İnam məktəbi  

Azərbaycanın özü qədər əbədi

 

Tarixi və mədəni hadisələrin məsafə uzaqlığında Azərbaycanın taleyində ümummilli lider Heydər Əliyevin xidmətləri daha aydın, daha parlaq görünməkdədir. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, mənəviyyatının qüdrətli himayədarı olan ümummilli liderin xalqa bu yöndən xidmət etmək şərafətinin əbədiliyi bu gün də öz bəhrəsini verməkdədir. Ulu öndərin fədakarlıq və cəsarətlə saldığı yolda ləyaqətli ardıcılları bu şərəfli missiyanı yerinə yetirirlər. İllər öncə "Həyat dərsi" adlı bir məqaləsində Mehriban xanım Əliyeva yazırdı: "Həmyaşıdlarım Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. XX əsr Azərbaycan tarixinin önəmli, əlamətdar bir mərhələsi var: 60-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixi zaman. İlk baxışdan quru statistika və təkrarla dolu, möhtəşəm, ziddiyyətli, enişli-yoxuşlu bir dövrün mənzərəsi yaranacaq. Lakin ikicə kəlmə söz tarix səhifələrini canlandırıb, uğurları, itkiləri, tərəqqi və inkişafı onlarca müfəssəl cədvəldən, araşdırmalardan qat-qat tutumlu əks etdirə bilər. Heydər Əliyev. Tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı. 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu... tarixin sınaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Lider".

 

Məhz bu lider Azərbaycan ədəbiyyatına, mədəniyyətinə öz diqqəti və qayğısı ilə elə bir xidmət göstərdi ki, bu xidmətin şərafəti millət durduqca yaşayacaqdır. Heydər Əliyevin xidmətləri nəticəsində milli mədəniyyət və ədəbiyyat, sözün həqiqi mənasında, böyük yüksəliş dövrü keçirdi. Heydər Əliyev sözü öz ucalığında dəyərləndirən, ədəbi aləmə ədəbiyyatçılardan çox xidmət edən, klassik, eləcə də müasir yazıçı və şairlərin yaradıcılığını tənqidçilərdən sərrast, asan, səlis təhlilə çəkən, qiymətləndirən, qeyri-adi düşüncə və fikir sahibi idi. Bu gün də ədəbiyyatçılar, sənətşünaslar ümummilli liderin bu faydalı və şərəfli xidmətləri barəsində düşünəndə bir məsələni etiraf etməkdən çəkinmirlər ki, zaman keçdikcə alimlərimiz, tədqiqatçılarımız bir daha bu məsələlərə qayıdacaq, onları vüsətli təhlil süzgəcindən keçirib yenidən ümumiləşdirəcək, qiymətləndirəcəklər.

Heydər Əliyev təkcə siyasi xadim, ölkə rəhbəri, ümummilli lider deyildi, həm də böyük tarixçi, filosof və mütəfəkkir idi. Ötən əsrin 70-ci illəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Məhz bu illərdə Azərbaycanın böyük söz-sənət sahiblərindən Füzulinin, Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Səməd Vurğunun əzəmətli heykəlləri ucaldıldı, bir sıra şair və yazıçıların ev muzeyləri yaradıldı. Bu, faktdır ki, o illərdən başlayaraq Azərbaycan mədəniyyəti, incəsənəti inkişaf etdi. 1970-80-ci illər arasında memarlıq və şəhərsalma, monumental incəsənət, təsviri sənət, musiqi, teatr, kino sahəsində misli-bərabəri görünməyən tərəqqi baş verdi. Azərbaycanın bütün şəhərlərində mədəniyyət evləri, memarlıq ansamblları yaradıldı. 1949-cu ildə fəaliyyəti dayandırılmış bir sıra rayon teatrları yenidən həyata qaytarıldı.

Əlbəttə, sovet dönəmində Heydər Əliyevin Azərbaycan incəsənətinə, mədəniyyətinə göstərdiyi xidmətlərin öz xüsusiyyətləri var. Sovet imperiyasının təzyiqi altında milli mədəniyyətin inkişafına çalışmaq və onun nümayəndələrinin dünyada tanınmasına nail olmaq, sözün əsl mənasında qəhrəmanlıqdır. Heydər Əliyev bu qəhrəmanlığı siyasi cəsarətinin, müdrik addımlarının və ən başlıcası, ürəyinin hökmü ilə bacarırdı. Bu inamla da ölkəmizin yaradıcı adamlarına xüsusi qayğı və ehtiramla yanaşırdı. Böyük cəsarətlə hələ sovet hakimiyyəti illərində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı üçün münbit zəmin yaradırdı. Azərbaycan o zaman böyük dövlətin - sovet imperiyasının tərkibində kiçicik bir ölkə idi. Amma həmin vaxt iki şair (Rəsul Rza, Sülyeman Rüstəm), iki yazıçı (Süleyman Rəhimov, Mirzə İbrahimov), üç bəstəkar (Qara Qarayev, Fikrət Əmirov, Niyazi), bir müğənni (Rəşid Behbudov), bir rəssam (Tahir Salahov), bir memar (Mikayıl Useynov)... Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ad aldılar.

Ümummilli lider ədəbiyyata olan münasibətini bir çıxışında belə açıqlamışdı: "Ədəbiyyata olan məhəbbətimi sübut etməyə elə bir ehtiyac yoxdur. Bunu Azərbaycanda yaxşı bilirlər. Bu, mənim vəzifəmə görə deyildir, mənim təbiətimdir, içimdən gələn hissiyyatımdır. Məndə həmişə - hələ uşaq, gənc yaşlarımdan şeirə, ədəbiyyata, incəsənətə, mədəniyyətə çox böyük həvəs olubdur, həmişə maraqlanmışam. İndi dövlət işi ilə məşğul olanda da mən bunun nə qədər əhəmiyyətli olduğunu bilirəm, dərk edirəm. Ona görə də əlimdən gələni edirəm".

Heydər Əliyev klassik ədəbiyyatı dərindən bilən və qiymətləndirən böyük şəxsiyyət idi. Azərbaycanda üç məşhur şairin məzarı üstündə məqbərə tikilib: Nizami Gəncəvi, Molla Pənah Vaqif və Hüseyn Cavid. Maraqlıdır ki, son iki məqbərənin ucaldılması ümummilli liderin adı ilə bağlıdır. 1967-ci ildə klassik Azərbaycan şairi Molla Pənah Vaqifin 250 illik yubiley tədbirləri keçirilsə də, onun məzarı üstündə məqbərənin tikilməsi məhz Heydər Əliyevin təşəbbüsü ilə 9 il sonra baş tutdu. Qarabağ xanının vəziri olmuş Vaqif kimi bir el sənətkarının yaradıcılığına sovet dövründə dövlət səviyyəsində yüksək qiymətin verilməsi Heydər Əliyev müdrikliyinin bəhrəsi idi. Ulu öndər bununla həm də Şuşanı Azərbaycanın qədim mədəniyyət və musiqi beşiyi kimi dəyərləndirirdi. Məqbərənin açılışında Heydər Əliyevin söylədiyi geniş nitq çoxəsrlik Azərbaycan poeziyasına və onun yaradıcılarına verilən bir qiymət idi. Heydər Əliyev müdrik addımı ilə həm də bədnam qonşularımıza bir daha qətiyyətlə çatdırırdı ki, Vaqifin məqbərəsi Azərbaycan ruhunun, poeziyasının simvoludur. O vaxtlar Vaqif poeziya günləri Qazaxdan başlanıb Şuşada - məqbərənin önündə başa çatardı. İnanırıq ki, ulu öndərin saldığı o möhtəşəm cığırlardakı tikanlar tezliklə təmizlənəcək, biz yenə də qədim və doğma şəhərimizə qayıdacağıq.

Heydər Əliyevin təşəbbüsü ilə abidələşən ikinci məqbərə Naxçıvan torpağında ucaldılıb. Bəllidir ki, 1937-ci ilin repressiya qurbanı olmuş dahi Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin nəşi Uzaq Sibirdən doğma Vətənə gətirildi. Bir daha təkrar edirik ki, 1982-ci ildə Hüseyn Cavid kimi bir azadlıq pərvanəsinin, milli düşüncə sahibinin cənazəsini Sibirdən Azərbaycana gətirmək elə də asan deyildi! Bu işi məhz sinəsində xalqına, millətinə, ədəbiyyatına, mənəviyyatına sədaqət dolu ürək gəzdirən Heydər Əliyev edə bilərdi. Cavidin Bakıda ev muzeyinin açılması da Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra baş verdi. İnamla demək olar ki, Heydər Əliyev Azərbaycan cavidşünaslığında qoyulan bünövrənin banisidir. Ulu öndər həmişə Cavid irsinin nəşrinə, təbliğinə və tədqiqinə xüsusi diqqət göstərib. 1996-cı ildə Naxçıvanda Mömünəxatun məqbərəsinin əkiz tayı - Cavidlər məqbərəsi yaradıldı.

Akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük Şəxsiyyət və qüdrətli Lider haqqında bəzi düşüncələr" adlı məqaləsində yazır: "Heydər Əliyev Azərbaycana elə xidmət edib ki, bizlərdən hər biri də ölkəmizə onun kimi öz ağıl-zəkasının tam gücü ilə, xalqın milli tarixinə və mənəvi dəyərlərinə qayğıkeş münasibətlə, Azərbaycanın milli sərvətlərini artırmaq və hər bir vətəndaşa layiqli yaşayış təmin etmək istəyi və əzmi ilə xidmət etməlidir. O, ümumxalq məhəbbəti və hörmətini ancaq belə qazana bilmişdir. Onun bütün həyatı milli tarixin salnaməsinə düşməyə layiq olan seçmə nümunədir".

Çox çətin bir şəraitdə Azərbaycan xalqı müstəqilliyə qovuşmuş dövlətinin idarə olunmasını Heydər Əliyevə etibar edəndə (1993) ölkə hakimiyyətsizlik və hərc-mərclik içində qaynayırdı. Belə bir ziddiyyətli zamanda öz iradəsinin və məqsədyönlü fəaliyyətinin sayəsində müstəqilliyimizi qoruyub saxlamağı bacaran ümummilli lider Heydər Əliyevin mübarizəsi və gərgin əməyi nəticəsində əzilmiş mənəviyyatımız dirçəldi, xalq yenidən ayağa durdu. Qəmdən, dərddən sıyrılmağı bacardı! Çünki onun qolundan tutan, göz yaşını silən, yaşamağa, yaratmağa, mübarizə aparmağa səsləyən və ona dayaq olan güclü Lideri var idi. Bu fəaliyyətin ilk günündən hamıya aydın oldu ki, Azərbaycan xalqı, nəhayət ki, öz ümummilli liderinin sayəsində bütün çətinliklərə sinə gərərək qələbə çalacaq.

Beləliklə, mədəni həyatımızda da bir coşqunluq yarandı. Müstəqillik dövrünə qədəm qoymuş Azərbaycan dahi rəhbərin mədəniyyət və incəsənətə, ədəbiyyata göstərdiyi qayğının yeni sevinclərini yaşadı. Görkəmli ziyalıların, incəsənət xadimlərinin, aktyorların əməyini yüksək qiymətləndirən Heydər Əliyev onların həyat tərzinin daha da yaxşı olması üçün müxtəlif sərəncamlar imzaladı. Bir qrup incəsənət xadiminə, yazıçıya Prezident təqaüdləri, aktyor və musiqiçilərə pul mükafatları, fəxri adlar, orden və medallar verildi. Ümummilli lider görkəmli sənət adamlarının yubileylərinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncamlar imzaladı. Heydər Əliyev həmin mərasimlərin keçirilməsinə xüsusi əhəmiyyət verirdi və bu barədə deyirdi: "Dünya təcrübəsi göstərir ki, yubileyin keçirilməsi bir tərəfdən yubilyarın xalq, ölkə, dünya qarşısında xidmətlərini bir daha təbliğ və nümayiş etdirmək, digər tərəfdən, müasir nəslin ona bəslədiyi hörmət və ehtiram deməkdir".

Azərbaycan tamaşaçısı, oxucusu hələ də unutmayıb ki, Heydər Əliyev bu təntənəli yubileylərdə həm təşkilatçı, həm də iştirakçı olardı. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Heydər Əliyevin ilk iştirak etdiyi mərasim xalq şairi Məmməd Arazın 60 illik yubileyi oldu. Diqqət çəkən budur ki, dövlətin ən yüksək mükafatı olan "İstiqlal" ordeni ilk dəfə məhz ədəbiyyat xadimlərinə verildi. Əvvəlcə üç şair - Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, sonralar isə yazıçılardan İsa Hüseynov, Anar və şairə Mirvarid Dilbazi bu mükafata layiq görüldülər. "Şöhrət" ordeni alan ilk yazıçılarımız İlyas Əfəndiyev, İsmayıl Şıxlı, Hüseyn İbrahimov oldu. "Tərəqqi" medalı ilə Əmir Mustafayev, Teymur Əhmədov təltif edildilər. Əzizə Cəfərzadə xalq yazıçısı fəxri adını alan ilk qadın ədib oldu. Yazıçılardan Elçin, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları da bu şərəfli adı daşıdılar. Xalq şairi fəxri adının sevincini yaşayanların sırasına Hökumə Bülluri, Söhrab Tahir, Cabir Novruz və Fikrət Qoca da qoşuldu. Fəxri təqaüdlərə isə həm yaşlı, həm də gənc nəslin nümayəndələri layiq görüldülər.

Azərbaycanın musiqi sənətinin inkişafında xidmətləri olan bəstəkarlardan Cövdət Hacıyevin, Aqşin Əlizadənin, müğənnilərdən Sara Qədimovanın, Zeynəb Xanlarovanın, Fidan Qasımovanın "Şöhrət" ordeni ilə təltif olunması ümummilli liderin musiqi sənətinə göstərdiyi diqqətin rəmzidir. Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin yubiley gecələrinin keçirilməsi və bu təntənəli tədbirlərdə dahi rəhbərin çıxışları hələ də unudulmayıb. Heydər Əliyevi bir məsələ çox sevindirirdi ki, əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri olan Qara Qarayevi, Fikrət Əmirovu, Cövdət Hacıyevi, Soltan Hacıbəyovu, Arif Məlikovu, Aqşin Əlizadəni, Firəngiz Əlizadəni və başqalarını vətənimizin hüdudlarından da kənarda yaxşı tanıyırlar.

Burada bir məsələni də qeyd edək ki, klassiklərlə, eləcə də yaşlı sənətkarlarla yanaşı Heydər Əliyev gənc nəslə, ilk növbədə istedadlılara qayğı və diqqət göstərməyi çox sevirdi. Ulu öndər həmişə məhəbbətlə deyirdi: "İstedadlar - uşaqlar, gənclər də bilsinlər ki, onların bütün qayğılarını Azərbaycan Prezidenti özü şəxsən çəkəcəkdir". Bu vədin necə göyərdiyi haqqında bir neçə faktı yada salmaq istəyirik. 22 iyun 1996-cı ildə Azərbaycanın gənc istedadlarının "Qızıl kitab"ı, Gənc İstedadlar Fondu yaradıldı. Adı "Qızıl kitab"a düşən gənc istedadlara xüsusi təqaüd təsis edildi. Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində "Qızıl kitab"a adı birinci düşmüş gənc vokalçı Surxay Əsgərovun yaradıcılıq gecəsi keçirildi. Ulu öndər o təntənəli gecədə iştirak edərək bir daha gənc nəslə olan məhəbbətini, qayğısını bildirdi.

Heydər Əliyev çıxışlarının birində musiqiyə olan münasibətini belə bildirmişdi: "Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz". Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən ən zərif vasitədir. Bu səbəbdən də müxtəlif xalqlar arasında mədəni körpülər salmaq daha vacibdir. Heydər Əliyevin hakimiyyətə ikinci gəlişindən sonra Azərbaycanda müxtəlif dövlətlərin, xalqların, eləcə də xarici ölkələrdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsinə bir start verildi. Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu əlaqələr bu gün də davam etməkdədir.

Ümummilli lider xarici ölkələrdən respublikamıza gələn incəsənət xadimlərinin qastrol səfərlərinə böyük əhəmiyyət verər, onların çıxışlarına baxar, bəzən də qonaqları şəxsən qəbul edərdi. Alla Puqaçova, İosif Kobzon, Oleq Qazmanov və başqalarının Respublika (indiki Heydər Əliyev) sarayındakı konsertlərində ulu öndərin iştirakı və qonaqlarla görüşü unudulmaz xatirələrdəndir. Dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakıda yubileylərinin təntənəli qeyd edilməsi, ona və atasına məxsus ev muzeyinin açılması məhz Heydər Əliyevin təşəbbüsüdür.

Heydər Əliyevin mənəvi aləmə, mədəniyyətə göstərdiyi diqqət səbəbsiz deyildir. Ümummilli lider deyirdi: "...Musiqi həmişə məni həyəcanlandırır. Yaxşı şeiri, bayatını heç vaxt yaddan çıxarmıram". Yəqin ki, ulu öndərin daxili zənginliyini bu fikir qədər heç bir mülahizə dəqiq açıqlaya bilməz. Yadımızdadır ki, Heydər Əliyev həmişə konsertdən, tamaşadan sonra pərdə arxasına keçər, incəsənət xadimləri ilə görüşər, onların çıxışları barəsində öz fikirlərini söyləyərdi.

Heydər Əliyevin sevdiyi şairlər, bəstəkarlar, mahnılar, əsərlər var idi. Ən çox sevdiyi bəstəkar Üzeyir Hacıbəyli, şairlər Şəhriyar, Hüseyn Cavid idi. "Azərbaycan" şeirini söyləyəndə həmişə səsi titrəyərdi. Unudulmaz insanın fikirlərindən: "Tofiq Quliyevin mahnıları çoxdur, lakin "Sənə də qalmaz" bunların zirvəsidir. Mən bu mahnını çox sevirəm". Ulu öndər xalq artisti Niyaməddin Musayevin ifasında Məmməd Arazın "Dünya mənim, dünya sənin, dünya heç kimin" mahnısını da dinləməyi çox sevərdi. Heydər Əliyevin diqqətindən heç bir ədəbi yenilik yayınmırdı. Ümumilikdə ulu öndərin bu sahədəki həssaslığının analoqu yoxdur.

1994-cü ildə Azərbaycanda bir milli mədəniyyət bayramı da yaşandı. Belə ki, YUNESKO-nun xətti ilə Füzuli ili elan edildi. Parisdə - YUNESKO-nun iqamətgahında, İraqda, Türkiyədə, Mərkəzi Asiya respublikalarında, İranda bu yubiley qeyd olundu. O zaman Heydər Əliyev "Füzulinin 500 illik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiyanın yaradılması haqqında" sərəncam imzaladı. Həqiqətən də yubiley dünyanın mədəni həyatında bayrama çevrildi. Moskva, Sankt-Peterburq, Kərbəla, Kərkük, Bağdad, Ankara, Tehran, Paris, Tbilisi, Daşkənd və Bakıda Füzulinin yubiley günləri təntənəli surətdə qeyd edildi. Rusiya və Türkiyədə keçirilən yubiley təntənəsində ümummilli lider özü də iştirak etdi.

"Heydər Əliyev və Azərbyacan ədəbiyyatı" kitabında oxuyuruq: "Heydər Əliyev ədəbiyyatşünasları, mətnşünasları, dilçiləri və başqa sahələrin mütəxəssislərini yalnız Füzulinin əsərlərini çapa hazırlamaqla öz işlərini bitmiş hesab etməməyə çağırırdı... Heydər Əliyev ədəbiyyatşünasların qarşısında Füzulini dünya miqyasında tanıda biləcək dərin elmi mündəricəli, yüksək tədqiqatçılıq keyfiyyətlərinə malik, lakin eyni zamanda geniş oxucu kütləsi üçün yazılmış populyar bir əsər qələmə almasını aktual vəzifə olaraq qarşıya qoyurdu..." Heydər Əliyev ədəbiyyatçılara tövsiyələrini verərək birmənalı olaraq tapşırırdı: "Füzuli haqqında elə bir kitab lazımdır ki, biz onu ingilis, fransız, alman, ərəb, fars dillərinə tərcümə edib yayaq".

Ümummilli lider ədəbiyyatımızın tarixi köklərinə çox diqqətli münasibət göstərərdi. Xüsusilə də "milli varlığımızın mötəbər qaynağı" adlandırdığı "Kitabi-Dədə Qorqud"a xüsusi rəğbəti var idi. Dövlət müstəqilliyimizi qazandıqdan sonra ulu öndərin həmin dastanın 1300 illiyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı imzaladığı fərman (1997-ci il 20 aprel) böyük tarixi nailiyyət idi. Ümummilli lider iftixar hissi ilə bildirirdi: "Kitabi-Dədə Qorqud" bizim ana kitabımızdır. Dədə Qorqud bizim əcdadımızdır. Biz fəxr edirik ki, belə tarixi abidəmiz... var.

Akademik Ramiz Mehdiyev yazır: "Hamımızın ümumi ruhunun ifadəsi olan "Dədə Qorqud" dastanının 1300 illik yubileyinin təntənə ilə keçirilməsi həqiqətən onu birdəfəlik Azərbaycan xalqının mənəvi sərvətinə çevirdi, gənclərimizin mənəvi dəyərlər sisteminə daxil etdi". Beləliklə, Heydər Əliyev əslində öz arzusuna çatdı. "Kitabi-Dədə Qorqud"un yubiley təntənəsinə bütün dünya şahidlik etdi. YUNESKO tərəfindən bu tədbirin keçirilməsi isə Heydər Əliyev siyasətinin qələbəsi idi. Elə bu hadisələrdən su içən başqa bir mədəniyyət, ədəbiyyat abidəsinin - "Manas" eposunun 1000 illik yubileyinin beynəlxalq səviyyədə qeyd olunması türk dünyasında böyük əks-səda verdi. Özbəkistan Respublikası Prezidentinin dəvəti ilə Daşkənddə yubiley mərasimində (1997-ci il) iştirak edən Heydər Əliyev bütün dünya türklərinə qətiyyətlə səsləndi: "Biz ümumi köklərə bağlıyıq, eyni tarixi köklərə mənsubuq və xalqımızın dilbirliyi, mənəvi-əxlaqi, mədəni dəyərlərinin birliyi bizi həmişə birləşdirmiş və dostluq şəraiti, qarşılıqlı yardım şəraiti yaratmışdır. Biz "Dədə Qorqud", "Alpamış", "Koroğlu" dastanlarından iftixar hissi ilə danışırıq. Çünki onlar həm özbək, həm də Azərbaycan xalqları üçün eyni dərəcədə dəyərlidir".

Heydər Əliyevin ədəbiyyatımızın, tariximizin, mənəviyyatımızın ən dərin qatlarına bələdliyi, bu sahələrə olan həssas münasibəti təkcə Azərbaycan müstəvisində müəyyənləşmirdi. Unudulmaz Şəxsiyyətin düşüncələrində, mənəvi dəyərlərimizlə bağlı söylədiyi fikir və mülahizələrində mütləq türk xalqlarının ortaq keçmişindən məntiq və faktlar qaynaqlanırdı: "Biz adətən böyük tariximiz haqqında, xalqlarımızın mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın yaradıcılığına istinad edirik, onları nümunə gətiririk. Nizami, Yunis Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məxdumqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, onu dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə keçərək xalqımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumi bəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, vətənə sədaqət hisslərini daim gücləndirmişdir".

Heydər Əliyev Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, mənəviyyatının, tarixinin əvəzsiz qayğıkeşi idi. Unudulmaz insanın bu istiqamətdəki nəhəng işləri sərkərdə xidməti ilə ölçüyə gələ bilər. Ulu öndərin bütün varlığı bu istiqamətə xidmətdən yoğrulmuşdur. Ümummilli lider haqqında yazanlar həqiqətən bir fikrin üzərində tez-tez dayanırlar ki, Heydər Əliyev sənətdə süniliyin, arxaikliyin, tənbəlliyin əleyhinə çıxardı. Yaradıcılığa məsuliyyətlə yanaşmağı, tərəqqi və irəliləyiş yolunu seçməyi vacib sayırdı. Yaranan hər bir bədii əsərin məzmununa, mənasına, mənəvi dəyərlərlə əlaqəsinə, süjetinə diqqət verərdi. Bu mövqe və münasibət hər birimiz üçün böyük məktəbdir. Bu bitib-tükənməyən dəryadan hələ öyrənməli cəhətlər çoxdur.

Əslində, Heydər Əliyev elə bir müdrik ideyanın, müqəddəs əməlin sahibi idi ki, ona arxalanıb bütün pisliklərə, şərə, mənəviyyatsızlığa qarşı mübarizə aparmaq olurdu. Ümummilli lider Heydər Əliyev deyirdi: "Biz heç bir mənəviyyatsızlığa dözə bilmərik. Biz bütün bunların qarşısını almalıyıq". Dünəninə daş ataraq bugünün qamaşdırıcı şüaları ilə qürrələnmək sonu bilinməyən bir yolun yolçuluğuna çıxmaq kimidir. Belə ki, milli-mənəvi dəyərlərimizə qarşı qəfil bir hücumun gizləndiyi vaxt Heydər Əliyev 13 avqust 2001-ci il tarixdə məşhur bəyanatını verdi. Milli-mənəvi dəyərlərin qorunması və sosial ədalətin bərqərarlığına yönəlmiş bu bəyanat, əslində, mənəviyyat dərsi oldu. Heydər Əliyev bu bəyanatı ilə bizim hər birimizin fəaliyyətində tətbiq edilməsi üçün əbədi proqram yaratdı. Bu bəyanatın hər cümləsində, kəlməsində müdrik fikir var. Oxu, öyrən və tətbiq et. Həmin bəyanatda ulu öndər qətiyyətlə bildirirdi: "Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli illər boyu sınaqlardan keçmiş bu mənəvi əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik". Biz bu qiymətli tövsiyəni yerinə yetirməliyik. Vətəndaş olaraq buna borcluyuq.

İllər təsdiqlədi ki, Heydər Əliyev Azərbaycan mənəviyyatının əsl mənada mühafizəçisi idi. Milli dəyərlərlə bağlı doqquz il öncə verilmiş bəyanat bu gün də təzə-tərdi, fəaliyyətimizə işıq salır. Həqiqətən də milli-mənəvi dəyərlərin qorunması ən vacib şərtlərdəndir. Çünki insanı ucalığa aparan yol birinci növbədə zəngin mənəviyyatdan keçir. Ulu öndərin bu məşhur bəyanatı, əslində, mənəviyyat dərsi oldu ki, hamı öz məsuliyyətini, vəzifəsini dərindən anlasın. Ulu öndərin qətiyyətli xəbərdarlığı insanların ürəyindən xəbər verdi. Milli-mənəvi dəyərlərə münasibət insan əxlaqının əsas göstəricisidir. Bu məsələdə hər birimizin əməyi, fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Fərəhli haldır ki, bu gün ulu öndərin arzuları, ideyaları çiçək açmaqdadır. Akademik Ramiz Mehdiyevin çox sərrast deyilmiş bir fikri var: "Heydər Əliyev bizim müasirimizdir. Elə bircə bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətdir. Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın, onun bugününün və gözəl gələcəyinin təcəssümüdür". Haqq dünyasına qovuşduğu ötən bu yeddi il ərzində Azərbaycanın özü kimi əbədi olan dahi şəxsiyyətin min cür çətinlik və mübarizələrlə saldığı yolun ləyaqətli varisi tərəfindən necə əzmlə davam etdiyinin şahidiyik. Bu gün də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndələrinin yubileyləri YUNESKO səviyyəsində qeyd edilir. Azərbaycan ədəbi mühitinə dövlət tərəfindən qayğı göstərilir. Onların səmərəli surətdə yaradıcılıq fəaliyyətləri ilə məşğul olmaları üçün müxtəlif sərəncamlar imzalanır, tədbirlər həyata keçirilir. Ulu öndərin çox sevdiyi şəhər olan Bakı inanılmaz dərəcədə gözəlləşib. Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı idi. Bu böyük məktəbin layiqli nümayəndələri ulu öndərin arzularını əzmlə həyata keçirərək ənənələrə yeni cizgilər vururlar. Ölkə Prezidenti cənab İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çox fədakarlıqla çalışırlar ki, Azərbaycanın adı dünyanın ən möhtəşəm dövlətləri sırasında özünəməxsus yer tutsun. Bu gün Azərbaycan beynəlxalq məclislərə ev sahibliyi edir. Yurdumuza gələn əcnəbilər ölkəmizin gözəlliyinə, xalqımızın qonaqpərvərliyinə, böyük ürək sahibi olmağına, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, musiqimizə məftun kəsilirlər.

...Bu məktəbin tələbələri milyonlar, müəllimi ulu öndərdi. Həyat da, bu dərslərdən öyrənmək də davam edir... Yeddi il öncə Mehriban xanım Əliyeva "Həyat dərsi" adlı məqaləsində çox haqlı olaraq qeyd etmişdir ki, Heydər Əliyevin həyat dərslərinin mahiyyəti elədir ki, həmişə öyrənilir. Nə yaxşı ki, bu inam dərsinin vaxtı əbədidir.

 

Flora XƏLİLZADƏ,

Azərbaycan.- 2010.- 11 dekabr.- S.4.