İşıqlı sabaha doğru

 

İllər öncə radio və televiziya dalğalarında "Gəl, ey səhər" adlı coşqun mahnısı ilə eşidənin ruhunu oxşayan, hər kəsi işıqlı sabahlara çağıran, qəlblərdə gələcəyə böyük ümid yaradan bir səsin ahəngindən doymazdıq. Dünyada bir-birinə bənzəməyən gözəl, məlahətli, yanıqlı, həzin səslər çoxdur. Hər ifaçının da öz oxu tərzi, mahnı yaratmaq istedadı var. Amma gəlin etiraf edək ki, Polad Bülbüloğlunun səsi bütün eşitdiyimiz avazlardan fərqlidir. Haradasa cingiltili şəlalələri, su pıçıltısını, yarpaq xışıltısını xatırladır. Onun həyat dolu musiqisi insanın ömrünə yeni nəfəs bağışlayır. Sanki bu nəğmələrin qanadından yapışıb nurlu bir aləmə pərvazlanmaq istəyirsən. Polad Bülbüloğlu bizim gəncliyimizin müğənnisi olub.

 

O, milli ifaçılıq mədəniyyətimizə yeniliklər gətirmiş dahi sənətkarımız Bülbülün oğlu, öz yaradıcılıq dəst-xətti ilə XX əsr Azərbaycan musiqisinin qüdrətli siması sayılan böyük bəstəkar Qara Qarayevin tələbəsi və onun sənət məktəbini qürur və uğurla təmsil edən yaradıcı bir şəxsiyyətdir. Polad Bülbüloğlunu təkcə doğma vətənində deyil, dünyanın bir çox ölkəsində yaxşı tanıyırlar. Rusiya, Türkiyə, Gürcüstan, Moldova kimi ölkələrin dövlət təltiflərinə və fəxri adlarına layiq görülən Polad Bülbüloğlu əməkdar incəsənət xadimi titulunu alanda cəmi 28 yaşı var idi. 37 yaşında isə Azərbaycanın xalq artisti adına layiq görülmüşdür. 17 il Azərbaycanın mədəniyyət naziri olan Polad Bülbüloğlu türk dünyasının mədəniyyət mərkəzi sayılan beynəlxalq TÜRKSOY təşkilatının ilk baş direktoru kimi şərəfli missiyanı yerinə yetirmişdir. Bu məsul vəzifədə o, 12 il fasiləsiz çalışmışdır. Onun bu sahədəki xidmətləri qədirbilən mədəniyyət işçiləri tərəfindən həmişə dəyərləndirilir və xatırlanır.

Yer kürəsinin 70-dən artıq ölkəsində konsertlər vermiş Polad Bülbüloğlu həmişə yüzlərlə pərəstişkarının alqış və çiçək selinə bürünüb. O, təkcə konsert salonlarında deyil, bəzən də minlərlə tamaşaçı tutan möhtəşəm stadionlarda, açıq hava səhnələrində, hətta dənizlərdə - gəmi-klublarda belə, insanlara musiqi ilə dolu duyğulu anlar bəxş edən bir sənətkardır. O, ömrü boyu nəğməkar Bülbülün oğlu olduğunu, çiyinlərində mənəvi varislik möhürünün məsuliyyətini unutmayıb. Bu səbəbdən də təqdim etdiyi nəğmələrdə vətən məhəbbəti, onun gözəllikləri, sabaha ümid notları həmişə böyük coşqunluqla, ovsunluqla dil açaraq tamaşaçını özünə cəlb edib.

Polad Bülbüloğlunun anadan olmasının 50 illik, 60 illik yubileylərini təkcə Azərbaycandakı pərəstişkarları deyil, dünyanın çox ölkəsində yaşayan dostları, sevənləri təmtəraqla qeyd etdilər. 50-dən artıq filmə və onlarla teatr tamaşalarına coşqun melodiyalar yazan, öz musiqisi ilə qəlbləri fəth edən Polad Bülbüloğlu yaradıcılığında müxtəlif zirvələr var. O, həm gözəl mahnılar müəllifi, həm də ifaçısı kimi sevilməkdədir. Təbii ki, onun musiqi həyatı verdiyi nəğmələri özü kimi təsiredici, yaddaqalan, xoş ovqat yaradan ahəngdə heç kim ifa edə bilmir. Polad Bülbüloğlu mahnılarına məhz öz möhürünü vurmuş sənətkardır. Musiqi eşidilən kimi dərhal anlaşılır ki, bu, Polad Bülbüloğluya məxsus əsərdir. Mütəxəssislər həmişə təsdiqləyirlər ki, Polad Bülbüloğlunun musiqisində və ifasında elə bir məqam, hal mövcuddur ki, onu başqa əsərlərdə, ifalarda eşitmək mümkün deyil. Polad Bülbüloğlu həm orijinal bəstəkar, həm də özünəməxsus səs tembrinə malik ifaçıdır. O cümlədən, Polad Bülbüloğlunun yaradıcılığında musiqinin başqa janrları, deyək ki, ciddi simfonik əsərlər, instrumental, lirik melodiyalar da var. İllər öncə Azərbaycan Dövlət Opera və Balet Teatrında Polad Bülbüloğlunun "Ölümlə rəqs edən məhəbbət" adlı baletinə tamaşa etdik. Şərq əfsanəsi əsasında yazılmış bu nəhəng səhnə əsərinin qədəmləri çox uğurlu oldu. Sonralar Rusiyanın neçə şəhərindən bu baletin xoş sədası gəldi. Polad Bülbüloğlu böyük ustalıq və məharətlə özündən əvvəl bu janrda əsərlər yazmış bəstəkarların yaradıcılıq yolunu uğurla davam etdirdi. Bəzən özü etiraf edir ki, dövlət işi ilə məşğul olmaq, müxtəlif layihələrin hazırlanmasında iştirak etmək onu royaldan ayrı salıb. Amma illərin statistik məlumatları təsdiqləyir ki, Polad Bülbüloğlu məhsuldar bəstəkar olduğundan o, bu boşluqları çox asanlıqla doldurmağı bacardı. Şöhrəti ölkələr dolaşan və rəğbətlə qarşılanan "Ölümlə rəqs edən məhəbbət" baleti bir ömrün əbədilik zirvəsinə çevrilən çox nəhəng və möhtəşəm əsərdir. Bəzən yaradıcı insanlar bir bayatısı, bir mahnısı, bir şeiri, bir rəsm əsəri ilə mədəniyyət tarixinin pozulmayan, unudulmayan naxışına çevrilirlər. Polad Bülbüloğlu yaradıcılığı isə o qədər zəngin və hərtərəflidir ki, onu bəzən təqdim etməkdə çətinlik çəkirsən. Musiqi tərtibatı verdiyi filmlərin, teatr tamaşalarının adlarını yazsaq uzun bir siyahı yaranar. Mahnılarının isə sayı-hesabı yoxdur.

Onun həyatında bir məqam da var ki, həmişə kövrəkliklə xatırlayır. 1957-ci ilin bir sərt qışında böyük Bülbülün şərəfinə təşkil edilən konsertdə atasına həsr etdiyi "Evləri var xana-xana" xalq mahnısını ilk dəfə səhnədə ifa etdi. Onda Poladın 12 yaşı var idi. Onun bu debütü həm atası, həm də tamaşaçılar tərəfindən riqqətlə qarşılandı. O gecənin Poladın varlığında əks etdirdiyi xoş hisslər ömrü boyu onun həyat və yaradıcılıq yolunu müşayiət etdi və bəlkə də istiqamətləndirdi.

"İstiqlal" ordenli Polad Bülbüloğlu hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiridir. Onun bu sahədəki fəaliyyəti də diqqət çəkir. Müqəddəs Knyaz Nevski mükafatını alan soydaşımız bu təltifə Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb. Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasındakı, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə dəyərləndirilib.

Ötən il Azərbaycan tamaşaçıları Polad Bülbüloğlunun musiqi ilə bağlı maraqlı bir layihəsinin də şahidi oldular. Məlumdur ki, böyük Bülbülün yaradıcılığında bir sıra el nəğmələri və xalq mahnıları var ki, onları bu unudulmaz ifaçımız qədər heç kim məlahətlə oxuya bilməyib. Nə Bülbüldən əvvəl, nə də ondan sonra. Məhz Polad Bülbüloğlu Azərbaycanın tanınmış musiqi xadimi Səyavuş Kəriminin müşayiəti ilə Bülbülün nəfəsindən qopan o unudulmaz xalq mahnılarını ifa edərək diskə yazdırdı. Bülbül fondunda həmin CD-nin təqdimat mərasimi keçirildi. "Oxuyardı Bülbül... oxuyur Polad Bülbüloğlu" adlı həmin albomdan səslənən mahnılar bütün tamaşaçıları valeh etdi. Maraqlıdır ki, Polad Bülbüloğlu həmin nəğmələri canlı ifa edərək öz məharətini bir daha nümayiş etdirdi. Sonralar bu CD-nin həm Rusiyada, həm də Türkiyədə təqdimetmə mərasimləri uğurla davam etdirildi. Bütün bunlar Poladın bir ifaçı kimi öz üzərində necə iradə və həvəslə çalışdığından xəbər verir. Gənclik illərində oxuduğu "Dolalay", "Çiçək tapa bilmədim", "Ayrılıq", "Gəl, ey səhər". "Azərbaycan", "Dişlərin incidəndir", "Bayatılar" və digər nəğmələri ilə xalq məhəbbəti qazanmış Polad Bülbüloğlu ömrünün müdrik çağında xalq mahnılarımızı özünəməxsusluqla ifa edərək qəribə bir harmoniya yaratdı. Sanki biz dinləyicilər də elə bu nəğmələrin içində bir ömür yaşamışıq. Coşqunluqdan, qaynarlıqdan müdrikliyə, həzinliyə, nəticəyə doğru bir yol keçdik. Budur, Polad Bülbüloğlu musiqisinin bizim könüllərimizdə yaratdığı əks-səda! Biz nəslin musiqi zövqünün formalaşmasında, sənətə marağımızın artmasında müxtəlif mədəniyyət xadimlərinin, ifaçıların, bəstəkarların böyük təsiri var. Şübhəsiz ki, onlardan biri də Polad Bülbüloğludur!

Deyirlər ki, insanın ömrünü mənalandıran, onun yaradıcılığını rövnəqləndirən əsas məziyyət ananın, vətənin, təbiətin - bu kimi müqəddəs anlayışların varlığına tapınmaqdır. Polad Bülbüloğlu yaradıcılığında bu müqəddəs incilərin yeri çox böyükdür. Təkcə nəğmələrində, musiqi əsərlərində deyil, bir vətəndaş olaraq fəaliyyətində də vətən ünvanı Polad Bülbüloğlu üçün bütün varidatlardan yuxarıda dayanır. Onun işğaldan sonra iki dəfə Şuşaya getdiyinin şahidi olduq. Doğrudur, cəmiyyətdə bu məsələyə münasibət birmənalı qarşılanmadı. Amma vətənini, torpağını itirənlər üçün bu səfərin nə demək olduğu anlaşılır. Hansı yolla olursa-olsun, hansı məqsəd naminə planlaşdırılırsa, fərq etməz. Polad Bülbüloğlu ata yurduna qədəm basdı və operator da o "səyahəti" tamaşaçılara göstərə bildi. Musiqi mədəniyyətimizin beşiyi olan Şuşanın dağıdılmış, talan edilmiş, sındırılmış bu günü bizim ürəyimizi ağrıtdı. Bir vaxt müsahibə zamanı Polad Bülbüloğlu ürəyindən keçənləri belə dilə gətirdi: "Yaradıcı insan kimi arzularıma çatmışam. Həyatımdan da narazı deyiləm. Ailəmdə atamın adını daşıyan - Murtuza böyüyür. Dövlətimiz, xalqımız əməyimi həmişə yüksək qiymətləndirib. Bir mədəniyyət xadiminə çatacaq bütün mükafatları almışam. İndi də siyasi fəaliyyətimlə dövlətimizə xidmət edirəm. Dünyada bir arzum var - atamın vətəninə, doğma Şuşaya əbədi dönə biləydim! Yaşımın bu çağında da döyüşə getməyə hazıram!". Müqəddəs istəkdən su içən bu niyyəti bəzən səriştəsizlər müharibəyə təhrik kimi qiymətləndirirlər. Vətən uğrunda ölümə hamı hazır olmalıdır. Bu, müharibəyə çağırış deyil. Bu, vətənə qayıdışın harayıdır!

İndi görkəmli bəstəkarımızın 65 yaşı tamam olur. Bir nəğməsində səhəri arzulayıb bütün soydaşlarına, onu sevənlərə, pərəstişkarlarına aydın sabahlar, işıqlı günlər diləyən Polad Bülbüloğluna bu mübarək gündə biz də öz arzumuzu bildiririk. Qoy onun coşqun səsi Cıdır düzündən, Şuşa qalasından eşidilsin! Qoy onun "Gəl, ey səhər" mahnısının nidası Əsgərandan qanadlansın, Laçında, Qubadlıda, Qarakilsədə əks-səda versin!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-4  fevral.- S. 6.