Sibir mənəvi məhbəs idi

 

Tale elə gətirib ki, mən gözlərimi dünyaya Sibirdə - Rusiya Federasiyasının Tomsk vilayətinin Baxçar rayonunda açmışam. Bu, ana babam Sədi bəyin varlı olması, sovet quruluşunu qəbul etməməsi ilə bağlı olub. Babamın özü böyük qardaşı Əmiraslan bəylə keçən əsrin 30-cu illərində Türkiyəyə keçib. Burada qalan iki qardaşını "yeni quruluşu qəbul etmirsiniz", - deyə bolşeviklər məhkəməsiz güllələyiblər. Valideylərimi isə Sibirə sürgün ediblər. Bu, anamgilin, daha doğrusu, ana nənəmin və övladlarının ikinci sürgün həyatı olub. Bundan əvvəl nənəmgilin ailəsini Qazaxıstana sürgün ediblər. Babam isə doğma yurda bir də keçən əsrin 80-ci illərində, ömrünün qürub çağında, özünün dediyi kimi, Vətənin bir ovuc torpağı olmaq üçün qayıdıb. Bizim ailə isə 8 il sürgündə qalandan sonra bəraət alıb geri dönüb.

 

Anamın əmisi Əmiraslan bəy Qazax rayonunun II Şıxlı kəndinin sayılıb-seçilən adamlarından olub. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini bitirib. Deyilənə görə, Vətəninə, el-obasına vurğunmuş, Azərbaycan Xalq Cümhuriyyətinə ürəkdən bağlıymış.

Kəndimiz Gürcüstanla sərhəddə yerləşdiyindən həmin illərdə o, yerli hökumətin tapşırığı ilə gürcü menşeviklərinin pozuculuq fəaliyyətinin qarşısını almağa çalışırdı. Bu məqsədlə sərhəddə atəşkəsə nail olmaq üçün qonşuluqda olan gürcü qoşun rəhbərlərinin yanına bir dəstə sülhməramlı qüvvə yollayır. Dəstənin tərkibində qardaşı Sədi bəy də var idi. Sülhməramlı elçiləri gürcülər yaxşı qəbul edirlər. Gürcü generalı Tavadze Sədi bəyə deyir: "Aramızdakı torpaq problemi həll olunan məsələdir. Yəqin ki, bu məsələni bir vaxt həll edəcəyik. Ancaq indi vəziyyət başqadır. Bolşevik qoşunları Bakıya daxil olub. Müsavat hökuməti də əlacsız qalıb hakimiyyəti onlara təhvil verib. Bugün-sabah Qırmızı ordunun qoşunları sizin rayonu zəbt edəcək. Ondan sonra Gürcüstanı tutacaqlar. Onların qabağını nə siz saxlaya biləcəksiniz, nə də biz. Kasıb-kusub da bizi yox, onları müdafiə edəcək. Çünki onları inandırıblar ki, varlıların var-dövləti əlindən alınıb kasıb-kusuba paylanacaq. Deməli, bizim dövranımız getdi. Bizim axırımıza az qalıb. Amma sizin Türkiyə kimi arxanız, çətin gündə getməyə yeriniz var. Bolşeviklər buraya gələndə onları istəməyənlər yəqin oraya pənah aparacaqlar. Bilirəm, Əmiraslan bəy də mütləq gedəcək. Mən onu yaxşı tanıyıram, vaxtilə bir yerdə çörək kəsmişik. Xahiş edirəm, kəndə gedəndə mənim ismarıcımı ona çatdır. Söylə, general Tavadze deyirdi ki, Türkiyəyə gedəndə bizi də aparsın. Bəlkə onun səbəbinə oralarda sağ-salamat qala bildik".

Əmiraslan bəylə Sədi bəy Türkiyəyə keçəndə tavadzeləri də özləri ilə aparmış və orada onlara həyan olmuşdular. Tez-tez də bir-birləri ilə görüşür, yaxın əlaqə saxlayırmışlar. Bir dəfə Tavadze sevincək deyir ki, "Stalin xaricdə olan hərbçiləri bağışlayıb, onların vətənə qayıtmasını istəyir. Bu haqda "Pravda" qəzetində məqalə də çap olunub. İstəyirəm Vətənə qayıdam. Nə məsləhət görürsən?"

Əmiraslan bəy qəti etiraz edir: "Stalinin vədlərinə inanma", o "vor zakon"u mən yaxşı tanıyıram, səni aldadır, getsən, bir gün məhv edəcək". Lakin general Əmiraslan bəyin sözünə baxmayıb geri qayıdır, bir müddətdən sonra sovet hökumətinin düşmən kimi həbs olunub məhv edilir.

* * *

Sibirdə qonşularımız əsasən ruslar, ukraynalılar, moldovanlar və başqa millətlərin nümayəndələri olub. Aralarında ermənilər yox idi. Niyə? Nə üçün? Doğrusu, uşaq vaxtı bu barədə düşünməmişdim. Lakin ağı qaradan seçəndən sonra mənə bəzi şeylər aydın oldu. Demə, yuxarı dairələrdə, hakimiyyətdə bu millətin arxa-dayaqları varmış. Onlar ermənilərin əzilməsinə imkan verməyiblər, sovet quruluşuna sadiq olduqlarını deyiblər. Bizim kimi tez-tez əlifbalarını dəyişdirməyiblər. Stalin heç vaxt istəməyib ki, Qafqazda güclü Azərbaycan Respublikası olsun. Bu, ermənilərin də ən böyük arzusu idi. Onlar həmişə Azərbaycandan torpaq qoparmaq arzusu ilə yaşayıblar. İmkan düşdükcə qoparıblar da! Bu işdə sovet hakimiyyəti illərində A.Mikoyanın xüsusi rolu olub. Ermənilər torpaqlarımızın hesabına özlərinə respublika da yaradıblar. Külli-ixtiyar sahibləri olan Stalin, Mikoyan həmişə onların sözünü deyib.

Valideynlərim danışırdılar ki, bizimlə qucağında südəmər körpəsi olan bir gəlini də sürgün etmişdilər. O, çox gözəl, abırlı, ismətli qadınmış. Bolşevik hakimiyyətinin nümayəndələri qadının ərini "xalq düşməni" elan edib gedər-gəlməzə göndərmişdilər. Qadın isə ərinin yeni quruluşa düşmən olmasına qətiyyən inanmamış və ondan boşanmayıbmış. Ondan başqa məqsəd üçün istifadə etmək istəyənlər də olmuşdu. Lakin o, sürgünü seçmişdi.

Sürgünə göndərilənləri mənzil başına çatdırmaq üçün Ob çayından da keçirməliymişlər. Bunun üçün onları bərəyə doldururlar. Adamlar bərəyə minəndə gəlinin qucağındakı körpə acından ağlayır, süd istəyirdi. Anası adamların içərisində utandığından sinəsini açıb uşağa süd verə bilmirdi. Uşaq isə kirimək bilmir, elə hey ağlayırdı. Əlacı kəsilən gəlin bir az yana çəkildi, elə dayandı ki, sinəsini açanda kişilər görməsin. Birtəhər sinəsini açıb, qucağına baxanda dəhşətə gəldi. Uşaq qucağından sürüşüb Ob çayına düşmüşdü...

* * *

Kiçik dayım Camal Tomtiyevin başı çox bəlalar çəkmişdi. Həyat onu çox sıxmışdı. Sürgünə Bakıda APİ-nin (indiki ADPU) tələbəsi olarkən aparılmışdı. Bəraət alıb qayıdandan sonra yenidən təhsilini davam etdirmiş, sonralar fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdı. Hərdən istəyirmiş ki, alimliyin daşını atıb, şeirə qayıtsın. İlk qələm nümunələrini Səməd Vurğun, Osman Sarıvəlli yaxşı qiymətləndirsələr də, ona bədii yaradıcılıqla məşğul olmağı məsləhət görməmişdilə\r. Demişdilər ki, sonra yazdıqlarının tüstüsü düz çıxmaz, kəmfürsətlər qəmbərqulu çıxararlar. Dayım da onların məsləhətini eşitmiş, özünü elmə həsr etmişdi. Doktorluq dissertasiyası müdafiəyə hazır olanda ürəyi qəflətən dayanmışdı.

Yaxşı yadımdadır. Bir dəfə kəndə gəlmişdi. Nə barədəsə söhbət edirdi, amma yaman tutqundu. Səbəbini soruşdum. Başını bulayaraq kədərli-kədərli dilləndi:

- Bir az əvvəl uşaqlıq dostlarımla Xramçayın o biri sahilinə - Damğaçı tərəfə getmişdik. Orada yadıma bir əhvalat düşdü, məni göyüm-göyüm göynətdi. Qanımın yaman qaraldığını dostlarım da hiss etdilər. Səbəbini soruşdular. Heç nə demədim, onlardan gizlətdim. Ancaq səndən gizləyə bilmirəm. Orta məktəbin aşağı siniflərində oxuyurduq. Bir gün sinif rəhbərimiz dedi ki, sabah pambıq yığımında kolxoza kömək etməyə gedəcəyik. Səhər tezdən Damğaçıdakı pambıq sahəsinə gəlin. Elə də etdik. Pambıq yığımından sonra axşam üstü kəndə maşınla qayıdası olduq. Uşaqların hamısı maşının banına çıxdılar. Lakin müəllimimiz məni maşına minməyə qoymadı. Dedi ki, sənə maşına minmək olmaz, çünki sən kulak balasısan. Məni orada qoyub özləri maşınla gəldilər. Ordan kəndə xeyli yol var idi. Həm də\ axşam düşüb, şər qarışmışdı. O boyda yolu pay-piyada kəndə gəldim. İndi o tərəfə getmişdik. Uşaqlıqda pambıq yığdığımız yerləri də, o vaxt "sən kulak balasısan", - deyib məni maşına minməyə qoymayan müəllimi də gördüm, qanım qaraldı.

Sibirdən gələndən sonra bir-iki il dədə-baba yurdumuzdakı evimizdə yaşadıq. Lakin sonra həyətyanı sahənin azlığını nəzərə alıb ev tikdirmək qərarına gəldik. Həmin vaxt atamın Sibirdə kolxozda işlədiyi son ilin mükafatını və haqq-hesab pulunu da göndərmişdilər. Bunların hamısını kolxozun sədri İvolgin təşkil etmişdi. Ümumiyyətlə, o insanın bizim üstümüzdə haqqı-sayı çoxdur.

İvolgin Ukraynadan sürgün olunmuşdu. Böyük Vətən müharibəsindən əvvəl Ukraynada bərk aclıq olub. Çoxları bu fəlakətə dözə bilməyib. O vaxt gənc olan İvolgin yığıncaqların birində çoxlu insan tələfatına səbəb olan hadisə barədə bir qədər kəskin danışır. Onun danışıqlarına siyasi rəng verirlər. Durniyev adlı birisi onun haqqında danos yazıb sürgün etdirir. Böyük dayım Dövlət Tomtiyev danışırdı ki, bir dəfə ondan soruşdum ki, sən niyə bəraət alandan sonra öz yurduna qayıtmadın? Dərindən köks ötürüb: "Yaralarımın qaysağını qopartdın", - deyə sözə başladı: "Bəraət alandan sonra getdim kəndimizə. Ancaq qohum-əqrəbamdan heç kimi sağ görmədim. Sevdiyim qızı da tapa bilmədim. Hamısı aclığın qurbanı olmuşdu. Kəndimiz əvvəlki kimi məni özünə çəkmədi. Orada sözümdən söz düzəldib məni sürgün etdirənlə rastlaşdım. Kötüyün üstə əyləşib manpası, şirni, tum satırdı. Qiymətini soruşmadan satdıqlarından alıb uşaqlara payladım. Sonra dedim: "Diqqətlə bax, gör məni tanıya bilirsənmi?" O, üzümə zəndlə baxıb "Vay, sən İvolginsən? Sən ölməmisən? Bu nədir, ayağında xrom çəkmə, əynində kürk, başında tüklü papaq var. Mən isə cır-cındır içindəyəm. Sən elə burjuysan ki, burjuy". Daha orada bənd ala bilməyib qayıtdım...

Danışdıqlarım bir nəslin sürgün taleyinin kiçicik epizodlarıdır. Belələri birdirmi, ikidirmi?

 

Eldar NƏSİBLİ,

 

Azərbaycan.- 2010.- 10 avqust.- S. 4.