Azərbaycan ilə Oman arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur

 

Fevralın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla ilə görüşmüşdür.

Azərbaycan ilə Oman arasında sıx əlaqələrin mövcudluğunu qeyd edən nazir E.Məmmədyarov münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu vurğulamışdır.

Hər iki ölkənin bir çox beynəlxalq səviyyəli məsələlərə münasibətdə eyni mövqedən çıxış etdiyini deyən E.Məmmədyarov Oman Sultanlığının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı ölkəmizin ədalətli mövqeyini Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə qonağa məlumat vermişdir.

Nazir Yusuf bin Alavi bin Abdulla 1992-ci ildə Azərbaycanda olduğunu ötən müddətdə ölkəmizin sürətlə inkişaf etdiyini, Azərbaycanın əsl XXI əsr dövlətinə çevrildiyini vurğulamışdır.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən omanlı nazir bunun iqtisadi, mədəni digər sahələrə şamil edilməsinin vacibliyini bildirmişdir.

Tərəflər Azərbaycan ilə Oman arasında münasibətlərin intensivləşdirilməsi üçün əlaqələri tənzimləyən hüquqi-normativ bazanın daha da gücləndirilməsi zəruriliyinə dair razılığa gəlmişlər. İki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq, xalqlararası əlaqələrin gücləndirilməsi məqsədilə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin səmərəliliyi vurğulanmışdır.

Görüşdə maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 3 fevral.- S. 2.