Moskvada böyük Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması mərasimi olmuşdur

 

Moskvanın mərkəzində, YeliseyevVoznesenski döngələrinin kəsişməsindəki bağda, Nizami Gəncəvinin abidəsi yaxınlığında böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin abidəsinin təməl daşının qoyulması münasibətilə təntənəli mərasim keçirilmişdir. Abidənin müəllifləri Rusiyanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki, professor Aleksandr Rukavişnikov, Beynəlxalq Arxitektura Akademiyasının akademiki, arxitektor İqor Voskresenskidir.

Moskva Hökumətinin tapşırığı ilə mərasimdə çıxış edən paytaxt merinin birinci müavini Lyudmila Şvetsova insanların böyük əksəriyyətinin fikirlərini ifadə edərək bildirmişdir ki, böyük Maqomayevin xatirəsi əbədidir, çünki ürəklərimizdə onun obrazı yaşayır, yalnız gözəl əhval-ruhiyyə doğuran nəğmələri səslənir: "O, doğma Azərbaycan torpağında dəfn olunmuşdur. Ancaq Moskva torpağında da elə bir yer olmalıdır ki, onun çoxsaylı qədirbilən pərəstişkarları, doğma və yaxınları gəlib öz hisslərini izhar edib, böyük müğənninin xatirəsini ana bilsinlər".

RF Dövlət Duması sədrinin müavini Lyubov Sliska demişdir: "Bu, Müslüm Maqomayev yaradıcılığının pərəstişkarlarının, onun dostlarının və yaxınlarının həyatında olduqca əhəmiyyətli bir gündür. Müğənninin həyatımıza gətirdiyi mahnılar təkcə Sovetlər İttifaqını deyil, həm də konsert verdiyi bütün ölkələri fəth etmişdir. Maqomayevin öz yaradıcılığı ilə nail olduğu bu birlik həyatda heç də hər kəsə müyəssər olmur. Abidələr susur, Müslüm Maqomayevin nəğmələri isə hələ uzun illər bizimlə olacaqdır".

Mərasimdə Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya, Moskvanın Mədəniyyət departamentinin rəhbəri Sergey Xudyakov, Moskva Şəhər Dumasının komissiya sədri Yevgeni Gerasimov, böyük opera müğənnisi Yelena Obraztsova, Maqomayevin yaxın dostu, "Krokus-İnternəşnl" şirkətlər qrupunun prezidenti Araz Ağalarov, televiziya aparıcısı Svyatoslav Belza, ÜAK-ın prezidenti Məmməd Əliyev, Azərbaycan diasporunun, yaradıcı ziyalıların nümayəndələri və paytaxt sakinləri iştirak etmişlər.

Təməlqoyma mərasimində çıxış edənlər xüsusi vurğulamışlar ki, Müslüm Maqomayevin abidəsi nəinki onun yaradıcılığını əbədiləşdirəcək, həm də Rusiya və Azərbaycan xalqları arasında dostluğun rəmzinə çevriləcəkdir.

Rəsmi mərasimdən sonra böyük həmvətənimiz Müslüm Maqomayevin gələcək abidəsinin təməl daşına güllər qoyulmuşdur.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2010.- 4 fevral.- S.  2.