təlimləri humanitar məqsəd daşıyır. Bu zəlzələ kimi fəlakətlərdə meydana gələ biləcək hallarla əlaqədar olan təlimdir. Türkiyə NATO-nun üzvü olduğu üçün, təbii ki, bu təlimlərə qatılacaq. Ancaq Ermənistanla sərhədlərimizin müvəqqəti olsa belə, açılması mümkünsüzdür. Bu mövzu gündəmdə deyil".

İctimaiyyət nümayəndələri, politoloqlar, ekspertlər, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılmayacağı barədə bəyanatını təqdir edirlər. Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun fikrincə, Türkiyə Ermənistanla sərhədləri müvəqqəti də olsa açmamaqla Azərbaycanla qardaşlıq münasibətlərinə sədaqətini bir daha nümayiş etdirmiş olacaq: "Əvvəla, inanmaq istəyirəm ki, Türkiyə dövlət olaraq Ermənistanla sərhədlərin açılmaması ilə bağlı mövqeyinə sadiqdir. Ən azından bunu Türkiyənin milli maraqları, Türkiyə-Azərbaycan qardaşlığı və bunun qorunub saxlanılması tələb edir. Yaxşı xatirimizdədir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı "Bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndiişğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!" - deyə bəyan etdi. Eləcə də Türkiyənin Prezidenti Abdullah Gül bir neçə gün əvvəl Azərbaycana rəsmi səfəri zamanı deyib: "Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi, sadəcə, sizin məsələniz deyil, hamımızın məsələsidir. Bu barədə birgə müzakirələr aparır, birgə fəaliyyət göstəririk. Qafqazda sabitliyin, sülhün və əmin-amanlığın bərqərar olması, işğalın sona çatması üçün Türkiyə əlindən gələn bütün səyləri göstərməyə davam edəcəkdir". Göründüyü kimi, Prezident Abdullah Gül də bəyan edib ki, Azərbaycanın milli marağı həm də Türkiyənin milli məsələsidir.

Amma son günlər NATO təlimləri ilə bağlı Türkiyə-Ermənistan sərhədinin müvəqqəti də olsa açılacağı ilə bağlı yayılan məlumatlar bizdə narahatlıq yaradırdı. İnanıram ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun NATO təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin müvəqqəti də olsa açılmayacağı barədə bəyanatı bu narahatçılığın aradan qalxmasına səbəb olacaq. Türkiyə Azərbaycanla qardaşlığa sədaqətini bir daha nümayiş etdirməyə özündə təpər tapacaq. Türkiyə kimi güclü bir dövlətin hər hansı təzyiq qarşısında geriyə çəkilməsi mümkün deyil. Qeyd etdiyim kimi, Ermənistanla sərhədin açılması Türkiyə üçünmilli maraq kəsb edən məsələdir. Çünki Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi Türkiyənin özününmilli məsələsi həddinə gəlib çatıb. Türkiyə tərəfindən Ermənistanla sərhədlərin bağlanması bununla əlaqələndirildiyindən, qardaş ölkə Dağlıq Qarabağ problemi həll olunmayınca sərhədlərin açılmasına razılığını verməməlidir. Beynəlxalq təşkilatların Türkiyə ilə Ermənistan arasında sərhədlərin Azərbaycan torpaqlarının işğalına son qoyulmazdan əvvəl açılmasına təkid etmələrini məqbul hesab etmirəm. Bunun qarşısının alınması üçün Azərbaycanla Türkiyənin birgə səylər göstərməsi vacibdir".

Əli Əhmədovun sözlərinə görə, bəzi siyasi dairələr və qüvvələr Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsini daim gündəmə gətirməklə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmağa cəhd göstərirlər: "Son zamanlar Cənubi Qafqazda çox ciddi proseslər baş verməkdədir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi isə sanki bu proseslərin mühüm bir tərkib elementinə çevrilib. Düşünürəm ki, bəzi siyasi dairələr sərhədlərin açılması məsələsini daim gündəmə gətirməklə həm Türkiyə-Azərbaycan münasibətlərinə zərbə vurmağa cəhd göstərir, həm də bu iki qardaş ölkənin milli maraqlarına təhdidlər və təhlükələr yaradırlar. Biz, istər Türkiyə olsun, istər Azərbaycan, ötəri olanları yox, daimi olanları qoruyub saxlamağa çalışmalıyıq. Burada ötəri olan NATO-nun sentyabrda Ermənistanda planlaşdırdığı təlimdir. Daimi olan, eyni zamanda mühüm əhəmiyyət kəsb edən isə Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri, bundan irəli gələn strateji münasibətlərdir. Biz bu qardaşlığı, strateji münasibətləri qoruyub saxlamağa çalışmalı, onların üzərinə hər hansı bir kölgənin düşməsinə imkan verməməliyik.

Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanması Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədardır. Ona görə də bu sərhədlərin açılması onun bağlanmasına səbəb olan vəziyyətin aradan qaldırılmasından asılıdır. Nə zaman ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad edəcək, onda bu iki dövlət arasında sərhədlərin qapalı qalmasına heç bir ehtiyac olmayacaq. Digər tərəfdən, biz öz siyasətimizdə ona çatmalıyıq ki, bu məsələni müntəzəm olaraq gündəmə gətirən siyasi dairələr Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının yolunun Ermənistanın təcavüzkar siyasətindən əl çəkməsindən keçdiyini dərk və etiraf etsinlər. Əgər onlar Ermənistanı təcavüzkar siyasətindən çəkindirə bilsələr və Azərbaycan torpaqları işğaldan azad edilsə, onda nə Türkiyəyə təzyiq etməyə ehtiyac qalacaq, nə də ümumiyyətlə, bu məsələ indiki şəkildə gündəmə gətiriləcək".

Əli Əhmədov onu da bildirdi ki, hazırda Cənubi Qafqazda baş verən əsas proseslərdən biri də Ermənistanla Rusiya arasında bağlanan son müqavilə nəticəsində regionda hərbi-siyasi balansın pozulmasıdır: "Bu balansın pozulmasının özü də Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan tərəfindən azad edilməsi ilə əlaqələndirilməlidir. Ermənistan əlavə silahlar əldə etdikdən və Rusiyanın bu ölkənin ərazisində yerləşdirilən silahlarından öz maraqlarını qorumaq üçün istifadə etmək hüququna sahib olduqdan sonra Azərbaycanın işğal altında olan torpaqlarını azad etməmək üçün artıq özündə əlavə güc hiss etməyə başlayıb. Mən bunu ona görə xüsusi xatırlatdım ki, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması üçün ciddi cəhdlər göstərən güclər səylərini bu istiqamətə yönəltməkdən daha çox Cənubi Qafqazda hərbi-siyasi balansın pozulmasının qarşısını almaq haqqında düşünməlidirlər. Bu istiqamətdə addımlar atılmasa, pozulmuş hərbi-siyasi balans Cənubi Qafqazda mənzərənin nə zamansa əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxara bilər".

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 28 avqust.- S. 1, 2.