Bakıda Beynəlxalq onkourologiya simpoziumu keçirilmişdir  

 

Dekabrın 11-də Bakıda Beynəlxalq onkourologiya simpoziumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, simpoziumda Azərbaycan, Türkiyə, Rusiya, Belarus Almaniyadan mütəxəssislər iştirak etmişlər.

Tədbirdə görkəmli alim, akademik Mirməmməd Cavadzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Simpoziumun açılışında Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktoru, görkəmli alim, akademik Cəmil Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, simpoziumda onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaqdır.

Akademik tədbirdə müzakirə olunan yeniliklərin tətbiq edilməsinin onkourologiya elminin inkişafında müsbət rol oynayacağını vurğulamışdır.

C.Əliyev diqqətə çatdırmışdır ki, Azərbaycanda səhiyyənin digər sahələri kimi, onkologiya sahəsi sürətlə inkişaf edir. Ölkəmizdə onkoloji xəstəliklərin yayılması getdikcə azalır.

Milli Onkologiya Mərkəzinin onkourologiya şöbəsinin müdiri Fuad Quliyev "Azərbaycan Respublikasında onkoloji xidmətin təşkili perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Şöbə müdiri bildirmişdir ki, son illərdə ölkəmizdə yüzlərlə səhiyyə ocağı bərpa olunmuş, yenidən tikilmiş, ən müasir avadanlıqla təchiz edilmişdir.

2009-cu il sentyabrın 17-də Prezident İlham Əliyevin iştirakı ilə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olmuşdur. Korpusda xəstələrə yüksək tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılmışdır. Ölkəmizdə çox yaxşı həkimlər, mütəxəssislər vardır.

Eyni zamanda, Azərbaycanda "Onkoloji xəstələrin şiş əleyhinə həyati vacib preparatlarla təminatı üzrə Dövlət Proqramı" qəbul edilmişdir. Bu proqram Azərbaycanda səhiyyə sahəsinə, insanların sağlamlığının qorunmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Azərbaycan onkoloji xəstəliklərlə mübarizə sahəsində beynəlxalq əlaqələrini genişləndirməkdədir. Ölkənin səhiyyə naziri Oqtay Şirəliyevin Prezident yanında Xüsusi Tibb Xidmətinin rəisi, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin İtaliyaya səfəri çərçivəsində bu ölkə ilə onkologiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Diqqətə çatdırılmışdır ki, onkoloji xəstəliklər dünyada insanların ən çox ölümünə səbəb olan xəstəliklər sırasındadır. Hazırda xərçəngin ən geniş yayılmış növlərindən biri prostat vəzinin xərçəngidir. Əgər müayinə zamanı prostat vəzinin xərçəngi aşkarlanıbsa (karsinoma) qorxuya düşmək lazım deyildir. Statistikaya görə, erkən aşkarlanmış karsinoma 90 faiz müalicə olunur.

Bildirilmişdir ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, əgər qarşısı alınmazsa 2005-2015-ci illərdə onkoloji xəstəliklərdən 84 milyon insan dünyasını dəyişə bilər.

Xəstəliyin erkən diaqnostikası çox vacibdir. Əhalinin vaxtaşırı müayinədən keçirilməsi üçün maarifləndirmə işlərinə ehtiyac vardır. İctimaiyyətin diqqətini bu təhlükəli xəstəliyə yönəltmək üçün hər il fevralın 4-ü dünyada Beynəlxalq Xərçənglə Mübarizə Günü kimi qeyd olunur.

Onkoloji xəstəliklərdən qorunmaq üçün insan orqanizminə zərərli vərdişlərdən yayınmaq, sağlam qidalanmaq, fiziki fəallıq əsas şərtlərdir.

Simpoziumda Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyev "Prostat vəzi xərçənginin erkən diaqnostikasında PSA-nın yeri yeni aspektləri", Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasının müdiri Samir Cavadzadə "Prostat vəzinin transuretral rezeksiyası", Türkiyədən olan mütəxəssislər - Onkourologiya Cəmiyyətinin sədri Yaşar Bedük "Radikal sistektomiya: optimal müalicə üsulu ya xəstəliyə optimistik baxış", Qazi Universitetinin urologiya kafedrasının nümayəndəsi Sinan Sözen "Prostat vəzinin biopsiyası: Kimə? Niyə? zaman?", Haceteppe Universitetinin urologiya kafedrasının müdiri Haluk Özen "Radikal prostatektomiya: cərrahi texnikanın təkmilləşdirilməsi",

Mərmərə Universitetinin urologiya kafedrasının əməkdaşı Levent Türkeri "Yerli yayılmış prostat vəzinin xərçəngi: həkim xəstə üçün davam edən dilemma", Ege Universitetinin urologiya kafedrasının müəllimi Çağ Çal "Metastatik prostat vəzi xərçənginin müalicəsinə müasir baxış", Rusiya Onkourologiya Cəmiyyətinin prezidenti Vsevolod Matveyev "Radikal prostatektomiya: göstərişlər uzaq nəticələr", Cəmiyyətin vitse-prezidenti Oleq Karyakin "Sidik kisəsi xərçəngində orqansaxlayıcı müalicənin aspektləri",Belarus Respublikası N.N. Aleksandrov adına Onkoloji Elmi Mərkəzin onkouralogiya şöbəsinin rəhbəri Sergey Polyakov "Sidik kisəsi xərçəngində fotodinamik diaqnostikanın klinik dəyəri" mövzularında məruzələri digər məruzələr dinlənilmişdir.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmış, simpoziumun əhəmiyyəti vurğulanmışdır.

 

Azərbaycan.- 2010.- 12 dekabr.- S.3.