Bədən tərbiyəsinin və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

Məlum olduğu kimi, sovet dövründə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirak edib bacarıqlarını nümayış etdirmək imkanları son dərəcə məhdud idi. Milli müstəqilliyin ilk illərində də vəziyyət ürəkaçan deyildi. Ümummilli böhran şəraitində diqqətsizlik və laqeyd münasibət idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, ölkənin idman potensialının sarsılmasına gətirib çıxarmışdı.

 

Yalnız böyük siyasətçi, təcrübəli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycan tədricən idman ölkəsi kimi beynəlxalq aləmdə tanınmağa başladı, olimpiya hərəkatı geniş vüsət aldı. Qısa zaman kəsiyində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində idmançılarımız möhtəşəm qələbələrə imza atdılar.

Ümummilli liderin idman sahəsində yeritdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan Milli Məclisin deputatı, ARDNŞ-in birinci vitse-prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi dövlətin idman siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən ölkənin bölgələrində müasir olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı ölkənin hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ötən illərdə Gəncədə, Naxçıvanda, Şəkidə, Qubada, Şamaxıda, Lənkəranda, Qazaxda, Bərdədə, Bakının Maştağa qəsəbəsində və digər bölgələrdə olimpiya idman kompleksləri inşa edilmişdir. Hətta cəbhə xəttinin bir neçə kilometrliyində, Ağdamın Quzanlı qəsəbəsində möhtəşəm idman qurğusu idmançılarımızın istifadəsinə verilmişdir. İndi ölkədəki olimpiya komplekslərinin sayı 24-ə çatır. Ötən il Şəmkir, Şərur və İsmayıllı rayonlarında, Bakının HövsanŞağan qəsəbələrində yeni olimpiya kompleksləri istifadəyə verilmişdir. Bu komplekslərdə təşkil olunmuş 108 bölmədə 3353 idmançı məşğul olur. Bütün bunların nəticəsidir ki, hazırda idmanla məşğul olanların sayı 450325 nəfərə çatmışdır. Müqayisə üçün qeyd edək ki, beş il əvvəl bu rəqəm 375501 idi.

Prezident İlham Əliyevin bölgələrə səfərləri idman komplekslərinin açılışı və yeni qurğuların təməlinin qoyulması ilə də əlamətdar olur. Bu il ən azı 5 yeni olimpiya kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, idmançılarımızın beynəlxalq yarışlarda uğurları ildən-ilə artır. Rəqəmlərə nəzər salaq. Keçən il 358 beynəlxalq turnirdə Azərbaycanın 4296 idmançısı qüvvəsini sınamışdır. Onlar 619 medal qazanmışlar ki, bu da 2008-ci illə müqayisədə 69 medal çoxdur. Olimpiya idman növlərində isə 37 medallıq artım müşahidə olunmuşdur. Qazanılmış medalların təxminən yarısı qızıldır. Diqqətəlayiq haldır ki, dörd idmançımız olimpiya idman növləri üzrə dünya çempionatlarında birinci yeri tutmuşdur. Ötən il həmçinin idmanın 84 növü üzrə 449 ölkəmiqyaslı yarış keçirilmişdir. Bu turnirlərdə yüz minə yaxın idmançı iştirak etmişdir.

İdmançılarımız 180 dünya çempionatında və 228 qitə birinciliyində ölkəmizi layiqincə təmsil edərək gözəl nəticələr göstərmişlər. Bunlara misal olaraq Ermənistanda cüdo üzrə Avropa, Serbiyada şahmat üzrə Avropa, Finlandiyada güləş üzrə dünya, Litvada güləş üzrə Avropa, Bakıda bədii gimnastika üzrə AvropaKanadada avarçəkmə üzrə dünya çempionatlarında qazanılmış uğurları göstərmək olar. Şahmat üzrə yığma komandamız Serbiyada qitə çempionu adını qazanmışdır. Komandamızın heyətində Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Qədir HüseynovRauf Məmmədov rəqiblərini üstələyərək qızıl medallara sahib çıxdılar. Bu qələbə komanda idmanı növlərində Azərbaycanın ilk uğuru kimi tarixə düşdü. Şahmatçılarımızın qələbəsi həm də xalqımızın intellektual potensialının göstəricisidir.

Ermənistanda keçirilmiş gənc cüdoçuların Avropa çempionatında iştirak edən 5 idmançımızın hamısı fəxri kürsüyə yüksəldi. Elmar Qasımov isə bütün rəqiblərinə qalib gələrək himnimizi İrəvanda səsləndirdi. 2009-cu ilin yekunlarına dair Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunmuş mərasimdə Prezident İlham Əliyev cüdoçularımızın qazandıqları qələbənin xüsusi əhəmiyyətini vurğulayaraq demişdir: "Onlar çox ağır psixoloji şəraitdə cüdo üzrə Avropa çempionatından vətənə böyük qələbə ilə qayıtmışlar. Xüsusilə nəzərə alsaq ki, bu yarış İrəvanda keçirilirdi, əlbəttə, başa düşmək çətin deyil ki, idmançılarımızın çiyinlərinə böyük və məsuliyyətli yük düşmüşdü. O, adi yarış deyildi, Azərbaycan idmançıları ilk dəfə olaraq Ermənistanda yarışlarda iştirak edirdilər və çox uğurla iştirak etdilər. Azərbaycan Avropa çempionatında 5 idmançı ilə iştirak edirdibeşi də vətənə medal gətirdi, beşi də Azərbaycanın Dövlət Bayrağını İrəvanda ucaltdı. Eyni zamanda bir dəfə Azərbaycanın dövlət himni İrəvanda səsləndi. Bu, böyük qəhrəmanlıqdır, böyük tarixi nailiyyətdir. Bu, Azərbaycan idmanının, Azərbaycan gəncliyinin, Azərbaycan dövlətinin zəfəri, təntənəsi idi".

Danimarkanın Herninq şəhərində keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatında olimpiya çempionu Fərid Mansurov birinci yerə çıxaraq ikiqat dünya çempionu adını qazandı. Ümumiyyətlə, ötən il güləş komandamız dünya miqyasında komanda hesabı ilə birinci olmuşdur. Bu da böyük nailiyyətdir. Nəzərə alsaq ki, dünyada güləş çox populyar idman növüdür və yarışlarda 100-dən artıq ölkəni təmsil edən idmançılar iştirak edirlər, bu, həqiqətən də, tarixi qələbədir.

Kanadada avarçəkmə üzrə dünya çempionatında Azərbaycan komandası uğurla çıxış etdi. Demyanenko qızıl, Sergey Bezuqlıy -Maksim Prokopenko cütlüyü gümüşbürünc medallar qazandılar. Beləliklə, ilk dəfə olaraq Azərbaycan idmançıları avarçəkmə idman növü üzrə də tarixi nailiyyətlərə imza atdılar.

Digər tərəfdən, Azərbaycan beynəlxalq miqyaslı yarışları təşkil etməyi bacaran ölkə kimi getdikcə daha çox nüfuz və hörmət qazanır. Təkcə ötən il ölkəmizdə 33 beynəlxalq yarış keçirilmişdir. Bunların arasında bədii gimnastika üzrə Avropa çempionatını, taekvondo üzrə dünya çempionatını və digər mötəbər yarışları göstərmək olar.

Ölkədə olimpiya hərəkatının inkişafı xüsusilə diqqəti cəlb edir. Müstəqil dövlət kimi Azərbaycan Olimpiya Oyunlarında ilk dəfə 1996-cı ildə iştirak etmişdir. Həmin il Atlanta Olimpiadasında cəmi bir medal (gümüş) qazanılmışdı. Bu, o dövrdə Azərbaycan üçün uğurlu nəticə sayıla bilərdi, amma Azərbaycanı idman ölkəsi kimi tanıtmaq üçün yetərli deyildi. Dünya idmanında layiqli yer tutmaq üçün Olimpiya oyunlarında daha yüksək nəticələr əldə etmək lazım idi. Bu məqsədə çatmaq üçün ölkədə olimpiya hərəkatının, idmanın sürətlə inkişafı təmin edilməli idi. Qısa müddət ərzində bu istiqamətdə ciddi irəliləyiş müşahidə edildi. Belə ki, 2000-ci il Sidney Olimpiya oyunlarında idmançılarımız iki qızıl və bir bürünc medal qazanaraq ölkəmizin 199 ölkə arasında 34-cü yeri tutmasını təmin etdilər. Növbəti Olimpiya oyunlarında uğurlar daha da artdı. Belə ki, 2004-ci ildə Afinada keçirilmiş Olimpiadada medallarımızın sayı 5-ə, 2008-ci il Pekin Olimpiya oyunlarında isə 7-yə çatdı. Bu isə olimpiya hərəkatının davamlı inkişafına dəlalət edir. Onu da qeyd etmək lazımdır ki, olimpiya hərəkatı təkcə Olimpiya oyunların da qatılmaqla məhdudlaşmır. Bu, geniş, çoxşaxəli fəaliyyət sahəsidir və həm də beynəlxalq olimpiya hərəkatinda fəal iştirakı, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi ilə əlaqələri sıxlaşdırmağı, bu qurumun keçirdiyi tədbirlərdə fəal iştirak etməyi nəzərdə tutur. Bu baxımdan Milli Olimpiya Komitəsinin fəaliyyəti hər cür təqdirə layiqdir. Keçmişə qısaca nəzər salaq. 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samarançın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlmişdi. Bu səfər milli olimpiya hərəkatında müşahidə edilən böhrandan çıxış yollarını axtarıb tapmaq məqsədi güdürdü. 1997-ci ildən etibarən beynəlxalq olimpiyaidman qurumları ilə əlaqələr inkişaf etməyə başladı. Cəmi üç il sonra - 2000-ci ildə Avropa Olimpiya Komitəsinin sədri Cak Roqqbaş katibi Mario Peskante Bakıda Milli Olimpiya Komitəsinin tikdirdiyi ilk olimpiya kompleksinin açılış mərasimində iştirak edirdilər. Növbəti il Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin toplantısı Bakıda Milli Olimpiya Komitəsinin yeni tikilmiş inzibati binasında keçirildi. Bundan sonra beynəlxalq idman qurumlarının rəhbərlərinin ölkəmizə səfərləri adi hal aldı. İndi Bakıya səfər etməmiş beynəlxalq və qitə idman təşkilatı rəhbəri, demək olar ki, qalmayıb. Bütün bunlar ölkənin beynəlxalq idman əlaqələrinin dinamik inkişaf etdiyini göstərir.

Bu gün Azərbaycan öz tarixinin sürətli inkişaf dövrünü yaşayır. Tərəqqi bədən tərbiyəsi və idmandan da yan keçmir. Gənc nəslin sağlam böyüməsi, fəaliyyət sahəsi kimi idmanın inkişaf etdirilməsi yenə də diqqət mərkəzindədir.

Cari il də ölkəmizin idman həyatında əlamətdar hadisələrlə yadda qalmışdır. Bakıda keçirilmiş yunan-Roma güləşi üzrə Avropa çempionatında pəhləvanlarımız uğurla çıxış etdilər. Komandamız aktivinə yeddi qızıl, iki gümüşbir bürünc medal yazdırmaqla bir daha onu göstərdi ki, ölkəmizdə güləş məktəbi öz gözəl ənənələrini qoruyub saxlayır və ona görə də bu qələbələr təsadüfi xarakter daşımır, güləş Azərbaycanda idmanın ən populyar növlərindən biri olaraq qalır.

Paytaxtımız daha bir idman yarışına ev sahibliyi etmişdir. Bakıda gənclər arasında boks üzrə dünya çempionatı keçirilmişdir. Boksçularımız bu turnirdə də yüksək nəticə göstərdilər. Çempionatın yekunlarına görə aktivində 2 qızıl və 1 bürünc medal olan komandamız 2-ci yeri tutu.

Ötən ayın 16-18-də paytaxtımız yeni bir idman həyəcanı yaşadı. Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli liderin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçirildi. Dünyanın 35 ölkəsindən 350-yə yaxın idmançının iştirak etdiyi turnirdə güləşçilərimiz qazandıqları medallarla bir daha sübut etdilər ki, ölkəmizdə bu idman növü inkişaf etməkdədir. Cəbrayıl Həsənov, Nauruz TemrezovXetaq Qazyumov qızıl, Emin Əzizov, Cəmaləddin Maqomedov gümüş, Camsulvara Camsulvarayev, Şərif Şərifov, Regina Yarova və Əli İsayev isə bürünc medal qazandılar.

Bu günlərdə Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya oyunları başa çatmışdır. 204 ölkədən 3600 idmançının qatıldığı yarış Azərbaycan yığması üçün uğurlu oldu. Belə ki, Olimpiadada 12 nəfərlə iştirak edən komandamız medal qazanan ölkələrin siyahısında 11-ci yeri tutaraq ABŞ, Almaniya, Böyük Britaniya və digər aparıcı idman ölkələrini geridə qoydu. Yeri gəlmişkən, yığmamız keçmiş SSRİ ölkələrindən yalnız RusiyaUkraynadan geri qaldı. Komandamız Avropa ölkələri arasında isə 6-cı nəticəni göstərdi.

İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla paralellik təşkil edir. Həm qazanılan medallar, həm idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınması bu sahədəki uğurların əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.

İdman həm vasitə, həm məqsəddir. Dövlət bədən tərbiyəsi və idmanın inkişafına qayğı göstərir, o da öz növbəsində dövlətçiliyə, milli maraqlara, əhalinin, gələcək nəslin sağlamlığına xidmət edir.

 

 

Azərbaycan.- 2010.- 29 avqust.- S. 1.