Azərbaycanda ilk qəza məktəbi  

 

Üzeyir Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbinin 180 illik yubileyi qeyd edilmişdir

Dekabrın 7-də Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanda ilk qəza məktəbinin - Üzeyir bəy Hacıbəyli adına Şuşa şəhər 1 nömrəli orta məktəbin 180 illik yubileyi ilə bağlı keçirilən tədbirin iştirakçıları - dövlət qurumlarının rəsmiləri, xarici ölkələrin səfirləri, qonaqlar əvvəlcə foyedə rəssam Rövşən Bayramovun yağlı boya ilə çəkdiyi Şuşa abidələri mənzərələrindən, şəhər 1 nömrəli orta məktəbinin məzunlarının qızıl gümüş medallarından, bugünkü şagirdlərinin Vətən haqqında inşalarından ibarət sərgiyə maraqla baxmışlar.

"Mənim doğma məktəbim" sənədli filmi məktəbin məzunlarını bir daha ötən çağlara - Şuşalı günlərinə qaytarmışdır.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərovun 1830-cu il dekabrın 30-da açılışı olmuş ilk qəza məktəbinin keçdiyi tarixi yoldan, bugünündən, yetirmələrindən bəhs edən məruzəsində tanınmış məzunların adları xatırlanmışdır.

Məruzədə xüsusi vurğulanmışdır ki, adıçəkilən məktəbin 150 illik yubileyi vaxtilə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə MK Bürosunun qərarına əsasən qeyd edilmişdir.

Şuşanın ermənilər tərəfindən 1992-ci il 8 may tarixində işğalından sonra məktəbin şagird pedaqoji kollektivi respublikanın müxtəlif rayonlarında müvəqqəti məskunlaşmışlar. Məktəb Şuşanın digər təhsil ocaqlarından şagirdlər müəllimlər cəlb olunmaqla yenidən təşkil edilmişdir. Bakı şəhərinin Yasamal rayonundakı 38 nömrəli orta məktəbdə yerləşən bu qocaman təhsil ocağında 103 şagirdin təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur.

Təhsil naziri Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məktəbin kollektivinə təbrik məktubunu oxumuş, dövlətimizin başçısının 2010-cu il 6 dekabr tarixli sərəncamını səsləndirmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxtın gözəl guşələrindən birində məktəb üçün yeni bina tikiləcəyi barədə məlumat verən nazirin çıxışından sonra məktəbin məzunu hazırda direktoru olan əməkdar müəllim Sevil Babayeva təhsil ocağının yubileyinin dövlət səviyyəsində qeyd edildiyi üçün Azərbaycan Prezidentinə minnətdarlığını bildirmiş, təşkilatçılara təşəkkür etmişdir.

Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məktəbin yubileyinin dövlət başçısının sərəncamı ilə qeyd olunduğunu əlamətdar hadisə kimi qiymətləndirmiş, bu münasibətlə müəllim şagirdləri təbrik etmişdir.

Tədbirdə yubiley iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Sonda məktəbyaşlı şuşalıların ifasında "Şuşanın dağları", "Qarabağ şikəstəsi" kimi yurda, vətənə, torpağa, Qarabağa həsr olunmuş xalq mahnıları səsləndirilmişdir.

 

Azərbaycan.- 2010.- 8 dekabr.- S.5.