Ötən 5 ildə Milli Məclisin Sosial siyasət komitəsinin fəaliyyəti məhsuldar olmuşdur

 

Dekabrın 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin ötən beş il ərzindəki fəaliyyəti barədə qısa məlumat verdi. Bildirdi ki, bu müddət ərzində komitədə 5000 şikayət ərizəsinə baxılmışdır. 92 komitə iclası keçirilmiş, 120 qanun layihəsi hazırlanıb təqdim olunmuşdur.

Milli Məclis Sədrinin müavini Bahar Muradova komitə üzvlərini təbrik etdi: "İlk öncə, deputat adına layiq görüldüyünüzə görə sizləri təbrik edirəm. Hamımız şərəfli missiyanı yerinə yetiririk. Komitə üzvlərinə arzulayıram ki, daha fəal çalışaraq yeni qanun layihələri hazırlayıb gündəmə gətirsinlər. Komitənin qarşıdakı illərdə yenə uğurlu layihələr həyata keçirəcəyinə inanıram."

İclasın gündəliyində duran "İstehsalda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari siğorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi haqqında Hadi Rəcəbli məlumat verdi. Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Daha sonra "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarıldı və Milli Məclisin plenar iclasına tövsiyə olundu.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsi də müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Sonda 2011-ci ilin yaz sessiyası zamanı müzakirəsi nəzərdə tutulmuş qanun layihələri barədə fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2010.- 14 dekabr.- S. 3.