Həqiqət və yalan

 

Düzdür, gor qonşularımız olan ermənilərin guya türklər tərəfindən "soyqırımı"na məruz qalması faktı tarixi müstəvidə təsdiqini tapmayıb. Heç tapmayacaq da. Çünki olmayan hadisəni necə həqiqət kimi qəbul etmək olar?! Amma erməni təbliğatı bu saxta faktı bir çox dövlətlərə qəbul etdirə biliblər. Həqiqi faktlarsa başqa reallıqlardan xəbər verir.

Hər dəfə erməni millətçilərinin vəhşiliklərindən söz düşəndə doğma yurdum olan Şərur torpağında baş verən hadisələri xatırlayıram. Təkcə 1918-20-ci illərdə Şərurun 56 kəndində törədilmiş qırğınlarda 428 nəfər öldürülüb, minlərlə ev dağıdılıb, 7 minə yaxın insan aclıq və soyuqdan əziyyət çəkərək dünyasını dəyişib. 100 ildən artıq ömür sürmüş doğma nənəmin sözlərinə görə, həlak olanlar arasında bizim doğma və yaxınlarımız da çox olub. Qırğından qorunmaq istəyən qohum-əqrəbamızın bir qismi Araz çayını keçərkən boğulub. Evlərlə birlikdə kəndimizdəki məscid də yandırılıb. Naxçıvanın Nehrəm, Yaycı, Sirab və digər kəndlərində daşnak cəlladı Andronik tərəfindən törədilən vəhşilikləri isə təsəvvürə gətirmək çətindir. 10 mindən artıq adamı təkcə o qətlə yetirib. Ümumiyyətlə, tarixi qaynaqlar da sübut edib ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə erməni millətçiləri tərəfindən 2 milyon nəfərə yaxın azərbaycanlı kütləvi surətdə qətlə yetirilmiş, yaxud öz dədə-baba torpaqlarından deportasiya olunmuşdur.

 

***

 

"Erməni-türk qırğını" haqqında iki böyük tarixi əsərin müəllifi olan Tom Krikosyanın belə bir sözü var: "Erməni məsələsi Qərb dövlətləri (diplomatları) üçün bir qapıdır. Lazım gələndə açırlar, lazım olmayanda bağlayırlar". Artıq dünyanın nüfuzlu və təcrübəli siyasətçilərinə də məlumdur ki, "erməni siyasəti"ni dəstəkləyən bəzi Qərb dövlətləri bəşəriyyəti dəhşətli etnik oyuna - müsəlman-xristian qarşıdurmasına aparırlar. Amma bu dəstəyi təkcə xristian-müsəlman qarşıdurmasının yaradılmasına xidmət edən siyasət kimi səciyyələndirmək də düzgün olmaz. Çünki məlum qüvvələr erməni-türk münaqişələrini dərinləşdirməklə həm də qarşılarına türk dünyasını parçalamaq, dağıtmaq və onu dünyada gözdən salmaq məqsədini qoyublar. "Məzlum erməni" obrazı və "erməni soyqırımı" isə bu siyasətdə onların silahıdır.

90 ildən artıqdır ki, erməni separatçıları özlərinin saxta "soyqırımı" faktını təlqin edirlər. "Məqsədə gedən yolda hər vasitə məqbuldur" prinsipini əsas tutan qonşularımız niyyətlərinə çatmaq üçün dəridən-qabıqdan çıxırlar. Fürsət düşdükcə bir çox dövlətlərin parlamentlərində "erməni soyqırımı"nın tanınması ilə bağlı təşəbbüslər göstərirlər. Etiraf edək ki, bəzən istəklərinə nail olurlar. Çünki böyük maliyyə imkanlarına malik olan erməni lobbisi eyni zamanda, hiyləgərdir. Üstəlik, qeyd etdiyimiz faktor. Əgər Avropa Parlamenti kimi mötəbər bir qurumda Naxçıvanın Culfa rayonu ərazisində guya qədim erməni tarixi abidələrinin və qəbirlərinin dağıdılması ilə bağlı qətnamə qəbul olunursa, onda bir sıra ölkələrin parlamentlərində "erməni soyqırımı"nın tanınmasına təəccüblənmək lazım deyil. Baxmayaraq ki, bu, siyasətdə problemə ikili standartlarla yanaşmanın bariz nümunəsidir.

Sual oluna bilər: Ermənilərin saxta "soyqırımı" siyasətini qəbul etdirməkdə məqsədləri nədir? Bax, bu məqsədi hamılıqla və lazımınca dərk etmirik. Buna biganə, laqeyd münasibət bəsləyən soydaşlarımız təəssüf ki, var. Həm də bunun nəticəsidir ki, erməni millətçiləri utanıb-qızarmadan arxeoloji qazintılar nəticəsində üzə çıxarılan, Kür-Araz mədəniyyətinə aid olan maddi-mədəniyyət nümunələrini özününküləşdirməyə çalışırlar, qədim Naxçıvan torpağı haqqında iddialarını ortaya qoyurlar. Çünki yaxşı bilirlər ki, bu diyar bəşər sivilzasiyasının ilkin mədəniyyət beşiklərindən biridir. Şərur rayonunun Tənənəm kəndi yaxınlığındakı Qazma mağarasında 60-70 min il bundan əvvəl, daş dövrünün insanları yaşayıblar. Əshabi-kəhf, Daşqala, Kilid mağaralarında, Batabat yaylağında, Əlincəçay vadisində, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr də daş dövrü mədəniyyətinə aiddir. Naxçıvanın qədim tarixə və mədəniyyətə malik olmasını təkcə onun daş abidələri, arxeoloji qazıntıları sübut etmir. Bu torpaq həm də folklor və rəqs nümunələri ilə zəngindir. Min illərin, əsrlərin daş süzgəçindən keçərək bu günümüzədək gəlib çatan həmin nümunələr uzaq keçmişdən soraq verir. Naxçıvanın memarlıq inciləri isə tariximizin canlı varlığıdır. Sözsüz ki, bu qədim tarixin nə demək olduğunu yaxşı dərk edən üzdəniraq erməni tarixçiləri onu mənimsəməklə özlərini dünyanın sivil xalqları ilə bir sıraya qoymaq və Qafqazda yerli xalqlardan olduqlarını sübuta yetirməyə çalışırlar.

Onlar həm də bu qənaətdədirlər ki, dünyada "erməni soyqırımı"nı qəbul etdirə bilsələr, əlavə təzminatlar alacaq və işğal etdikləri torpaqları bir növ, ədalətin bərpası kimi qanuniləşdirəcəklər. Elə buradaca Ovenesyan adlı erməni müəllifinin bir sayıqlamasını xatırlamaq yerinə düşər: "Biz soyqırımı deməklə susmamalıyıq, durmamalıyıq, bunun nəticəsini istəməliyik".

 

***

 

Müstəqillik dövründə düşüncə və təfəkkürümüzdə yaranan dəyişikliklərlə cəmiyyətə və dünyaya baxışlarımız da xeyli başqalaşıb. Milli özünüdərkin güclənməsi dünənimizə, keçmişimizə bağlılığımızı artırıb. Bu sahədə xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri var. Millətin oyanışı, dirçəlişi üçün bütün imkanlardan maksimum istifadə edən ulu öndər uzaqgörənliklə deyirdi: "Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da..."

Bəs bizlər nə edirik? Yaxın tarixi keçmişimizdə çox ağrılar görmüşük. Təkcə ötən yüzilliyin birinci yarısı ərzində - 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə başımıza açılan müsibətləri yaşada bilmişikmi? 1918-ci il martın 31-də soyqırımına məruz qalmağımızı necə?! Əsrin sonlarında 20 Yanvar və Xocalı faciələri ilə üzləşdik. Onlar qan yaddaşımıza dərin izlər saldımı?

Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə soyqırımı siyasətinin daha qanlı bir səhifəsidir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin sovet ordusuna məxsus 366-cı alayla birgə törətdikləri qətliam faşist cəlladlarının Buhenvald və Osvensimdə əsirlərə verdikləri işgəncələrdən də ağırdır. Amma çox təəssüf ki, bu faciə də zamanında dünya ictimaiyyətinə soyqırımı faktı kimi çatdırılmadı. Bunun məsuliyyəti bütünlüklə ovaxtkı hakimiyyətin üzərindədir. Həmin məsuliyyətin yükü isə ağırdır: qətlə yetirilmiş 613, itkin düşmüş 112, şikəst edilmiş 487, əsir düşmüş 1275 soydaşımızın batan qını... Hətta həmin günlərdə Fransanın "Frans katolik ekklezla" jurnalında milliyyətcə erməni müxbir Saracyanın narahatçılıqla yazdıqları da hakimiyyəti tərpətmədi: "Xocalını gözlərimlə gördüm. Hər yerdən qan iyi gəlirdi. Qar üstündə qalaqlanmış cəsədlərdən qorxdum. Qorxdum ki, bu qan üçün Azərbaycan heç vaxt susmasın..."

Həmin hadisədən 3 gün sonra Naxçıvan hava limanının yenidən qurulması ilə bağlı keçirilən mərasimdə ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq Xocalı faciəsini böyük qətliam kimi qiymətləndirdi, həmin tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ulu öndərin hakimiyyətə yenidən qayıdışından sonra isə bu faciə erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı aktı kimi öz siyasi qiymətini aldı, bu barədə dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başladı. "Xocalıda həlak olanlar respublikamızın ərazi bütövlüyü yolunda qurban gediblər. Onlar xalqımızın apardığı mübarizənin qurbanları, şəhidləridir. Onların faciəli şəkildə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, rəşadətinin nümayişidir" - bu sözləri müdrik siyasətçi o günlərdə ürək ağrısı ilə demişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Azərbaycan Milli Məclisi Xocalı soyqırımını geniş müzakirə etdi. Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" elan olundu.

Təsadüf nəticəsində tanış olduğum bir Xocalı sakini ilə söhbətimi xatırlayıram. O, Xocalı faciəsindən bir gün əvvəl Ağdam şəhərindəki qohumlarından birinə qonaq gəlibmiş. Ailəsi - həyat yoldaşı, iki oğlu, bir qızı isə Xocalıda qalmışdı. Onlardan yalnız biri anası ilə qaçıb yaxasını qurtarmışdı. 12 yaşlı qızının meyitini isə həyat yoldaşı öz çiyinlərində Ağdama gətirib çıxara bilmişdi. Xilas edə bilmədiyi 9 yaşlı oğlu ölmüşdü... "Meşənin lap ortasında tonqallar üzərində yanmış üç meyit gördüm. Əzalarının çox hissələri yanmışdı, qara külə dönmüşdülər. Biri 9-10 yaşda oğlan uşağının meyitinə oxşayırdı. Ürəyimə nə isə damdı. Barmaqlarım ilə onu qarış-qarış ölçməyə başladım. Dəhşətə gəldim. Oğlum Anar boyda idi..."

 

***

 

Qafqazda milli zəmində münaqişələrin başlanmasında, qızışdırılmasında erməni "ziyalı"larının, xüsusən də, yazıçı və alimlərinin böyük rolu, daha doğrusu, günahı olub. Zori Balayan, Nalbandyan, Ovenesyan, Aqanbekyan kimilərinin... M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqanbekyanın erməni xalqına olan müraciətində səslənən sözlər daşnak əhval-ruhiyyəsinin bariz ifadəsidir: "Bizim düşmənimiz türklərdir, çalış həmişə onlarla bir yerdə ol və fürsət düşən kimi onlara əzab ver, torpaqlarına sahib çıx və orada məskunlaş". "Mən Qarabağın ermənilərinki olduğunu eşitmək istərdim. Bir iqtisadçı kimi hesab edirəm ki, o, Azərbaycana nisbətən Ermənistana daha yaxındır. Bu baxımdan mən bu barədə təklif də irəli sürmüşəm. Ümid edirəm ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq". Bu sözləri də akademik Aqanbekyan söyləyib.

Ermənilərin üzdəniraq "azadlıq fədaisi" hesab olunan Nalbandyanın 1988-ci ildə erməni gəncliyinə ünvanlanan vəsiyyəti də bu cür "ziyalı"ların iç üzünü açır: "Ey erməni, əgər sən küçədə zəhərli ilan görüb öldürməyibsən, eybi yoxdur, ilandır... Lakin türk görüb öldürməyibsənsə, satqınsan, vicdansızsan, xalqın düşmənisən, sən erməni deyilsən..."

Bizcə, şərhə ehtiyac yoxdur. Ehtiyac yalnız bu təbliğatın qarşısına sipər çəkməyədir. 1998-ci ilin mart ayının 26-da ulu öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Həmin sənəd tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm siyasi vasitədir. "Bu gün dövlətimiz və xalqımız qarşısında azərbaycanlılara qarşı əsrlər boyu aparılan soyqırımı siyasəti haqqında həqiqətləri bütün dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı siyasətinin ağır nəticələrini aradan qaldırmaq və bir daha təkrar olunmaması üçün ciddi tədbirlər görmək vəzifəsi durur. Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər"- bu sözləri ümummilli lider millətin oyanışı, özünü dərketməsi üçün söyləyib.

Prezident İlham Əliyev də bu məsələdə mövqe və baxışlarını hər dəfə qətiyyətlə bəyan edir: "Azərbaycanın ərazi bütövlüyü müzakirə məsələsi deyil, olmayıb və olmayacaqdır." Prezident onu da xüsusi vurğulayır ki, bizim mövqeyimiz tarixi həqiqətə əsaslanır. Qarabağ, o cümlədən Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu azərbaycanlılar orada yaşamış, yaratmışlar. Ermənilər bizim torpaqlarımıza qonaq kimi gəlmişlər və ondan sonra orada əksəriyyət təşkil etməklə o torpaqlara iddia etməyə başlamışlar.

 

***

 

Ötən əsrin böyük düha sahiblərindən olan Üzeyir Hacıbəyovun "Nərdivan" adlı felyetonu var. Böyük ustad başlıca bəlamız olan unutqanlığımız, biganəliyimiz və laqeydliyimizlə bağlı həmin əsərində ürək ağrısı ilə yazmışdır: "Qonşularımız siçan boyda iş görməyə başlayanda biz yatmışdıq. O vaxt oyandıq ki, onlar fil boyda iş görməyə başladılar. Gözlərimizi ovcalayıb dedik ki, biz də o boyda iş görə bilərik. Başladıq filin bir ayağını qayırmağa yorulduq, durub qaçdıq. Utandıq və yenidən işə başladıq. Amma bu dəfə fildən balaca olan dəvə boyda iş görməyi qərara aldıq. Ona da gücümüz çatmadı. Başladıq dəvədən balaca olan camış, eşşək, keçi, pişik boyda iş görməyə... Məsləhəti qoyduq siçanın üstünə, bu vaxt aramızdan bir pişik çıxdı və siçanı yedi..."

Amma nə yaxşı ki, zaman və dövr dəyişib, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasət düşüncə və təfəkkürümüzdə böyük yeniliklər yaradıb. Prezident İlham Əliyev isə ideoloji cəbhədə bütün istiqamətlər üzrə hücuma keçmək vaxtının çatdığını bəyan edib və haqqın, ədalətin qalib gələcəyinə inamımızı artırıb.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.- 4 fevral.- S. 4.