Gəncənin 90 illik salnaməsi

 

"Gəncənin səsi" qəzeti 1920-ci ilin may ayında "Qırmızı Gəncə" adı ilə fəaliyyətə başlayıb. İlk redaktoru Məmmədkazım Ələkbərli olub. Sonra bir neçə dəfə qəzetin adı dəyişildi. "Füqəra sədası", "Zərbə", "Kirovabad bolşeviki", "Kirovabad fəhləsi", "Gəncə kommunisti" kimi işıq üzü gördü. 1990-cı ilin əvvəllərində qədim Gəncənin ulu adı qaytarılanda qəzet "Gəncənin səsi" kimi çıxmağa başladı.

"Gəncənin səsi" qədim şəhərin 90 illik canlı salnaməsidir. Qocaman kollektiv həyatın hər dönəmində xalqa, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli olub. Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin ideyalarını, onun şanlı yolunun layiqli davamçısı İlham Əliyevin misilsiz fəaliyyətini təbliğ tərənnüm edir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun sərəncamı ilə qəzetin 90 illik yubileyi şəhərin bir sıra təşkilatlarında qeyd olunmuşdur. Bu günlərdə isə Aqrar Dövlət Universitetində yubileylə əlaqədar sözlü, nəğməli məclis keçirildi.

Qəzetin baş redaktoru Rəfiqə Sadıqova 90 yaşlı kollektivin fəaliyyətindən danışdı. Şəhər icra hakimiyyəti başçısının müavini Akif Ələkbərov, universitetin rektoru, əməkdar elm xadimi Mirdaməd Sadıqov, Gəncə Regional Elm Mərkəzinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov başqaları kollektivi təbrik etdilər. Gəncə musiqi liseyinin gənc ifaçıları tədbirə yeni rövnəq verdilər.

Sonda Aqrar Dövlət Universiteti tərəfindən qəzetin redaksiyasına hədiyyələr bağışlanıldı.

 

Ə.İsayev

Azərbaycan.- 2010.- 10 dekabr.- S.3.