Azərbaycan xalqının klassik irsi

 

2009-cu il fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır. Bu münasibətlə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayevin tərtibi, müqəddiməsi və redaktorluğu ilə "Molla Nəsrəddin" jurnalının nəşri tarixindən" adlı sənədlər məcmuəsi nəfis şəkildə çap edilmişdir. Elmin bir sıra sahələri üzrə A.Paşayevin səriştəli surətdə araşdırdığı elmi problemlər arasında əsas istiqamətlərdən biri də Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinə, onun "Molla Nəsrəddin" jurnalının yaranması və nəşri tarixinə həsr edilmiş mövzusu mühüm yer tutur.

 

Təsadüfi deyildir ki, o özünün namizədlik dissertasiyasını da məhz "Molla Nəsrəddin" jurnalının Şərqdə istibdad quruluşu və müstəmləkəçilik siyasətinə qarşı mübarizəsi (1906-1914-cü illər)" mövzusuna həsr etmişdir. Həmin vaxtdan başlayaraq müəllifin bu mövzuya marağı azalmamış, əksinə, o, problemin dərindən öyrənilməsi işini daha həvəslə davam etdirmiş, nəticədə sanballı sənəd bazası və faktiki materiallar toplanmışdır. A.Paşayevin çoxillik səmərəli fəaliyyəti sayəsində C.Məmmədquluzadənin 140 illik yubileyi münasibətilə çox dəyərli sənədlər məcmuəsindən ibarət sanballı bir kitab ortaya qoyulmuşdur. Qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadə və onun "Molla Nəsrəddin" jurnalının tədqiqi ilə təkcə A.Paşayev məşğul olmur. Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı haqqında külli miqdarda məqalə yazılmış, namizədlik, doktorluq dissertasiyaları müdafiə olunmuş, irihəcmli monoqrafiyalar nəşr edilmişdir. Bir sözlə, çox görkəmli yazıçılar, alimlər, ədəbiyyatşünaslar, tarixçilər, jurnalistlər bu mövzuya bağlanmışdılar. Bu da təəccüblü deyil. Azərbaycan mədəniyyəti, ədəbiyyatı və mətbuatı tarixində Cəlil Məmmədquluzadənin və onun "Molla Nəsrəddin" jurnalının xüsusi yeri və çəkisi var. Böyük yazıçı, dramaturq, publisist, ictimai xadim, maarifçi-demokrat C.Məmmədquluzadə ömrü boyu ürəkdən öz xalqının taleyi ilə maraqlanmış, onun maariflənməsi, inkişafı yolunda mübarizə aparmışdır. Özünün "Poçt qutusu", "Danabaş kəndinin əhvalatları", "Nadanlıq", "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı" və bir sıra təkrarolunmaz əsərlərində o, adamların nadanlığı, savadsızlığı haqqında ürək ağrısı ilə yazaraq əsl vətənpərvər və xalqını sevən bir şəxs kimi bu vəziyyətdən çıxış yolunu axtarırdı. Lakin həmin vaxt milli mədəniyyətin və dilin inkişafı üçün edilən hər hansı cəhd çar hakimiyyəti orqanları tərəfindən dərhal boğulur, çar mütləqiyyəti milli müstəmləkə zülmünü bir daha qoruyub saxlamaq üçün bütün tədbirlərə əl atırdı. Əsrlərlə davam edən istibdad zülmünü aradan götürmək və ya dəyişmək mümkün deyildi. Rus çarizminin ideoloqları müstəmləkə zülmü altında olan xalqların oyanmasını təlaşla qarşılayaraq hər vəchlə ona mane olmağa çalışırdılar. Bu cür mürəkkəb tarixi şəraitdə təkcə Azərbaycanda deyil, həm də bütün Şərq aləmində Cəlil Məmmədquluzadənin uzun illər gərgin axtarışlarının bəhrəsi olan ilk satirik "Molla Nəsrəddin" jurnalı meydana gəldi. Jurnal çar hakimiyyəti orqanlarının ciddi nəzarəti şəraitində belə xalqın tərbiyəsi və maarifləndirilməsi işində müstəsna rol oynayaraq, Azərbaycan mətbuatı və mədəniyyəti tarixində özünə layiqli yer tutdu. Təsadüfi deyildir ki, böyük Mirzə Cəlilin özü yazırdı ki, "Molla Nəsrəddin"i təbiət özü yaratdı, zəmanə özü yaratdı". Cəlil Məmmədquluzadənin təbiri ilə desək, bu jurnalın nəşri ilə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində "Molla Nəsrəddin" dövrünün əsası qoyuldu.

Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də Tiflisdə işıq üzü gördü. Lakin onun yaranması asanlıqla başa gəlməmişdi. Nəşr olunmuş sənədlərdən də göründüyü kimi, Cəlil Məmmədquluzadə bu işdə ağır, uzun və əzablı yollardan keçmişdir. A.Paşayevin qeyd etdiyi kimi, jurnalın yaradılması yolunda ilk addımı Cəlil Məmmədquluzadə o dövrdə Tiflisdə Azərbaycan dilində Məmmədağa Şahtaxtlının nəşr etdiyi "Şərqi-rus" qəzetində işlədiyi dövrdən atmağa başlamışdı. Sonralar öz xatirələrində Cəlil Məmmədquluzadə yazırdı ki, onun "Şərqi-rus" qəzetində fəaliyyəti dövrü jurnalın nəşri yolunda mühüm mərhələ olmuşdur. O yazırdı ki, əvvəla, burada mən yaxşı mühərriklik məktəbi keçmiş və özümə Ömər Faiq Nemanzadə kimi gözəl məslək dostumu tapmışam ki, onunla birlikdə jurnalın nəşri yolunda mübarizə aparmışıq.

Bu kitabın dəyəri bir də ondadır ki, orada dərc olunan sənəd və materiallar uzun illər Azərbaycan, Gürcüstan və Rusiyanın arxivlərindən toplanaraq ilk dəfə tam şəkildə əslində olduğu kimidir. Bu, ilk dəfə olaraq, əyani surətdə Cəlil Məmmədquluzadənin jurnalın nəşri yollarında keçdiyi əzablı yolları və bütün çətinlikləri rəsmi sənədlərin dili ilə izləməyə imkan verir. Bu sənədlər arasında xüsusilə naşirin hakimiyyət orqanlarına böyük və kiçikliyindən asılı olmayaraq, bütün məsələlərlə bağlı etdiyi müraciətləri diqqəti cəlb edir. Çünki bu dövrdə nəşriyyat işləri ilə əlaqədar bütün məsələlər bilavasitə çar senzurasının çox ciddi nəzarəti altında saxlanırdı və hər hansı cüzi bir irəliləyiş əldə etmək çox böyük əziyyətlə başa gəlirdi.

Kitabdakı həcmcə böyük olmayan, lakin məzmunca çox yığcam "Müqəddimə"də "Molla Nəsrəddin" jurnalının nəşri zamanı Cəlil Məmmədquluzadənin çox da yüngül olmayan mübarizəsini, bu çətin yolun mərhələlərini qısa və lakonik şəkildə əks etdirən A.Paşayev qeyd edir ki, nəşrə başladığı ilk gündən jurnal oxucular arasında böyük şöhrət qazanır və öz ətrafına o dövrün qabaqcıl Azərbaycan ziyalılarını toplaya bilir. Müqəddimə müəllifinin yazdığı kimi, yenicə yaranmış jurnalın səhifələrində onun redaktoru ilə yanaşı, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Salman Mümtaz və başqa bu kimi görkəmli Azərbaycan yazıçı və şairləri gizli imzalarla çıxış edirdilər.

Jurnalın bu qədər şöhrət qazanmasında milliyyətcə alman olan və Tiflisdə yaşayan rəssamlar - O.Şmerlinq və İ.Rotterin illüstrasiya və karikaturalarının da rolu danılmazdır.

Tez bir zamanda hər bir savadsızın belə başa düşəcəyi şəkildə nəşr olunan illüstrativ "Molla Nəsrəddin" satirik jurnalı təkcə Zaqafqaziyada deyil, bütün Yaxın və Orta Şərq ölkələrində də böyük şöhrət qazanmışdı. Oxucular onun hər bir nömrəsinin yolunu intizarla gözləyirdilər. Nəşrinin ilk günlərindən başlayaraq jurnal zamanın tələblərinə qabaqcıl demokratik mövqedən yanaşaraq milli müstəmləkə zülmünü, fanatik din xadimlərini, İran və Türkiyədəki despotizmi, burjua-mülkədar istismarını kəskin satira atəşinə tutur. Buna görə də jurnal dəfələrlə təqiblərə məruz qalır. Aşkar edilmiş yeni sənədlər əsasında A.Paşayev jurnalın dəfələrlə bağlanması səbəblərini araşdırır. Lakin istər jurnalın təqibi, istər ayrı-ayrı nömrələrinin müsadirə edilməsi, istərsə də çapa gedən nömrələrdəki materialların üstünün qaralanması və ya tamamilə çapdan silinərək yerinin boş buraxılması və ya məhkəməyə verilməsi Cəlil Məmmədquluzadənin döyüşkən ruhunu və iradəsini sındıra bilməmişdi. Jurnalın nəşri yolunda bu qədər gərgin işi onun öz mübarizəsində düzgün yolda olduğuna inamını daha da artırır və bütün həyatı boyu öz ideyalarına sadiq qalır. İlk nömrəsində "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" kimi qısa və mənalı çağırışda Cəlil Məmmədquluzadənin öz xalqına müraciəti və məhəbbəti, xalqının əzab-əziyyətləri və məhrumiyyətləri yolunda mübariz ruhu əks olunmuşdur. Müqəddimə müəllifi jurnalın tirajı, onun yayılması və dünyanın bir çox ölkəsində abunəçilərinin olması, xaricdəki bir çox kitabxanada bu gün də nüsxələrinin qorunub saxlanılması barədə maraqlı məlumatlar verir.

"Müqəddimə"nin ardınca kitabın əsas hissəsi - "Molla Nəsrəddin" jurnalının nəşri ilə bağlı sənədlərin müasir çap variantı və həmin sənədlərin əslləri (orijinalları) verilir. Kitabın xüsusi bölmələrindən biri də jurnalın dəfələrlə bağlanmasına, naşirlərin və mətbəə sahiblərinin məhkəmə məsuliyyətinə cəlb edilməsinə, ayrı-ayrı nömrələrinin qadağan və müsadirəsinə səbəb olmuş karikaturalarına həsr olunmuşdur.

Sonda kitabın "Qeydlər" bölməsində verilmiş izahlar xüsusilə diqqəti cəlb edir. Bu "Qeydlər" bölməsində verilmiş izahlar sənədlərin əslləri ilə üzvi surətdə tamamlanır. Sənədlərdə və sənədlərlə əlaqədar əvvəlki ədəbiyyatlarda verilmiş məlumatlar dəqiqləşdirilir, dəfələrlə jurnalın bağlanması səbəblərinə aydınlıq gətirilir, sənədlərdə adı çəkilmiş şəxslər və müxtəlif müsəlman məzhəb və təriqətləri xüsusilə bəhailər və babilər haqqında yığcam məlumatlar verilir.

Görünür ki, "Qeydlər" üzərində iş zamanı müəllif tərəfindən sənədlərdə istinad edilən külli miqdarda sənəd və materiala, xüsusilə mətbuat işləri və senzura məsələləri üzrə Rusiya İmperiyasının tam qanunlar külliyyatlarına, Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı haqqında kitablara, tədqiqatlara, müasirlərinin xatirələrinə, diplomatik sənədlərə və sairəyə müraciət etmişdir.

Nəticədə A.Paşayev sənədlərlə bağlı hər hansı bir məsələni o qədər dəqiq və dolğun aydınlaşdırır ki, oxucuda əlavə suala heç bir ehtiyac qalmır. Onu da qeyd edək ki, sənədlərin arxeoqrafik cəhətdən nəşrə hazırlanması üçün lazım olan bütün tələblər bu nəşrdə yüksək dərəcədə yerinə yetirilmişdir. Kitabın "Çaşıoğlu" nəşriyyatı tərəfindən əla poliqrafik səviyyədə hazırlanmasını da xüsusilə qeyd etmək lazımdır.

Bir sözlə, oxucuya Cəlil Məmmədquluzadənin Sovet hakimiyyətinə qədərki "Molla Nəsrəddin" jurnalında fəaliyyəti ilə bağlı çox ciddi bir elmi-tədqiqat işi təqdim olunmuşdur. Şübhə etmirik ki, kitab elmi ictimaiyyətimiz tərəfindən böyük maraqla qarşılanaraq Azərbaycan ədəbiyyatı və jurnalistikasına aid tarixşünaslığımızda özünün layiqli yerini tutacaq.

Bu tədqiqatla bağlı belə bir tarixi faktı da qəbul etməliyik ki, o həm də Azərbaycanın müstəqilliyi şəraitində nəşr olunub. Əvvəlki illərdən fərqli olaraq, hər hansı bir sənəd kupyursuz, ixtisarsız, heç bir qorxu və ehtiyat etmədən, sənədlərin əsllərinin ilk yaranışı şəklində dərc edilmişdir. Sözsüz ki, bu da orada qaldırılan fakt və hadisələrin olduğu kimi izahına və təhlilinə imkan verir və oxuculara çatdırılır. Məhz ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasında alimlər qarşısında etdiyi tarixi çıxışında elmi ictimaiyyətimizə müraciətlə onlar qarşısında bu qəbildən olan vəzifələr qoymuşdur. Bu gün də imkan olduqca bu qəbildən olan və hadisələri olduğu kimi əks etdirən sənəd və materialların əsllərinin nəşrinə xüsusi diqqət yetirməliyik. Sənədlərin əsllərinin çap olunmasının vacibliyini Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev də 2009-cu il noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında humanitar elmlərin nümayəndələrinin qarşısındakı nitqində bir daha qeyd etmişdir. Haqqında rəy verdiyimiz kitab da birbaşa və bilavasitə bu tələblərə tam cavab verir.

 

 

Tamilla MUSAYEVA,

əməkdar elm xadimi,

tarix elmləri doktoru,

professor

 

Adil MƏMMƏDOV,

tarix elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.-5  fevral.- S. 6.