Azərbaycan ictimaiyyəti Türkiyə rəsmilərinin verdikləri vədə əməl edəcəklərinə inanır

 

Eyni dili danışan, dinə etiqad edən, bir soykökündən yaranan Azərbaycan və Türkiyə xalqları bu vaxta qədər zamanın sınağından uğurla çıxa bilib. Bu iki qardaş ölkənin arasında nifaq toxumu səpmək istəyənlər daim uğursuzluğa düçar olub. Hər yeni sınaq, meydana çıxan çətinlik ölkələrimiz, xalqlarımız arasında qardaşlıq bağlarını daha da möhkəmləndirib. Dövlətlərarası münasibətlərin daim yüksək səviyyədə saxlanması, milli maraqları əhatə edən məsələlərdə tərəflərin biri-birini müdafiə etməsi isə Azərbaycan və Türkiyə rəhbərliyinin real şəraitdə həyata keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir.

 

Belə vəziyyətdə hər iki ölkə onların milli maraqlarına xələl gətirəcək istənilən hala qarşı vahid mövqe sərgiləməklə də birliklərinin sarsılmaz olduğunu bütün dünyaya əyani nümayiş etdirirlər. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən zəbt edilməsinə etiraz və ölkəmizə dəstək əlaməti olaraq Türkiyə 1993-cü ildən işğalçı ölkə ilə sərhədlərini bağlı elan edib. Ona qarşı göstərilən bütün təzyiqlərə qətiyyətlə sinə gərən Türkiyə Ermənistanın həyata keçirdiyi işğal faktı ortadan qalxmayana kimi sərhədlərin açılmayacağını dəfələrlə və ən yüksək səviyyədə bildirib. Türkiyənin çətin günlərində isə Azərbaycan onun yanında olub. Elə bu günlərdə baş verən bir hadisə bunu əyani surətdə təsdiqlədi. Bu günlərdə Türkiyənin Ağrı vilayətinin Eleşkirt rayonunda İrandan Türkiyəyə təbii qazın axınını təmin edən qaz kəmərində güclü partlayış baş verib. Bu səbəbdən həmin kəmərlə axan təbii qazın nəqli dayandırılıb və təmir işləri bir neçə gün davam edəcək. Belə bir vaxtda Azərbaycan Türkiyəyə qaz ixracını gündə 16 milyon kubmetrədək artırıb. Bundan əvvəl Azərbaycan qazının Türkiyəyə ixracının sutkalıq həcmi 13-14 milyon kubmetr təşkil edirdi. Məhz bu da imkan verir ki, Eleşkirt rayonunda qaz kəmərində baş verən partlayışa rəğmən, qardaş ölkə təbii qazla təminat baxımından problem yaşamasın.

Bütün bunlar bir daha Azərbaycan və Türkiyə arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunu, tərəflərin mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduğunu göstərir. Lakin bu günlərdə NATO-nun Ermənistanda sentyabrın 11-dən 17-dək keçirilməsi nəzərdə tutulan təlimləri ilə əlaqədar Türkiyə və işğalçı dövlət arasında sərhədlərin müvəqqəti olaraq açıla biləcəyinə dair məlumatların yayılması istər Türkiyə, istərsə Azərbaycan ictimaiyyətində təəccüb və narahatlıq yaratdı.

Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov maraqlı bir məqama diqqət çəkərək bildirmişdir ki, Ermənistan NATO ilə elə də sıx əməkdaşlıq edən dövlət olmayıb: "Belə görürəm ki, Türkiyə və Ermənistanın birgə iştirak edəcəyi təlim əvvəlcədən düşünülüb və planlaşdırılıb. Bununla da bir daha dost, qardaş, strateji tərəfdaş olan Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaq istəyirlər. Onlar müəyyən müddətdir bu addımlarını davam etdirirlər. Bunu bizgörürük. Məsələ ondadır ki, Türkiyənin özünü böyük bir sınaq qarşısında qoyurlar. Müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Türkiyə arasında münasibətlərin ana xəttini Türkiyənin işğalçı Ermənistana qarşı mövqeyi təşkil edib. Bu siyasət indidavam edir.

Amma bunu istəməyən dairələr Ankaranın bu mövqeyini sındırmaq məqsədilə Azərbaycan və Ermənistanı Türkiyənin qarşısında tərəzinin müxtəlif gözlərinə qoyurlar. Hansı ad qoyulur-qoyulsun, sərhədin açılması bizim üçün eynidir. Sərhədin istənilən forma və məzmunda bir gün belə açılması bizim münasibətlərimizə ciddi mənfi təsir göstərə bilər".

Türkiyənin əksər siyasi dairələrində, media orqanlarında da belə bir fikir hakimdir ki, rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verdiyi vədə sadiq qalmalı, işğalçı Ermənistanla bu konflikt çözülməyənə kimi sərhədləri açmamalıdır. Türkiyənin "Yeni Mesaj" qəzeti bununla bağlı yazır: "Azərbaycanlılar haqlı olaraq Türkiyənin Ermənistanla sərhədləri açmamaq məsələsində rəsmi Bakıya söz verildyini xatırladaraq Ankaranın sözünün arxasında durmasını istəyirlər".

"Azərbaycan bu məsələyə rəsmi Türkiyənin münasibətini gözləyirdi. Bu çox çəkmədi. Türkiyənin verdiyi vədə sadiq qalacağını bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Konya vilayətində referendumqabağı əhali ilə görüş zamanı bir daha təsdiq edib. O bəyan edib ki, Türkiyə Ermənistanla sərhədlərini hətta müvəqqəti də olsa, açmayacaq. Nazir bildirib ki, Türkiyə və Ermənistanın sentyabrın 11-17-də iştirak edəcəyi NATO təlimləri humanitar məqsəd daşıyır:

"Bu zəlzələ kimi fəlakətlərdə meydana gələ biləcək hallarla əlaqədar olan təlimdir. Türkiyə NATO-nun üzvü olduğu üçün təbii ki, bu təlimlərə qatılacaq. Ancaq Ermənistanla sərhədlərimizin müvəqqəti olsa belə, açılması mümkünsüzdür. Bu mövzu gündəmdə deyil".

Türkiyənin bu mövqeyi, verdiyi vədlərə sadiqliyi Azərbaycanda təqdir olunur. Milli Məclisin deputatı Fazil Mustafa bununla bağlı qeyd edir: "Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana son səfəri göstərdi ki, iki ölkə arasında strateji əməkdaşlıq məsələsində hər hansı problem yaşanmır.

Lakin həmin səfərdən sonra NATO tərəfindən Ermənistanda keçiriləcək humanitar xarakterli bir təlimdə Türkiyənin iştirakı və iki ölkə arasında sərhədlərin açılması ilə müvafiq avadanlıqların buradan daşına biləcəyinə dair xəbərlər yayılması Azərbaycan cəmiyyətində müəyyən narahatlığa yol açdı. Əslində, Azərbaycan cəmiyyətində özünü göstərən bu narahatlıq haqlı xarakter daşıyırdı. Çünki sərhədlərin müvəqqəti olaraq açılması belə müəyyən dərəcədə gələcəkdə bununla bağlı müvafiq siyasi qərarın da verilməsi, Türkiyə ilə Ermənistan arasında davamlı diplomatik münasibətlərin qurulması üçün zəmin hazırlaya bilər. Bu səbəbdən Azərbaycan cəmiyyətində duyulan narahatlıq Türkiyənin diqqətinə çatdırıldı. Türkiyə bu məsələdə Azərbaycanın həssaslığını çox gözəl bilir. Hesab edirəm ki, əvvəllər NATO təlimləri ilə bağlı sərhədlərin müvəqqəti açılması nəzərdə tutulurdusa Türkiyə İbuna getmədi. Yəni Azərbaycanın bu məsələyə həssas münasibəti nəzərə alındı. Bu da Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun birbaşa açıqlamasında öz əksini tapdı.

Milli Məclisin deputatı Nazim Məmmədov da bildirir ki, Türkiyə və Azərbaycan arasında mövcud strateji əlaqələr və qardaşlıq münasibətləri fonunda Ermənistanla sərhədlərin Dağlıq Qarabağ münaqişəsi həll olunmadan açılması qəbuledilməzdir: "Bununla bağlı bizim mövqeyimiz birmənalıdır. Azərbaycanın bu mövqeyi Türkiyə icimaiyyətinə də yaxşı məlumdur. Türkiyənin Prezidenti Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Əhməd Davudoğlu da dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanla hər hansı əlaqələrin qurulması mümkün deyil. Biz bunu Türkiyənin həm rəsmi, həm də Azərbaycana qardaş olan bir ölkənin mövqeyi olaraq qəbul etmişik. Eyni zamanda, Azərbaycan ictimaiyyəti onu da yaxşı başa düşür ki, sərhədlər məsələsi ilə bağlı mövcud vəziyyət uzun müddət davam edə bilməz. Elə bu səbəbdən güman olunurdu ki, İsveçrədə Türkiyə və Ermənistan arasında imzalanan məlum Sürix protokollarından sonra Ermənistan ilk növbədə, Dağlıq Qarabağ ətrafında işğal altında olan rayonlardan öz silahlı qüvvələrini çıxarmağa başlayacaq. Əslində, Sürix protokollarını imzalayarkən Türkiyənin əsas niyyətlərindən birio idi ki, Ermənistanda konstruktiv mövqe üstün gələcək və o, Azərbaycanın işğal altında saxladığı ərazilərini boşaltmağa başlayacaq. Lakin təəssüf ki, bu, erməni diasporunun, bəzi digər kənar qüvvələrin, eləcə də Ermənistan daxilində müəyyən dairələrin təsiri üzündən baş tutmadı".

Nazim Məmmədov onu da vurğuladı ki, NATO təlimləri ilə bağlı Türkiyə və Ermənistan arasında sərhədlərin açılıb-açılmayacağına dair yekun qərarın nədən ibarət olması rəsmi Ankaranın səlahiyyətləri çərçivəsində olan məsələdir: "Bununla bağlı qərar Türkiyəyə aiddir. Təbii ki, bir cəmiyyət olaraq Azərbaycanın bu məsələyə münasibəti mənfidir. Onu da xatırlatmaq yerinə düşər ki, NATO-nun Ermənistanda keçiriləcək təlimləri ilə bağlı bu ölkəyə aparılacaq avadanlıq Gürcüstan sərhədindən də daşına bilər. Bu mənada hesab edirəm ki, Türkiyə böyük bir dövlət olaraq sözügedən məsələdə Azərbaycan üçün də ən optimal olan variantı seçəcək".

Hadisələrin mövcud inkişafı və Əhməd Davudoğlunun açıqlaması isə onu deməyə əsas verir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla sərhədləri müvəqqəti olsa da açmayacaq və Azərbaycanla münasibətlərin hər zaman yüksək səviyyədə saxlanması üçün siyasətini davam etdirəcəkdir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 29 avqust.- S. 1, 2.