Mütərəqqi idarəetmə sisteminin müəllifi

 

 Əsl həqiqət müqayisədə üzə çıxır. İllər bir-birini əvəzlədikcə yeni həyat gerçəklikləri keçilmiş yolun hər bir mərhələsinə parlaq işıq salır. Bu günün uğurları yaxın keçmişə dolğun və obyektiv qiymət vermək imkanı yaradır. Bu həqiqət işığında qəlbi daim vətən eşqilə döyünən böyük dühaların, fenomen şəxsiyyətlərin milli dövlətçilik qarşısındakı xidmətləri də aydın görünür. Əminliklə deyə bilərik ki, müstəqil respublikamızın hazırda qazandığı böyük nailiyyətlər də məhz Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyev böyük siyasətdə qarşıya qoyduğu hədəflərə doğru irəliləyərkən təkcə daxili inamına, iti fəhminə, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanmış, ən böyük dəstəyi xalqdan almışdır. Şəxsiyyət və lider kimi böyüklüyü ona hələ sağlığında ikən ümummilli liderlik zirvəsini fəth etmək imkanı vermişdir. Məhz bu qeyri-adi xüsusiyyəti sayəsində ulu öndər həm də idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici toplumunu arxasınca apara bilmişdir. Heydər Əliyevin liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindəndir.

Bütün bunların fonunda ulu öndər Heydər Əliyevin həm də mənəvi-əxlaqi cəhətdən nə qədər zəngin və kamil insan olduğu bir daha aydın görünür. Ümummilli lider dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi dəyərlərə sadiq qalmış, əsl azərbaycanlı dünyagörüşünə malik olmuşdur. Böyük strateq və dövlət xadimi siyasətdə mənəvi əxlaq - sadəlik, düzgünlük, təmizlik, vicdanlılıq, ləyaqətlilik, yurdsevərlik, məğrurluq, mərdlik kimi normaları daim uca tutmuş, irəli çəkdiyi, etimad göstərdiyi kadrların da bu keyfiyyətlərə malik olmasına ciddi fikir vermişdir.

Dövlət idarəçiliyində, ümumilikdə, siyasi arenada uğuru təmin edən cəhətlər sırasında onun novatorluğu xüsusi yer tutur. Ümummilli lider xalqın milli xüsusiyyətlərinin, özünəməxsusluğunun saxlanılması və gələcək nəsillərə çatdırılması məsələsində nə qədər mühafizəkar idisə, elmi-texniki yüksəlişə, inkişafa, sosial-mədəni tərəqqiyə xidmət edən proqram və konsepsiyaların həyata keçirilməsində, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqində bir o qədər yenilikçi və islahatçı idi. Ulu öndərin lider kimi yenilikçilik, təşəbbüskarlıq keyfiyyətləri onun qurucu və yaradıcı, eyni zamanda maarifçi insan olmasından irəli gəlirdi.

Ulu öndər 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan dərhal sonra Azərbaycana birinci rəhbərliyi dövründə milli kadrların və dövlət qulluqçularının hazırlanması sahəsində başladığı işləri daha geniş miqyasda, sistemli şəkildə davam etdirməyi prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. İdarəçilikdə rəhbərin davranışları, iş metodu, dövlət qulluğunda üstünlük verdiyi meyarlar komandadakı əhval-ruhiyyəyə də müsbət və ya mənfi anlamda təsir göstərir. Bu mənada Heydər Əliyevin yüksək vətənpərvərliyi, ekstremal situasiyalarda düzgün və ədalətli qərarlar qəbul etmək bacarığı, tükənməz enerjisi, işgüzarlığı, onun rəhbərlik etdiyi komandanın da çevikliyinə təkan vermiş, məmurlarda məsuliyyət hissini daha da gücləndirmişdir. Bu komandanın hər bir üzvü yaxşı bilirdi ki, Heydər Əliyevin etimadını və rəğbətini qazanmağın yeganə yolu vicdanla, məsuliyyətlə işləmək, qarşıya qoyulmuş vəzifələri tez bir zamanda yerinə yetirməkdir. Dahi öndər yaxşı işləyən dövlət qulluqçularını mükafatlandırmaqla yanaşı, verilmiş göstərişləri lazımi səviyyədə yerinə yetirə bilməyən, qulluq səlahiyyətlərini aşan, xalq kütlələrində haqlı narazılıq doğuran hərəkətlərə yol verən məmurları müşavirələrdə açıqca ifşa edir və bu digərlərinə yaxşı görk olurdu. "Azərbaycanın dövlət başçısı, Prezidenti kimi mənə yaxşı işdən savayı heç bir mükafat vermək, xoş söz demək lazım deyildir. Bunların heç biri mənə lazım deyil. Yaxşı işləyin, iş görün. Amma təmiz iş görün, mənəvi saflığı təmin edin" - vaxtı ilə dediyi bu sitat bir daha təsdiqləyir ki, ulu öndər dövlət idarəçiliyində məmur məsuliyyəti meyarlarını düzgün müəyyənləşdirmiş, hər bir komanda üzvünün işinə xalqın rəyi əsasında qiymət vermiş, özünün zəngin təcrübəsini onlara təlqin etməyə çalışmışdır.

İdarəçilikdə siyasi varislik ənənəsi həm də kadrların seçilməsi və dəyərləndirilməsi ilə bağlı mütərəqqi ənənələrin qorunub saxlanılmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Sevindirici haldır ki, 2003-cü ilin oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin kadr siyasətini də yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdirir. Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. "Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır" - deyən cənab İlham Əliyevin siyasətinə olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan liderlik institutunun Azərbaycan üçün nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür.

Ötən 7 ildə regionların tərəqqisi, əyalətlərdə yeni iş yerlərinin açılması, urbanizasiya prosesinin səviyyəsinin azaldılması, sosial-infrastrukturun yenilənməsi, yerlərdəki problemlərin aradan qaldırılması məqsədilə imzaladığı sənədlərin icrası vəziyyəti ilə tanış olmaq, sıravi insanlarla ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına ardıcıl səfərlər edən cənab Prezidentin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırır. Xalqı seçkidən-seçkiyə yada salan bəzi siyasi qüvvələrdən fərqli olaraq, Azərbaycan Prezidentinin bölgələrə səfərləri kampaniyaçılıqdan tamamilə uzaq olub onun təkmil idarəçilik üslubunun mahiyyətindən irəli gəlir.

Son illər Azərbaycanda müşahidə olunan dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, eyni zamanda, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğının nəticəsidir. İş adamı olaraq son 7 ildə dövlət başçısı İlham Əliyevin sahibkarlara hərtərəfli dəstəyini hər addımda hiss etmişəm. Möhtərəm Prezident ötən müddətdə həyata keçirdiyi əməli tədbirlərlə, imzaladığı müvafiq fərman və sərəncamlarla sahibkarların himayədarı olduğunu təsdiqləyib. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlib.

Bakıya daxilən bağlı olan, onu milli kimliyimizin və varlığımızın rəmzi kimi sevən cənab İlham Əliyev ötən 7 ildə şəhərin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün lazımi tədbirləri görür. Son illərdə tikinti sahəsinin dinamik inkişafı, respublikanın hər bir guşəsində böyük abadlıq-quruculuq işlərinin aparılması da məhz dövlət başçısının sahibkarlara qayğısı nəticəsində mümkün olmuşdur. Rəhbəri olduğum "Prant" firması da ölkə qanunvericiliyinin tələblərinə riayət etməklə, dövlət başçısının müvafiq fərman və sərəncamlarına uyğun fəaliyyət göstərməyə, paytaxt ekologiyasını, yaşıllıqları qorumağa, şəhərimizin gözəlləşdirilməsinə çalışır. Hesab edirəm ki, sahibkarlığın inkişafı təkcə ölkənin sosial-iqtisadi inkişafına deyil, həm də ictimai-siyasi sabitliyin möhkəmlənməsinə, demokratikləşmə proseslərinin sürətlənməsinə, vətəndaş cəmiyyəti quruculuğuna təkan verən mütərəqqi prosesdir. Halal yolla pul qazanan, dövlət qarşısında sosial məsuliyyətini dərk edən iş adamlarının sayının artması yerli xarakterli sosial problemlərin həllinə də yaxşı imkanlar açır. Sevindirici haldır ki, dövlətin hərtərəfli dəstəyi müqabilində məsuliyyətini düzgün dərk edərək xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan, əhalinin problemlərinin həllində iştirak edən sahibkarların sayı da getdikcə artır.

 

Yusif ƏLƏKBƏROV,

"Prant" firmasının sədri

Beynəlxalq mükafatlar

laureatçısı

Azərbaycan.- 2010.- 12 dekabr.- S.7.