İƏT-in üzvü olan ölkələrin səhiyyə nazirlərinin iclasında Bakı Bəyannaməsi qəbul edilmişdir

 

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan ölkələrin səhiyyə nazirlərinin iclasına fevralın 5-də Bakı Bəyannaməsinin qəbulu ilə yekun vurulmuşdur.

Tədbirdə 10 ölkənin səhiyyə naziri iştirak etmişdir.

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev demişdir ki, ölkələrin iqtisadiyyatının güclənməsi yalnız o halda məntiqi və mənalı olur ki, bu iqtisadi yüksəliş insanların rifahına, onların həyat səviyyəsinin yaxşılaşmasına xidmət etsin. Eyni sözləri əməkdaşlıq haqqında da demək olar. Hər bir əməkdaşlığın əsas məramını, ilk növbədə, insan həyatı, onun sağlamlığı, əmin-amanlığı təşkil etməlidir.

İƏT-in üzvü olan ölkələrin səhiyyə sahəsində əməkdaşlığının ən mühüm vəzifələrindən biri də bu istiqamətdə təcrübə mübadiləsi, hər bir ölkənin səhiyyə sistemində nailiyyətlərinin digər dövlətlərdə tətbiqidir. Hesab edirəm ki, bu sahədə Azərbaycanın da deməyə sözü, bölüşməyə müsbət təcrübəsi vardır.

Nazir vurğulamışdır ki, əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və müstəqilliyimizin ilk illərindən başlayaraq həyata keçirilən sosialyönümlü siyasətin məramı və mahiyyəti insanlara xidmətdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev də ölkəmizdə vətəndaşların sosial problemlərinin həllinə mühüm əhəmiyyət verir. Təkcə onu demək kifayətdir ki, son 5 ildə dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan vəsait 5 dəfəyədək artırılmışdır. Nəticədə səhiyyə sahəsində nəzərəçarpacaq irəliləyişə nail olunmuşdur.

O.Şirəliyev demişdir ki, səhiyyənin büdcədən ayrılan vəsaitin artırılması, ilk növbədə, əhalinin sağlamlığının qorunması istiqamətində çox önəmli addımlar atmağa imkan vermişdir. Hazırda dövlətimizin başçısının təşəbbüsü ilə Səhiyyə Nazirliyinin tabeliyindəki bütün müalicə-profilaktika müəssisələrində pullu tibbi xidmət ləğv edilmişdir.

Bildirilmişdir ki, büdcə vəsaitlərinin artması özünü həm də yeni tibb müəssisələrinin açılmasında göstərir. Son beş ildə 300-ə yaxın tibb müəssisəsi ən müasir səviyyədə tikilərək, yaxud əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bunların arasında regional əhəmiyyətli böyük səhiyyə ocaqları, perinatal mərkəzlər, müalisə-diaqnostika mərkəzləri vardır.

Son illər ölkəmizdə səhiyyə sahəsində aparılan əsaslı islahatlardan danışan nazir diqqətə çatdırmışdır ki, regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində Bakıya gələn xəstələrin sayı xeyli azalmışdır.

Səhiyyə naziri demişdir ki, bütün onkoloji xəstələr indi xüsusi proqram çərçivəsində şiş əleyhinə həyati vacib preparatlarla, ciddi problem olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlar, şəkərli diabetli xəstələr, irsi qan xəstəliyi olanlar iynə-dərmanlarla dövlət hesabına təmin edilirlər.

Vurğulanmışdır ki, tibb işçilərinin müasir biliklərə yiyələnmələri məqsədilə hazırda 100-dək həkim dövlət hesabına xarici ölkələrin ən tanınmış klinikalarında təcrübə keçir. Bu da ölkə səhiyyəsinin gələcək inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.

Oqtay Şirəliyev bildirmişdir ki, İƏT-in üzvü olan ölkələrin səhiyyə nazirlərinin birinci Bakı görüşünün nəticələri təkcə Azərbaycanda deyil, bütün üzv dövlətlərin səhiyyə sistemlərinin inkişafında böyük rol oynayacaqdır.

İclasda çıxış edən İƏT-in baş katibi Məhəmməd Yəhya Marufi vurğulamışdır ki, səhiyyə və sağlamlıq bəşəriyyətin ən dəyərli resurslarındandır və hər bir dövlət vətəndaşının sağlamlığını, səhiyyə hüququnu təmin etməlidir.

İƏT-in baş katibi Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən layihələri yüksək qiymətləndirmiş və bu istiqamətdə ölkəmizin təcrübəsinin digər dövlətlər tərəfindən öyrənilməsinin vacibliyini vurğulamışdır.

Tədbirdə İƏT-in üzvü olan ölkələrin səhiyyə nazirləri təklif və tövsiyələrlə çıxış etmişlər.

Sonra Bakı Bəyannaməsi qəbul edilmişdir. Bəyannamədə səhiyyə sahəsində birgə əməkdaşlığın qurulması, əczaçılıq sahəsində iş birliyinin yaradılması, dərman vasitələrinin standartlaşdırılması, preparatların hazırlanması, daha çox ehtiyacı olan ölkələrə səhiyyə sahəsində kömək göstərilməsi və digər məsələlər öz əksini tapmışdır.

İƏT-in üzvü olan ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Qazaxıstanda keçirilməsi təklif edilmişdir.

Sonda iştirakçılar "Azərbaycan səhiyyəsi" adlı videofilmə baxmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 fevral.- S. 5.