"İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi"

 

Görkəmli alim və yazıçı Erix Fayqlın bu əsəri Avropadan Azərbaycana fundamental baxışdır

 

Bu günlərdə görkəmli Avstriya tarixçisi, alim və yazıçı Erix Fayqlın alman dilindən tərcümə olunmuş Azərbaycan tarixinin müxtəlif dövrlərindən bəhs edən "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" kitabı Azərbaycan və rus dillərində çapdan çıxmışdır.

Kitaba yazdığı müfəssəl ön sözdə Erix Fayqlın əsərini yüksək dəyərləndirən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının prezidenti Ramiz Mehdiyev əsərin digər məziyyətləri ilə yanaşı, onun çağdaş zamanla səsləşdiyini qeyd edir: "Bu olduqca vaxtında yazılmış və ilk növbədə, avropalı oxucu üçün gərəkli kitabdır. Sanballı mənbələrə əsaslanan və Avropada Azərbaycan tarixinə aid ilk fundamental əsər olan "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" kitabı sayəsində Avropa oxucusu Azərbaycan tarixi və onun reallıqları barədə zəngin məlumat əldə edə biləcəkdir".

Kitab Milli Təhlükəsizlik Nazirliyinin, AMEA-nın Tarix İnstitutunun və AzərTAc-ın birgə layihəsi əsasında işıq üzü görmüşdür. Layihənin rəhbərləri Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.

Professor Erix Fayql (1931-2007) - "Ərəbistanlı Muzil", "Aypara və xaç", "Atos - cənnətə aparan cəhənnəm" və digər tanınmış tarixi əsərlərin müəllifidir və dünyanın bir çox yerində sənədli filmlər lentə almışdır. O, Azərbaycanı dərindən tanıyırdı, tez-tez ölkəmizdə səfərdə olurdu, ictimai xadimlərlə, alimlərlə görüşürdü. Görkəmli alim araşdırmaları barədə məruzələr oxumaq üçün Azərbaycan Milli Elmlər Akademiyasına, universitetlərə dəvət edilirdi. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işində yaxından iştirak edən Erix Fayql Bakıda dünya azərbaycanlılarının ilk qurultayında (2001), sonra isə İzmir (2003) və Berlin (2004) toplantılarında iştirak etmişdir.

Müəllif qələmə aldığı sonuncu əsəri "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" kitabı üzərində işləyərkən bir sıra ölkələrdə araşdırmalar aparmış, habelə hərbi arxivlərin indiyədək heç kəsin istifadə etmədiyi materiallarını tədqiq etmişdir. Ömrünün son günlərinədək əsər üzərində çalışmış Erix Fayql bu dəyərli kitabında dərin elmi, tarixi məxəzlərə arxalanaraq Azərbaycanın siyasi və iqtisadi aspektləri ilə yanaşı, ölkəmizin zəngin mədəniyyət tarixinə də işıq salır. "İpək Yolu üzərində Odlar yurdu - Azərbaycan tarixi" kitabının əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuşdur. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini, xronologiyasını hərtərəfli təhlil edir, ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırır. Bu bölmədə tarixi faktlar əsasında ən qədim vaxtlardan xanlıqlar dövrünə qədər Qarabağın tarixi, ermənilərin bu ərazilərə kütləvi köçürülməsi, "Böyük Ermənistan" haqqında sərsəm ideyaların kökləri, erməni millətçilərinin müxtəlif terrorçu təşkilatların köməyi ilə həyata keçirdiyi qətliamları, onların Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktları, habelə XX əsrin müxtəlif dövrlərində Azərbaycan torpaqlarının zaman-zaman işğal olunması təsvir edilmişdir. Eyni zamanda, müfəssəl xronoloji ardıcıllığa riayət etməklə keçən əsrin 90-cı illərindən başlayaraq 2006-cı ilə qədər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında informasiya oxucuların nəzərinə çatdırılır.

Fayql bu kitabda bir xalqın və ölkənin tarixini dərindən bilməyin müasir dövrün problemlərini daha yaxşı başa düşmək üçün necə böyük əhəmiyyət kəsb etdiyini oxucuya anlaşıqlı şəkildə çatdırır.

Erix Fayqlın oxuculara Azərbaycan və qonşuları arasındakı tarixi və mədəni bağlantılar haqqında heyrətamiz məlumatlar verən, rəngli illüstrasiyalar, geniş izah və şərhlərlə zəngin olan bu kitabı dünyamızın bir parçası Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə Avropadan bir baxışdır.

Bu fundamental əsər ölkəmizə maraq göstərən mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 fevral.- S. 6.