Görkəmli iqtisadçı alim, yaradıcı pedaqoq

 

Azərbaycan iqtisad elminin inkişafında əvəzsiz xidmətlər göstərmiş görkəmli alimlərdən biri AMEA-nın müxbir üzvü, Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev olmuşdur.

Aqil Əliyev 1926-cı il dekabrın 10-da Naxçıvan şəhərində dünyaya göz açmış, 1951-ci ildə Bakı Dövlət Universitetini bitirmiş, 1953-cü ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetində işləmişdir. İqtisadi nəzəriyyə və hüququn əsasları kafedrasında əvvəlcə müəllim vəzifəsində çalışmış, az sonra kafedranın dosenti, 1973-cü ildə kafedra müdiri seçilmişdir. 1970-ci ildə iqtisad elmləri namizədi, 1983-cü ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş, 1979-cu ildə professor elmi adını almışdır.

Kafedraya rəhbərlik etdiyi illərdə Siyasi iqtsiad kafderası ciddi elmi uğurlar əldə etmiş, tədris-metodik, elmi-tədqiqat və ictimai-siyasi sahələrdə qazandığı nailiyyətlərə görə dəfələrlə təhsil ocağının ən yaxşı kafedrası adına layiq görülmüşdür. Onun elmi fəaliyyətində Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu, əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemlərinin araşdırılması mühüm yer tutmuşdur.

Professor Aqil Əliyev Azərbaycan Tibb Universitetinin, Azərbaycan MEA İqtisadiyyat İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin elmi şuralarının üzvü olmuşdur.

Görkəmli alim tibb kadrlarının hazırlığı məsələsinə daim diqqətlə yanaşmış və onun rəhbərliyi altında doktorluq və çox sayda namizədlik dissertasiyaları müdafiə olunmuşdur. Aqil müəllimin yetirlmələri bu gün onun yolunu uğurla davam etdirir, iqtisad elminin nəzəri və praktiki məsələlərinin tədqiqi ilə məşğul olurlar. Ölkənin elə bir səhiyyə müəssisəsi yoxdur ki, orada bu elm xadiminin tələbələri çalışmasınlar. Onlar qayğıkeş müəllimlərini həmişə ehtiramla xatırlayır, bu böyük insanın məsləhətlərini, tövsiyələrini həyat məramı kimi qəbul edirlər. Vaxtilə Azərbaycan Tibb Universitetində təhsil almış, indi isə xalqın sağlamlığı keşiyində duran hər bir həkimin yaddaşında Aqil Əliyevin xüsusi yeri var. İqtisad elminin cəfakeşi, xeyirxah və qayğıkeş alim vətəni və xalqı qarşısında xidmətlərinə görə ''''Şöhrət'''' və ''''Qırmızı Əmək Bayrağı'''' ordenlərinə, ''''Səhiyyə əlaçısı'''' döş nişanına, bir çox medal və fəxri fərmanlara layiq görülmüşdür.

Görkəmli alim 200-dək elmi əsərin, o cümlədən 32 monoqrafiya və kitabın müəllifidir. Onun bir sıra əsərləri Moskvada, Sankt-Peterburqda, Çexiyada və digər xarici ölkələrdə çap olunmuşdur.

Yaradıcılığının ən mühüm hissəsini iqtisad elminin inkişafına və tədrisinə həsr edən professor Aqil Əliyevin tədqiqatlarında həyat səviyyəsi, istehlak problemləri xüsusi yer tutur. Bu da onun elmi maraq dairəsinin geniş və əhatəli olmasına dəlalət edir.

Görkəmli iqtisadçı tədqiqatlarında sosial sahənin, konkret olaraq səhiyyənin inkişafı ilə iqtisadi inkişaf arasında qarşılıqlı əlaqənin olmasını əsaslandırır, insan sivilizasiyasının taleyinə ciddi təsir edən səhiyyənin problemlərini ortaya qoyur. Aqil Əliyev SSRİ məkanında, o cümlədən respublikamızda bu sahənin iqtisadiyyatı problemləri ilə məşğul olan ilk iqtisadçı alimlərdəndir. "Azərbaycanda ərzaq proqramının mahiyyəti və mənbələri", "Həkim əməyi və elmi-texniki tərəqqi", "ATİ-nin maddi-texniki bazasının möhkəmləndirilməsinin iqtisadi məsələləri", "Səhiyyənin iqtisadiyyatı" kimi əsərlərində sübut etmişdir ki, səhiyyənin qeyri-istehsal sferasına aid edilməsi nisbi xarakter daşıyır, buraya sərf edilən əməyi qeyri-məhsuldar əmək adlandırmaq olmaz. Səhiyyənin inkişafı ictimai istehsalın inkişafına, onun səmərəliliyinə bilavasitə təsir göstərir.

Professor Aqil Əliyevin sosial sahələrin, o cümlədən səhiyyənin qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsinə dair konkret faktlarla əsaslandırılmış fikirləri bu gün müstəqil respublikamızda aparılan islahatların elmi bazasının möhkəmləndirilməsi üçün mühüm əhəmiyyətə malikdir. Aqil Əliyev nəşr etdirdiyi əsərlərdə yazırdı ki, səhiyyə xidmətlərinin istehlakının artımı əhali məskunlaşmasının inkişafında başlıca amildir. Şəxsi istehlakın inkişafının sosial nəticələrindən ən mühümü əhalinin ölüm səviyyəsinin aşağı düşməsi və əhalinin orta yaşayış davamlılığının artımıdır. Cəmiyyət qarşısında yaranan problemlərdən biri də əhalinin qocalmasıdır. Sosial planlaşdırma təkcə qocalığa maddi təminatın zəruriliyini deyil, həm də tibbi xidmətin yaxşılaşdırılmasını nəzərə almalıdır.

Professorun əsərləri arasında müasir dövr və bazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar xüsusi yer tutur. Bu sahədə onun bir neçə monoqrafiyası və 80-ə yaxın əsəri çapdan çıxmışdır. Həmin əsərlər içərisində "Azərbaycanın sosial-iqtisadi inkişafında islahatların rolu", "Azərbaycanda bazar münasibətləri şəraitində əhalinin sosial problemləri", "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur", "Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyasəti", "Özəlləşdirmə və sahibkarlıq fəaliyyətinin inkişafı", "Dünya iqtisadiyyatı: müasir dövrün problemləri", "Azərbaycan gömrüyü iqtisadi inkişaf yollarında", "İnnovaüii i investiüii" (Moskva, rus dilində) "Səhiyyənin iqtisadiyyatı", "Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəldilməsinin aktual problemləri", "Naxçıvan qədim diyardır", "Milli iqtisadiyyatımızın aktual problemləri", "Demokratikləşmə milli iqtisadiyyatımızın inkişafının əsasıdır", "Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)" adlı ikicildlik ensiklopedik əsər (professor Ə.Qasımovla birlikdə) və s. xüsusi yer tutur.

2001-ci ildə işıq üzü görən ikicildlik "Naxçıvan Muxtar Respublikası (nailiyyətlər və problemlər)" ensiklopedik əsər mətbuat səhfələrində dönə-dönə dəyərli bir tədqiqat kimi qiymətləndirilmişdir. Həmin kitabı yazmaq üçün müəllif Naxçıvan diyarının tarixini, coğrafiyasını, iqtisadiyyatını, sosial həyatını, məişətini, səhiyyəsini, maarifini, mədəniyyətini hərtərəfli öyrənmişdir. Naxçıvanda dünyaya göz açmış şairlərin, yazıçıların, ədiblərin, generalların, admiralların, dövlət xadimlərinin, akademiklərin, incəsənət işçilərinin həyat və fəaliyyəti araşdırılmışdır. Bu isə tədqiqatçıdan çox böyük səriştə, səbir, akademik mədəniyyət və qürdərtli qələm tələb edirdi. Aqil Əliyev bu nəhəng işin də öhdəsindən layiqincə gəlmiş və fundamental bir əsəri oxuculara təqdim etmişdir.

Professor Aqil Əliyev beynəlxalq və respublika əhəmiyyətli bir çox elmi-praktik konfransların, simpoziumların və seminarların iştirakçısı olmuş, həmin elmi məclislərdə Azərbaycanın iqtisad elmini layiqincə təmsil etmişdir.

Görkəmli alimin "İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur" monoqrafiyası geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. Monoqrafiyada həm İpək yolunun tarixi, ayrı-ayrı ölkələrin iqtisadiyyatında oynadığı rol, həm də Şərqlə Qərbin mədəni əlaqələri öz əksini tapmışdır. Əsərdə bərpa olunacaq tarixi İpək yolunun gələcək perspektivləri də nəzərdən keçirilmişdir.

Aqil Əliyev 1986-2005-ci illərdə Azərbaycanın elmi-texniki inkişafının kompleks proqramının işlənilməsində yaxından iştirak etmiş, "Əhalinin sağlamlığının qorunması" problem komissiyasının sədri olmuşdur. Əhalinin sağlamlığının qorunması bölməsi onun tərəfindən tərtib edilərək kompleks proqrama daxil edilmişdir. Alim müasir ruhlu tədqiqatçı olaraq bu gün də aktual olan, sabah da əhəmiyyətini itirməyən məsələləri elmi araşdırmaya cəlb etmiş, uğurlu nəticələrə nail olmuşdur.

Aqil Əliyevin həyatı müəllimliyin, ziyalılığın, alimliyin birgə vəhdətinin ifadəsi idi. O, ayrı-ayrı məsələlərə öz prinsipial mövqeyi və elmi səviyyəsi baxımından qiymət verməyi bacarırdı. Söhbətlərində güclü məntiq və səlislik diqqəti cəlb edirdi. Hiss olunurdu ki, geniş mütaliə sahibidir. Onun söhbətləri hər bir dinləyici üçün intellektual təfəkkürün inkişafı idi və bu söhbətlər yaddaşlarda əbədi qalırdı. Görkəmli alim gəncləri çox sevirdi, onlara inanır, qayğı göstərir, əməklərini qiymətləndirirdi. Bu şəxsiyyətin böyüklüyü onda idi ki, başqasının həqiqətini anlamağa çalışır, öz subyektiv istəklərini önə çəkməyib, nəyinsə yaxşı, nəyinsə pis olduğunu obyektiv meyarlarla müəyyənləşdirirdi. O, aydın nitqi, ağayana davranışı və xeyirxahlığı ilə hamıya nümunə olacaq bir insan idi. Görkəmli iqtisadçı alim bütün ömrünü doğma xalqının işıqlı sabahı naminə yaşamış, gənc nəslin təlim-tərbiyəsi sahəsində qüvvəsini əsirgəməmişdi. Onun zəkası, istedadı, həyat tərzi, dünyaya və özünə münasibəti, sözün həqiqi mənasında, örnək idi.

Xalqımızın ən gözəl xüsusiyyətlərindən olan insana yaxşılıq etmək, qayğı göstərmək Aqil müəllimin əqidə manifesti idi. Onun kömək etdiyi insanların sayını müəyyənləşdirmək çox çətindir.

Aqil müəllim xalqa xidməti həyatının mənası və məqsədi hesab edirdi. Saf əqidəsi və məsləyi olan əsl ziyalı idi. Onun əqidəsi humanizmə, həqiqətə, ədalətə söykənirdi.

Görkəmli alim Aqil Əliyev yarım əsrdən çox Azərbaycan Tibb Universitetində kafedra müdiri olmaqla yanaşı, gələcək həkimlərə siyasi iqtisad fənninin incəliklərini öyrətmişdir. O, yaradıcı alim və yaradıcı insan, gözəl pedaqoq idi. Professorun mühazirələrində daim real həyat, xalqımızın sosial-iqtisadi həyatı ilə bağlı faktlar, ümumiləşdirmələr xüsusi yer tuturdu. O, elmlə ucalmış, zəngin yaradıcı fəaliyyəti ilə Azərbaycanın inkişafına xidmət etmişdir. Onun mahiyyətinə, məzmununa, məna yükünə görə böyük ömür yoluna baxanda yalnız işıq, nur, insan istisindən və qayğısından səadətə qovuşmuş onlarca talelər görünür. Bu, əsl ziyalı yoludur, böyük amallara, işlərə həsr olunmuş və həm də hamının gedə bilmədiyi bir yoldur.

 

Yavər VƏLİYEV,

Azərbaycan Tibb Universitetinin

İqtisadi nəzəriyyə və hüququn

əsasları kafedrasının müdiri

Azərbaycan.- 2010.- 10 dekabr.- S.6.