Rəcəb Tayyib Ərdoğan: "Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulsa, bütün problemlər öz həllini tapar"

 

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TRT kanalının "Eninə-boyuna" proqramında Cənubi Qafqazdakı vəziyyəti qiymətləndirərkən demişdir: "Ermənistanla protokolların ratifikasiyası, sərhədlərin açılması və s. məsələlərdə bizim ATƏT-in Minsk qrupundan həllini istədiyimiz bir məsələ vardır. Mən bunu Amerikaya son səfərimdə Barak Obamaya və Rusiyaya səfərimdə Dmitri Medvedevə və Vladimir Putinə də çatdırdım. Minsk qrupunun ciddi etinasızlığı vardır. Yəni, 20 ilə yaxın bir müddətdə bu işi başa çatdıra bilmədilər. Əgər Rusiya, ABŞ və Fransa bu vaxt ərzində məsələni həll etsəydi, bu gün problemlər də olmazdı. Əgər onlar istəsəydilər, Ermənistan bu işğala son qoyardı. Məlumdur ki, Ermənistan Azərbaycan ərazisini işğal etmişdir. Bunu BMT təsdiq və təsbit etmişdir. İşğala son qoyulduqdan sonra ortada bu cür problem qalmayacaqdır. Amma Rusiya, ABŞ və Fransa bu istiqamətdə gözlənilən səyləri göstərmir. Aprel ayı yaxınlaşır və "ABŞ Konqresində elə olacaq, belə olacaq" fikirlərinə qarşı biz onlara söylədik ki, sizin parlamentiniz olduğu kimi, bizim də vardır. Biz hər hansı məsələdə parlamentimizə təzyiq göstərə bilmərik və onun hər bir qərarına əməl edəcəyik. Biz İsveçrədə imzalanmış protokolu da parlamentə göndərmişik. Amma Ermənistan bu sənədlərə dəyişikliklər edərək parlamentə göndərir. Burada bəlkə Sarkisyan öz siyasi mövqeyini gücləndirmək istəyir. Bizim Cənubi Qafqaz platforması çərçivəsində atdığımız addımların da bu proseslə yaxın əlaqəsi vardır. Amma bir nəticə əldə edilmədiyi halda, biz Amerikanın tələbi əsasında "tamam, biz bu addımı atırıq" da deyə bilmərik".

Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki, Ermənistan son illər Türkiyənin atdığı müsbət addımlara uyğun cavab verməmişdir. Hazırda Türkiyədə 170 minə yaxın erməni vardır və bunlardan yalnız 70 mini ölkə vətəndaşıdır. Qalanları qaçaq kimi yaşayır və gərginliyi artırmamaq üçün biz buna göz yumuruq. İstanbuldakı erməni əsilli vətandaşlarla görüşümdə də mən bunları çatdırdım.

 

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 2 fevral.- S. 1.