Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rayon (şəhər) təşkilatları sədrlərinin toplantısı keçirilmişdir

 

Avqustun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının qərargahında partiyanın Gənclər Birliyinin rayon (şəhər) təşkilatları sədrlərinin toplantısı keçirilmişdir.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov gənclərin həm cəmiyyətin, həm də partiyanın aparıcı qüvvələrindən biri olduğunu vurğulamışdır.

Əli Əhmədov bildirmişdir ki, hazırda Azərbaycan gəncləri yüksək intellektə, bilik və bacarığa malikdir. Bunun təsadüf olmadığını deyən YAP sədrinin müavini qeyd etmişdir ki, Azərbaycan dövləti gəncliyin inkişafı üçün geniş imkanlar yaratmışdır.

Əli Əhmədov demişdir: "Yeni Azərbaycan Partiyası da gənclərlə əməkdaşlığa böyük əhəmiyyət verir. Sevindirici haldır ki, partiyamıza qəbul olunan yeni üzvlərin arasında gənclər üstünlük təşkil edir. Bu gün partiya üzvlərinin 40 faizi gənclərdən ibarətdir. Bu fakt onu göstərir ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti birmənalı olaraq dəstəkləyir".

Qarşıdan gələn parlament seçkilərinə toxunan Əli Əhmədov gənclərin böyük potensiala malik olduğunu və partiyanın bu potensialdan seçkilərdə səmərəli istifadə edəcəyini vurğulamışdır.

Toplantıda YAP Gənclər Birliyi Gəncə şəhər təşkilatının sədri Ramin İbrahimov, Ağdam rayon təşkilatının sədri Amil Cavadov, Göyçay rayon təşkilatının sədri Ramiz Şükürov, Lerik rayon təşkilatının sədri Rövşən Rüstəmov çıxış edərək təmsil etdikləri rayonların gənclərinin seçkilərdə fəal iştirakının təmin olunması məqsədilə görülən işlərdən danışmışlar.

Tədbirdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 avqust.- S. 2.