Moskvada Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin premyerası anşlaqla keçmişdir

 

Azərbaycan bəstəkarı, respublikanın xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin Yekaterinburq Opera və Balet Teatrının quruluşunda premyerası Moskvada, Böyük Teatrın səhnəsində anşlaqla keçmişdir. Tamaşanın Rusiya Mədəniyyət Nazirliyi, Moskva hökuməti tərəfindən "Qızıl maska" - "Rusiyanın ən yaxşı tamaşaları" festivalı çərçivəsində təşkil olunmuş nümayişi müəllifin 65 illik yubileyinə həsr edilmişdir.

Tamaşa başlamazdan əvvəl bildirilmişdir ki, artıq ikinci ildir "Qızıl maska" festivalı çərçivəsində "Maska Plyus" müsabiqədənkənar tamaşalar proqramı təqdim olunur. Rusiya Mədəniyyət Nazirliyinin və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi olmadan bu proqramı həyata keçirmək mümkün olmazdı.

RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DBƏF) həmsədri Mixail Şvıdkoy "Eşq və ölüm" baletinin Böyük Teatrın səhnəsində premyerasını Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsi baxımından çox vacib hadisə adlandırmışdır. Onun sözlərinə görə, Azərbaycan bəstəkarlarının Rusiyada və bütün postsovet məkanında səhnələşdirilən balet tamaşalarına musiqi yazmaları artıq yaxşı bir ənənəyə çevrilmişdir: "Bildiyiniz kimi, Polad Bülbüloğlu dahi Qara Qarayevin, Qara Qarayev isə dahi Şostakoviçin yetirməsidir. Bu baxımdan rus və Azərbaycan musiqi ənənələri arasında varislik və möhkəm tellər vardır. Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikov rus balet teatrı üçün musiqi bəstələmişlər. Polad Bülbüloğlu da hazırda bizim sahib olduğumuz həmin o ümumi mədəniyyətin böyük ənənələrini davam etdirir".

"Eşq və ölüm" baletinin süjeti YUNESKO-nun Dünyanın Mədəni İrsi siyahısına daxil olan "Kitabi-Dədə Qorqud" eposundan qaynaqlanır. Əsərin baş qəhrəmanları Azər və Baycanın faciəli eşqi Azərbaycan dövlətinin adını təcəssüm etdirir. Tamaşanın quruluşçu xoreoqrafı Nadejda Malıgina, quruluşçu dirijoru Fabio Mastranjelo, quruluşçu rəssamı İqor İvanovdur.

Moskvalılar baleti heyranlıqla, gurultulu alqışlarla qarşılamışlar. Sonra səhnəyə qalxan Polad Bülbüloğlu səmimi qəbula və alqışlara görə dərin minnətdarlığını bildirərək demişdir: "Əlbəttə, Böyük Teatrın səhnəsində tamaşa göstərmək hər bir kollektiv üçün şərəf və fəxrdir. Çox şadam ki, mənim musiqim, mənim baletim bu gün qocaman Yekaterinburq teatrının ifasında təqdim olunur".

Polad Bülbüloğlu jurnalistlərlə söhbətində bildirmişdir ki, bu, onun həyatında müstəsna bir gündür, çünki 65 illik yubileyi ərəfəsində Böyük Teatrda onun baletinin premyerası olmuşdur. Polad Bülbüloğlu bu gözəl hədiyyəyə görə Rusiya Mədəniyyət Nazirliyinə, DHƏF-ə, Böyük Teatrın rəhbərliyinə təşəkkürünü bildirərək demişdir ki, Rusiyanın bu qocaman səhnəsində tamaşa premyerası hər bir bəstəkarın yaradıcılığında çox əlamətdar bir hadisədir: "Sevinirəm ki, Azərbaycan musiqisi, Azərbaycan bəstəkarının musiqisi yenə də Moskvada səslənir və zənnimcə, bu, təkcə mənim deyil, bütün Azərbaycan mədəniyyətinin nailiyyətidir, ənənələrin davam etdirilməsidir, çünki bu səhnədə böyük Qara Qarayevin və digər bəstəkarlarımızın tamaşaları oynanılmışdır. Sevindirici haldır ki, italiyalı dirijorun, rusiyalı quruluşçu xoreoqrafın və Azərbaycan bəstəkarının birgə zəhməti ilə ərsəyə gəlmiş bu beynəlxalq layihə Rusiya paytaxtının mərkəzində həyata keçirilir və böyük hərarətlə qəbul edilir. Mən Azərbaycan mədəniyyətinin, Azərbaycanın adının həmişə yüksəkdə durmasını istəyirəm".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.-5  fevral.- S. 5.