Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri

 

Mətbuat üçün birgə bəyanat

 

Xəbər verdiyimiz kimi, fevralın 4-də Berlində, Almaniya Federativ Respublikası Kanslerinin iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel birgə mətbuat konfransı keçirmişlər.

Dövlətimizin başçısını Federal Kansler qarşılamışdır.

Prezident İlham Əliyev və Kansler Angela Merkel mətbuat üçün birgə bəyanatla çıxış etmişlər.

 

Kansler Angela Merkelin bəyanatı

 

- Hörmətli xanımlar cənablar!

Mən çox şadam ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevi bu gün Berlində qarşılamaq imkanına malikəm.

Cənab Prezident, biz Sizinlə sonuncu dəfə təxminən üç il bundan əvvəl - 2007-ci ilin fevral ayında Berlində görüşmüşdük. O vaxtdan təxminən üç il keçibdir. Qeyd etmək istərdim ki, bizim iqtisadi münasibətlərimiz çox gözəl səviyyədədir. Əməkdaşlığımız sıxdır. Amma əməkdaşlığımızı genişləndirmək üçün potensialımız mövcuddur. Biz bundan istifadə etməliyik.

Zənnimcə, elə sahələr vardır ki, biz Almaniya hökuməti olaraq Azərbaycan hökumətinə həmin sahələrdə öz dəstəyimizi göstərə bilərik. Biz Almaniya hökuməti olaraq sizə iqtisadiyyat, o cümlədən infrastruktur sahələrində əməkdaşlığımızı təklif edirik. Biz Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığa çox böyük maraq göstəririk.

Mənə belə gəlir ki, biz əməkdaşlığımızı "qələbə-qələbə" formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki tərəf bu əməkdaşlıqdan faydalana bilər. Biz Almaniya hökuməti olaraq texniki yeniliklərimizi təklif edirik Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün əlbəttə ki, çox vacib tərəfdaşlardan biridir. Neft-qaz sahəsindən danışanda, əlbəttə ki, Nabukko layihəsini qeyd etməmək mümkün deyildir. Biz bu gün görüşümüz çərçivəsində iqtisadi layihələr, həmçinin Nabukko layihəsi haqqında danışacağıq. Amma yalnız bu layihələr haqqında deyil, eyni zamanda, Azərbaycanın demokratik inkişafı, hüquqi dövlətçiliyi haqqında söhbət aparacağıq.

Cənab Prezident, Sizə bir daha ürəkdən "Xoş gəlmisiniz!" deyirəm.

 

Prezident İlham Əliyevin bəyanatı

 

- Çox sağ olun, xanım Kansler.

İlk növbədə, məni Almaniyaya dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Siz qeyd etdiniz ki, üç il bundan əvvəl biz Sizinlə burada - Berlində görüşmüşdük. O görüşdən sonra bu günə qədər Almaniya ilə Azərbaycan arasında mövcud olan münasibətlər çox sürətlə inkişaf etmişdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə qarşılıqlı maraq böyüyür bu gün 100-ə yaxın alman şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz çox istəyirik ki, iqtisadi sahədə əməkdaşlıq daha da dərinləşsin. Çünki bunu etmək üçün çox gözəl imkanlar vardır. Azərbaycan bu gün müasirləşmə dövrünü yaşayır. Əlbəttə ki, ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün bizə qabaqcıl texnologiya lazımdır. Onlar da əlbəttə ki, Almaniyada çox yüksək səviyyədədir.

Azərbaycan isə, öz növbəsində Avropanın enerji təhlükəsizliyi məsələlərinin uğurla həll edilməsi üçün töhfəsini verməyə hazırdır. Siz bu gün Nabukko layihəsi haqqında fikirlərinizi söylədiniz. Biz bu layihəni dəstəkləyirik. Qeyd etmək istəyirəm ki, Nabukko layihəsinin müzakirəsi bu gün daha da intensiv xarakter daşıyır. Hesab edirəm ki, bu, çox müsbət amildir. Azərbaycanda əvvəlki illərdə yaradılan nəqliyyat infrastrukturu, xüsusilə qaz kəmərləri Nabukko "Cənub dəhlizi"nin digər layihələrinin həyata keçirilməsi üçün gözəl zəmin yaradır.

Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulub. Bu proqramın icrası nəticəsində ölkəmizdə siyasi, iqtisadi islahatlar, demokratikləşmə prosesləri daha da sürətlə gedəcəkdir.

Beləliklə, ikitərəfli münasibətlərin məzmunu çox dəyərlidir gündəlik çox genişdir. Əminəm ki, bugünkü görüşdən sonra münasibətlərimiz daha da sürətlə inkişaf etməyə davam edəcəkdir.

 

 

Azərbaycan.- 2010.- 7 fevral.- S. 1.