Şamaxı qədim simasını saxlamaqla müasirləşir

 

 Sürətli sosial-iqtisadi inkişaf tempini qoruyub saxlayan Azərbaycan bu sferada bütün əsas istiqamətlər üzrə qəbul edilən konkret dövlət proqramları və onlardan irəli gələn vəzifələrin icrasını təmin etmək üçün lazımi maliyyə mənbələrinin, o cümlədən texniki imkanların vaxtında səfərbər olunmasına da xüsusi diqqət yetirir.

Təsadüfi deyildir ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramında nəzərdə tutulan vəzifələr müvəffəqiyyətlə başa çatdırıldı. 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının icrası da uğurla davam etdirilir. Ölkənin regionlarında müasir infrastruktur yaradılması məsələlərinə toxunan Prezident İlham Əliyev demişdir: "Regionlarda müasir infrastrukturun yaradılması məsələsi öz həllini tapdı. Regionların siması dəyişdi, şəhərlərimiz öz qədim simasını saxlamaqla müasirləşdi, gözəlləşdi, abadlaşdı. İnsanlar üçün çox gözəl şərait yaradıldı, infrastruktur layihələri icra edildi, sosial obyektlərin tikintisinə böyük diqqət göstərildi. Bir sözlə, bölgələrdə, ən ucqar yerlərdə yaşamaq üçün daha da yaxşı şərait yaradılmışdır".

Azərbaycanın ən qədim mədəniyyət və elm mərkəzlərindən olan Şamaxı rayonu da son illər yüksək sürətlə inkişaf edir. Bu ilin ilk yarısında adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 243 manat təşkil edib ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur. Əsas kapitala yönəldilən investisiyalar da əvvəlki ildəkindən 4,5 faiz çox olub.

İl başlayandan Şamaxıda 211 daimi yeri açılıb. Rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Olimpiya İdman Mərkəzinin, "Şamaxı" mehmanxanasının yenidən qurulması və genişdəndirilməsi işləri, "Xalq Bank"ın rayon filialı üçün inzibati binanın, Nağaraxana kəndinin ərazisində Vergilər Nazirliyinin tədris və istirahət kompleksinin tikintisi davam etdirilir.

Şamaxı şəhərini iki hissəyə bölən, daim sel sularının sıradan çıxardığı M.Ə.Rəsulzadə küçəsində 1,5 km məsafədə 1000 mm-lik diametri olan metal borularla yeraltı xətt çəkilib. Hazırda sel sularının tutulması üçün qurğular quraşdırılır. Yağan leysan yağışları bir daha göstərdi ki, bu sahədə görülən işlər şəhərin küçələrinin, eləcə də şəxsi evlərin qorunmasını təmin edəcəkdir.

 Sel suları nəticəsində sıradan çıxan və Böyük Xınıslı kəndini Şamaxı şəhəri ilə birləşdirən körpünün yenidən inşası başa çatmaq üzrədir.

Şamaxı RİH-dən bildirildi ki, artıq Azərbaycan hökumətinin və Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin həyata keçirilməsi işlərinə başlanılıb.

Şamaxı rayonunda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə bir sıra əsaslı işlər görülür. Hazırda şəhərdə dairəvi xəttin 300 mm-lik polietilen boru ilə yenidən çəkilməsi işləri gedir. Payız-qış mövsümünə qədər şəhərdaxili qaz xətlərinin yenidən çəkilişinin başa çatdırılması nəzərdə tutulub. Bundan əlavə, əhalisi 23 min nəfərdən çox olan Göylər kəndi istiqamətində yerləşən bütün yaşayış məntəqələrinə, Astrofizika Rəsədxanasına, Nağaraxana, Qızmeydan, Əhmədli, Hacılı, Saqiyan, Şərədil, Şirvan kəndlərinə təbii qaz xətlərinin çəkilişinə başlanılıb.

Respublika magistral avtomobil yolunun Şamaxı şəhərindən keçən ərazisində görülən yenidənqurma və tikinti-quruculuq işləri də diqqət çəkir. Belə ki, magistral yolun 118-ci kilometrliyində yerləşən körpünün hər iki tərəfinə müasir tələblərə cavab verən xüsusi konstruksiyalı materiallar çəkilib, həmin ərazidə miniparkın və milli üslubda barıların tikintisinə və yaşıllaşdırma işlərinə başlanılıb. Bundan əlavə, magistral yolun səkilərində və istinad divarlarında təmir işləri aparılıb, keçidlərə asfalt-beton örtük vurulub. Magistral yolun şəhərdən keçən hissəsində - H.Əliyev, N.Nərimanov, S.Ə.Şirvani, M.Şəhriyar, Şirvan küçələrində 9 min p/m uzunluğundakı bardürlər əsaslı təmir edilərək rənglənib. Şəhərdə 12 yerdə müasir tipli avtobus dayanacaqları quraşdırılıb.

Rayon mərkəzindəki N.Nərimanov küçəsində "Dostluq" ticarət mərkəzi istifadəyə verilib. S.Ə.Şirvani küçəsində yeni ticarət mərkəzinin və "Şərədil" istirahət mərkəzi üçün yeni hotel binasının, Əngəxaran kəndində şadlıq sarayının inşası davam edir.

Yaponiyanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə Məlikçobanı kəndinə, yerli imkanlar hesabına isə Bağırlı və Ovçulu kəndlərinə yeni su xətti çəkilib. İnvestisiya layihəsi çərçivəsində rayonun kənd və qəsəbələrində - Qaravəlli, Birinci Çaylı, Quşçu, Həmyəli kəndlərində kənddaxili və kəndarası yollar əsaslı təmir olunub. Həmçinin Şamaxı-Çöl-Göylər asfalt yolunda cari təmir işləri aparılıb. Çuxuryurd kəndində 400 metrlik məsafədə yola asfalt-beton örtük döşənib. Aşağı Çağan kəndində isə bulaq kompleksi açılıb.

Şamaxının tarixi keçmişini əks etdirən 70-dən çox mədəniyyət və arxeoloji abidə qeydə alınıb. Bu abidələr içərisində təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədi kimi 743-cü ildə inşa edilmiş Şamaxı Cümə Məscidinin xüsusi yeri var. Hər gün respublikadan və müxtəlif xarici ölkələrdən onlarla qonağı olan bu məscidin yenidən qurulmasına və bərpa olunmasına ciddi ehtiyac duyulurdu. Bu, nəzərə alınaraq 24 dekabr 2009-cu ildə  Cümə Məscidinin yenidən qurulması və bərpası ilə əlaqədar Prezident İlham Əliyev sərəncam imzalamış və bu üçün Prezidentin Ehtiyat Fondundan 4 milyon manat vəsait ayrılmışdır. Hazırda Cümə Məscidinin yenidən qurulması və bərpası ilə əlaqədar tikinti işləri sürətlə davam etdirilir.

Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası nəinki respublikamızda, eləcə də dünyada unikal elm ocaqlarından hesab olunur. Prezident İlham Əliyevin 5 sentyabr 2008-ci il tarixli və 21 iyul 2009-cu il tarixli sərəncamlarına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti işlərinin aparılması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi üçün Prezidentin Ehtiyat Fondundan ümumilikdə 8 milyon manat vəsait ayrılıb. Ötən ildən etibarən rəsədxanada başlanan tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Bəli, yüksək dövlət qayğısı sayəsində qədim Şamaxı tikilir, qurulur, müasirləşir. Bu isə rayonun turizm imkanlarını artırır. Turizmin geniş perspektivi isə həm də sosial-iqtisadi inkişafın sürətləndirilməsindən xəbər verir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.- 31 avqust.- S. 4.