Azərbaycan Respublikası Baş Prokurorluğunda 2009-cu ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilmişdir

 

Fevralın 6-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon, şəhər və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2009-cu ildə "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov, ilk növbədə, müstəqil inkişaf tarixinin müasir məzmunlu yeni yüksəliş mərhələsini yaşayan müstəqil respublikamızın həyatında 2009-cu hesabat ilinin müstəsna əhəmiyyəti olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələrin reallaşdırılması, qarşıya qoyulmuş məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik təkmilləşməni, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin etmişdir.

Xüsusi olaraq vurğulanmışdır ki, 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib addımlar atılmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü xarici siyasət tədbirlərinin nəticəsi olaraq bütün dünya birliyi və bu məsələ ilə məşğul olan tərəflər problemin həlli yolları barədə konkret mövqelərini ortaya qoymuş, Azərbaycanın uzun illər ərzində dəstəklədiyi mövqenin üstünlük təşkil etdiyi bu mərhələdə məsələnin beynəlxalq hüquq əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün perspektivlər yaranmışdır. Azərbaycan xalqı tam əmindir ki, obyektiv reallığa əsaslanan, dünya birliyi və ictimaiyyəti tərəfindən dəstəklənən bu siyasət işğal edilmiş torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma yurdlarına qaytarılması ilə nəticələnəcəkdir.

Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Prokurorluğu orqanları öz səlahiyyət hədləri daxilində 2009-cu ilin mart ayının 18-də Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsinin (referendumun), dekabr ayının 23-də isə bələdiyyə seçkilərinin keçirilməsi kimi mühüm siyasi kampaniyaların təşkili prosesində yaxından iştirak etməklə, ilk növbədə, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə həmin tədbirlərin normal şəraitdə keçirilməsinin əsas şərtləri kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması üzrə öz vəzifələrinin lazımi qaydada həyata keçirilməsini təmin etmişlər.

Kollegiya iclasında vurğulanmışdır ki, digər hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli fəaliyyət göstərən respublika prokurorluğu orqanları tərəfindən 2009-cu ildə dövlətçiliyimizin maraqlarının və ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlər görülmüş, prokurorluğun müasir məzmunda hərtərəfli inkişafını təmin edəcək mütərəqqi islahatlar davam etdirilmişdir.

Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın prokurorluq orqanlarının sivil bir dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi, fəaliyyətinin forma və metodlarının müasir məzmunda yeniləşdirilməsi, qarşıya qoyulan vəzifələri layiqincə icra etməyə qadir kadr korpusunun formalaşdırılması işində müstəsna əhəmiyyəti xüsusi qeyd edilmişdir.

Dövlət Proqramının icrasının birinci əsas ili kimi 2009-cu ildə görülən işlər sırasında prokurorluq əməkdaşlarının və onların ailə üzvlərinin sosial müdafiəsinin, pensiya təminatının daha da gücləndirilməsini, onlara dövlət qayğısının artırılmasını təmin edən "Azərbaycan Respublikasının "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, prokurorluq kadrlarının müasir tələblər səviyyəsində və yeni informasiya texnologiyalarının tətbiqinə əsaslanan metodologiya əsasında işləmək vərdişlərinin təkmilləşdirilməsi və onların beynəlxalq standartlara uyğun tədrisinin təşkili, habelə fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması məqsədlərinə xidmət edəcək elmi tədqiqatların aparılması kimi funksiyaları icra edəcək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin yaradılmasının mühüm əhəmiyyət daşıyacağı qeyd olunmuşdur. Bundan başqa, Bakı şəhərinin Xətai rayonu, Biləsuvar, Göygöl, İsmayıllı, Gədəbəy və Hacıqabul rayon prokurorluqları üçün yeni inzibati binaların istifadəyə verilməsi, prokurorluğun avtomaşın parkının yeniləşdirilməsi üçün təzə avtomaşınların alınması, prokurorluq əməkdaşları üçün Bakı şəhərində 200 mənzillik kooperativ yaşayış evinin, müalicə müəssisəsinin, İsmayıllı rayonunda istirahət kompleksinin, habelə bir sıra prokurorluqlar üçün yeni inzibati binaların tikintisi istiqamətində zəruri tədbirlərin görülməsi nəzərə çatdırılmışdır.

Dövlət Proqramının tələblərinə müvafiq olaraq, prokurorluq orqanlarında mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində müəyyən işlər görülmüş, 2010-cu il prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi ili elan edilmiş, Baş Prokurorluğun idarə və şöbələrinin fəaliyyəti və əsas iş göstəriciləri, cinayət işlərinin dövriyyəsi barədə xüsusi elektron proqramlarının hazırlanması, istintaq olunan və məhkəmələrdə baxılan cinayət işlərinin elektron variantlarının tətbiqi, elektron kitabxananın yaradılması, xidməti yazışmaların elektron dövriyyəsini həyata keçirəcək şəbəkənin formalaşdırılması üçün həyata keçirilən tədbirlərin intensivliyi və səmərəliliyinin artırılması barədə bütün struktur qurumların, ilk növbədə, Təşkilat-Analitik və Hüquqi Təminat və İnformasiya idarələrinin rəhbərliyinə tapşırıqlar verilmişdir.

Həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yeni təsis olunan Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin tərkibində yaradılan "İnformasiya texnologiyalarının tətbiqi xidməti"nin fəaliyyətini tənzimləyəcək zəruri normativ bazanın yaradılması, müsabiqə elan edilməsi yolu ilə onun kadr tərkibinin yüksək ixtisaslı proqramçı mütəxəssislər hesabına formalaşdırılması üçün zəruri tədbirlərin görülməsi Təşkilat-Analitik və Kadrlar idarələrinə həvalə olunmuş, Baş prokurorun müavini Namiq Əsgərovun rəhbərlik etdiyi işçi qrupu və əlaqədar strukturlar tərəfindən qısa müddət ərzində prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

"Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Fərmanı ilə korrupsiyaya qarşı mübarizə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasının qoyulması və bu sahədə prokurorluğun üzərinə çox böyük məsuliyyətin düşdüyü qeyd edilmiş, yeni qaydalara uyğun olaraq 2009-cu il ərzində 41 belə xarakterli müraciət və başlanmış 10 cinayət işi üzrə aparılmış araşdırmalar haqqında məlumat verilmiş, görülmüş işlər barədə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası məlumatlandırılmışdır.

Hesabat dövründə ixtisaslaşdırılmış cinayət təqibi orqanı kimi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən mütəşəkkil cinayətkarlığın korrupsiya kimi təhlükəli təzahürlərinə qarşı mübarizə sahəsində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, əvvəlki dövrlə müqayisədə 2009-cu ildə ibtidai araşdırması yekunlaşdırılmaqla məhkəmələrə göndərilən cinayət işlərinin sayının əhəmiyyətli dərəcədə - 33 fakt artması, ümumilikdə isə rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə, nüfuz alveri, talama və s. faktlar üzrə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə və digər məhkəmələrə aidiyyəti üzrə baxılması üçün 176 şəxs barəsində 103 cinayət işinin göndərilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilmişdir.

Eyni zamanda, 2010-cu ildə də idarənin fəaliyyətində formalaşmış müsbət meyillərin inkişaf etdirilməsi, korrupsiya cinayətlərinə və hüquqpozmalarına qarşı mübarizənin səmərəliliyinin artırılması, idarə əməkdaşlarının hazırlıq səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq əlaqələrinin təkmilləşdirilməsi, informasiya texnologiyalarının yeni formalarının tətbiqi, "Korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazası"nın real işləməsi üçün zəruri tədbirlərin görülməsi, cinayət işləri üzrə vurulmuş maddi ziyanın ödənilməsi göstəricilərinin yüksəldilməsi barədə müvafiq göstərişlər verilmişdir.

Kollegiya iclasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş Azərbaycan Respublikası Milli Məclisinin "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" 17 mart 2009-cu il tarixli qərarının vaxtında və dürüst icrası istiqamətində zəruri tədbirlərin görüldüyü, o cümlədən dövlət ittihamçıları tərəfindən öyrənilməklə 8679 məhkum barəsində amnistiya qərarının tətbiqinə razılıq verildiyi diqqətə çatdırılmışdır. Məhkəmə səhvlərinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməklə, 2009-cu ildə idarə tərəfindən birinci instansiya məhkəmələrinin 398 şəxs barəsində 345 cinayət işi üzrə hökm və qərarlarından verilmiş apellyasiya protestlərinin 267-nin və ya 77,3 faizinin təmin olunduğu, ümumilikdə isə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş 431 apellyasiya və kassasiya protestlərinin 312-nin və ya 72,4 faizinin təmin edilməsi müsbət iş göstəriciləri kimi dəyərləndirilmişdir.

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinə və müvafiq tabe struktur qurumlara ədalət mühakiməsində dövlət ittihamının yüksək peşəkarlıqla müdafiə olunmasının təmini məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, informasiya texnologiyalarının tətbiqinin yeni müstəviyə qaldırılması, dövlət ittihamçılarının hazırlıq səviyyəsinin yüksəldilməsi, məhkəmə səhvlərinin aradan qaldırılması və pozuntulara yol verən müstəntiqlər və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar barəsində xüsusi qərarların çıxarılmasında prinsipiallıq və təşəbbüskarlıq göstərilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Kollegiya iclasında nəzərə çatdırılmışdır ki, bütün hesabat dövrlərində olduğu kimi, 2009-cu ildə də kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi, kadrların seçilib yerləşdirilməsi, vəzifədə irəli çəkilməsi, onların fəaliyyətlərinin qiymətləndirilməsi kimi mühüm məsələlərdə obyektiv meyarlara əsaslanan qaydaların müəyyənləşdirilməsi və prinsipiallığın artırılması, şəffaf prosedurlar əsasında prokurorluqda qulluğa qəbulun həyata keçirilməsi yolu ilə kadr korpusunun layiqli gənc mütəxəssislər hesabına mütəmadi olaraq yenidən komplektləşdirilməsi, onların müasir tələblər səviyyəsində peşə hazırlığını təmin edəcək şəraitin formalaşdırılması məqsədilə bir sıra səmərəli tədbirlər görülmüşdür. Baş prokurorun müavini Namiq Əsgərova, müsabiqə komissiyası və Kadrlar İdarəsinə tapşırıq verilmişdir ki, dövlət gənclər siyasətinin və "Prokurorluqda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq 80 ştat vahidi üzrə prokurorluqda işə növbəti qəbulun şəffaf və ədalətli prosedurlar əsasında başa çatdırılması, prokurorluqda işləmək arzusunda olan gənclərin sıralarından ən layiqlilərinin seçilməsi təmin olunsun.

2009-cu hesabat ilində xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı, işində və xidmətdən kənar fəaliyyətində qanunsuzluqlara münasibətdə prinsipial mübarizə xətti davam etdirilmiş, cari ilin yanvar ayının göstəriciləri də daxil olmaqla, müxtəlif pozuntulara yol verdiklərinə görə 65 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilmiş və onlardan 3-nün barəsində cinayət işi başlanılmışdır. Baş Prokurorluğun Təşkilat-Analitik və Kadrlar idarələri, habelə respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan tələb edilmişdir ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Kollegiya iclasında vurğulanmışdır ki, prokurorluq orqanlarının vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili, mövcud çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar 2009-cu ildə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, pozulmuş hüquqlarının bərpasını tələb edən vətəndaşlardan bütövlükdə prokurorluq orqanlarına daxil olan 38,5 mindən çox (2008-ci illə müqayisədə 7,4 faiz çox), o cümlədən Baş Prokurorluqda 28 min 172 ərizə və şikayətə baxılması, vətəndaşlarla ən operativ əlaqə vasitəsi olan "Qaynar xətt" Əlaqə Mərkəzinə daxil olmuş 81 müraciətin müvafiq qaydada həlli təmin edilmişdir.

Baş prokurorun hesabat məruzəsində Azərbaycan Respublikasında həyata keçirilən müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq bərqərar olan və son illər ərzində tam dayanıqlı xarakter daşıyan ictimai-siyasi sabitliyin 2009-cu ildə cinayətkarlığın vəziyyətinə və kriminogen duruma qabaqlayıcı təsir göstərdiyi, hüquq-mühafizə, xüsusi xidmət, məhkəmə və ədliyyə orqanlarının səmərəli birgə fəaliyyəti nəticəsində cinayətkarlıq və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin kəsərliliyinin daha da artırıldığı diqqətə çatdırılmış, qeydə alınmış qəsdən adam öldürmə, qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu, avtonəqliyyat oğurluğu, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyatın qaçırılması, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, adamların girov götürülməsi, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlərin, ümumiyyətlə, qeydə alınmaması, törədilmiş 22 min 830 cinayətin 87,7 faizinin açılması, məqsədyönlü istintaq, əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər sayəsində keçmiş illərdən bağlı qalan 376, o cümlədən 113 ağır və xüsusilə ağır cinayətin, əvvəlki illərdən bağlı qalmış 8 qəsdən adam öldürmə, o cümlədən 1993-cü ildə Cəlilabad rayonunda Səkinəxanım Əbülfətovanın, 2003-cü ildə Nizami rayonunda iş adamı Əhməd İbrahimovun, 2002-ci və 2004-cü illərdə Gəncə şəhər sakinləri Nəriman Ələsgərov və Kamal Ələkbərovun, 2003-cü ildə Bakı şəhərinin Xətai rayonunda Ramin Əsgərovun və onun anası Göyçək Əsgərovanın, Bakı şəhərinin Suraxanı rayonunda Taleh Məmmədovun, 2008-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda Aşur Nəsirovun qəsdən öldürülmələri kimi ağır cinayətlərin açıldığı, çoxsaylı qəsdən xüsusilə ağır və ağır cinayətlər törətmiş 436 mütəşəkkil cinayətkar qrup və dəstənin zərərsizləşdirildiyi barədə məlumat verilmişdir.

Qeyd edilmişdir ki, 2009-cu hesabat ilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini vermiş, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən 15 min 339 cinayət işinin (2008-ci illə müqayisədə 962 iş çox) istintaqı yekunlaşdırılmış, ittiham aktları təsdiq olunan 10 min 420 iş məhkəmələrə göndərilmiş, xitam edilən cinayət işlərinin sayı keçən illə müqayisədə 852 iş azalmış, müddət pozuntusu ilə istintaq olunma faizi bütün istintaq orqanları üzrə 4,7 faizə bərabər olmuşdur. İbtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması və istintaq üzərində prokuror nəzarətinin daha da gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Digər hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyü təmin olunmuşdur. Belə ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə həyata keçirilmiş məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri sayəsində Şöhrət Quliyevin sifarişi əsasında qabaqcadan əlbir olmuş 3 nəfərdən ibarət cinayətkar dəstə tərəfindən "Sədərək " ticarət mərkəzində alverlə məşğul olan Əhməd İbrahimovun 2003-cü ilin dekabrında, Gəncə şəhər sakini Kamal Ələkbərovun isə 2004-cü ilin martında qəsdən öldürülmələri kimi uzun müddət ərzində bağlı qalan ağır cinayətlərin açılması təmin edilmiş və hazırda həmin dəstənin Gəncə şəhərində 2002-2008-ci illər ərzində törədilmiş digər cinayətlərlə əlaqələrinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir. Bundan başqa, sabiq polis zabiti Mehdi Əmrəliyevin başçılıq etdiyi 5 nəfərdən ibarət cinayətkar banda tərəfindən 1998-2008-ci illərdə Bakı şəhərində yerləşən valyuta dəyişmə məntəqələrində valyuta mübadiləsi ilə məşğul olan ayrı-ayrı şəxslərə qarşı 33 quldurluq, digər ağır və xüsusilə ağır cinayətlərin törədildiyi təkzibedilməz dəlillərlə sübuta yetirilmiş, təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi və onların layiq olduqları cəzalara məhkum olunmaları təmin edilmişdir.

Hesabat dövründə Bakı şəhər prokurorluğu orqanları tərəfindən şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı kəsərli mübarizənin, fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkilinin təmini istiqamətində görülmüş bir sıra səmərəli tədbirlərin nəticəsi kimi, şəhər üzrə qeydə alınmış qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq və bir sıra digər cinayətlərin azalmasına nail olunmuş, şəhər prokurorluğunun İstintaq İdarəsi və ayrı-ayrı tabe rayon prokurorluqları tərəfindən konkret cinayətlərin, o cümlədən Siralı Rəhmətinin 2008-ci il avqustun 4-də öldürülməklə meyitinin Mərdəkandakı bağ evində basdırılması, 2009-cu il aprelin 11-də Nardaran qəsəbəsi ərazisində dəniz sahilindən üzərində zorakılıq əlamətləri olan naməlum qadın meyitinin aşkar edilməsi faktları üzrə cinayət işlərinin istintaqının peşəkarlıqla aparılması təmin olunmuşdur.

Dövlətimizun başçısının 19 yanvar 2006-cı il tarixli fərmanının icrası ilə əlaqədar verilmiş Baş Prokurorluq üzrə "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" 1 dekabr 2006-cı il tarixli əmrin qeyd-şərtsiz icrasının təmin olunması, insan hüquqları və əsas azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlər görülməsi barədə tapşırıq verilmişdir.

Baş prokurorun hesabat məruzəsində bildirilmişdir ki, görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmuş, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Kollegiya iclasında cinayətkarlığa və onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin səmərəliliyinə mənfi təsir göstərən amillər ətraflı təhlil olunmuş, Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlar tərəfindən Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə qarşılıqlı əlaqədə 2009-cu ilin nəticələrinə görə artımı müşahidə olunan ağır və xüsusilə ağır cinayətlərin, qəsdən sağlamlığa ağır zərər vurma, zorlama, oğurluq, dələduzluq, xuliqanlıq, xarici vətəndaşlara qarşı törədilmiş cinayətlərin profilaktikası məqsədilə səmərəli qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin zəruriliyi önə çəkilmişdir.

Hesabat dövründə şəxsiyyət əleyhinə olan cinayətlərə qarşı mübarizə sahəsində xüsusi istintaq-əməliyyat tədbirlərinın görülməsinə baxmayaraq, 11 qəsdən adam öldürmə cinayətinin, o cümlədən Bakı şəhərinin Sabunçu və Nərimanov rayonlarının hər birində 2, Nizami, Nəsimi, Suraxanı, Yasamal rayonlarında, Gəncə şəhər, Masallı və Tovuz rayonlarının hər birində isə 1 belə cinayətin bağlı qalması həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərinin ciddi nöqsanı kimi göstərilmişdir. Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara tapşırıq verilmişdir ki, 2009-cu ildə və başvermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan bütün qəsdən adam öldürmə hadisələrinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunması təmin edilsin.

Görülmüş müsbət işlərə baxmayaraq, cinayət işlərinin istintaqı və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində qüsurlar hələ də qalmaqdadır, cinayət-prosessual qanunvericiliyin tələblərinin, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması, əsassız və qanunsuz prosessual qərarların qəbul edilməsi hallarına yol verilir. Baş prokurorun məruzəsində istintaq işinin düzgün təşkilinə cavabdeh olan sahə qurumlarının rəhbərləri tərəfindən həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlama müddətlərinin uzadılması kimi mühüm prosessual hərəkətlərin icrası zamanı qanunvericiliyin tələblərinə dönmədən əməl olunması, Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin, ibtidai istintaq və təhqiqat üzərində nəzarətinin daha da gücləndirilməsi haqqında" 9 mart 2001-ci il tarixli 02/47 nömrəli əmrin qeyd-şərtsiz icrası, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin yeni keyfiyyət mərhələsinə qaldırılması, bütün neqativ təzahürlərə qarşı kəsərli mübarizə aparılması və tələbkarlığın artırılması təmin olunmuşdur.

Son dövrlərdə havaların soyuması ilə əlaqədar qazdan istifadənin intensivliyinin artdığı bir şəraitdə qaz istehlakçılarının müəyyənləşdirilmiş təhlükəsizlik qaydalarına əməl etməmələri, texniki normativlərə cavab verməyən qızdırıcılardan istifadə olunması və bu məsələlərdə səlahiyyətli orqanlar tərəfindən zəruri nəzarətin həyata keçirilməməsi səbəbindən qaz sızması və partlayışı, dəm qazının təsirindən insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsi ilə nəticələnən hadisələrin sayı mütəmadi olaraq artmaqda davam edir. Bu məsələ ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılmış araşdırma nəticələrindən asılı olaraq, səlahiyyətləri dairəsində zəruri işlər görülməsi məqsədilə Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə məktublar göndərilmiş, nəticələr və görülmüş tədbirlər barədə Baş nazir məlumatlandırılmışdır.

Tapşırıq verilmişdir ki, Baş Prokurorluğun müvafiq qurumları və Bakı Şəhər Prokurorluğu, əlaqədar tabe rayon prokurorları tərəfindən bu istiqamətdə məqsədyönlü işlər davam etdirilməklə, qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və yaralanmasına, ölkə iqtisadiyyatına və vətəndaşlara xeyli ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə faktları üzrə başlanmış cinayət işlərinin keyfiyyətli istintaq olunması, bütün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, mütəxəssislərin iştirakı ilə hadisələrin başvermə səbəbləri müəyyənləşdirilməklə onları doğuran halların aradan qaldırılması təmin edilsin.

Kollegiya iclasında dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə beynəlxalq hüquq normaları və ərazi bütövlüyünün təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilmiş, respublika Hərbi Prokurorluğu tərəfindən hesabat dövründə bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, hərbi prokurorluq orqanlarının işinin müasir məzmunda daha da təkmilləşdirildiyi, xidməti və icra intizamının möhkəmləndirilməsi məqsədilə zəruri işlərin görüldüyü bildirilmişdir.

Əvvəlki hesabat dövrü ilə müqayisədə hərbi xidmət əleyhinə, o cümlədən tabeçilik qaydaları əleyhinə, hərbi xidmətdən yayınma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə, fərarilik, qulluğa səhlənkar yanaşma, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin sayının azalması, cinayətlərin 99,7 faizinin açılması Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hərbi prokurorluq orqanları tərəfindən görülmüş işlərin nəticəsi kimi dəyərləndirilmiş, 74 korrupsiya faktının - rüşvət alma və rüşvət vermə cinayətlərinin aşkarlanması mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinə qarşı mübarizənin düzgün təşkilinin nəticəsi olmuşdur. Dağlıq Qarabağ və ona bitişik ərazilərdə erməni hərbi qüvvələri tərəfindən törədilmiş soyqırımı və digər ağır cinayətlərin istintaqı üzrə hesabat dövründə səmərəli istintaq hərəkətləri icra edilməklə, ümumilikdə insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş 289 şəxsin cinayət məsuliyyətinə cəlb olunması və barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilməsi, habelə interpol xətti ilə axtarışları təmin olunmuşdur.

"Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na müvafiq olaraq, hərbi prokurorluq orqanlarının səmərəli fəaliyyəti, kadr işinin daha da təkmilləşdirilməsi üçün əlavə stimullar yaradılmış, respublika Hərbi Prokurorluğunun Mərkəzi aparatının yeni strukturu təsdiq olunmuş, prokurorluq işçilərinin vəzifəyə təyin və azad edilməsi, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi ilə əlaqədar əlavə səlahiyyətlər verilmiş, Zaqatala Hərbi Prokurorluğu yeni struktur qurum kimi təsis edilmişdir.

Əminlik ifadə olunmuşdur ki, respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən fəaliyyət istiqamətləri üzrə işin daha da təkmilləşdirilməsi və hərbi cinayətlərin profilaktikası üçün zəruri tədbirlərin görülməsi, Daşkəsən rayonu ərazisində yerləşən hərbi hissədə baş vermiş və 6 hərbçinin ölümü ilə nəticələnmiş qanlı hadisənin tam və hərtərəfli istintaq olunması, bu qəbildən olan hadisələrin qarşısının alınması üçün Müdafiə və Milli Təhlükəsizlik nazirliklərinin müvafiq qurumları ilə əlaqəli şəkildə kompleks profilaktik tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.

Kollegiya iştirakçılarının nəzərinə çatdırılmışdır ki, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə, məhkəmə və ədliyyə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, fəaliyyət istiqamətləri üzrə işin yeni məzmunda səmərəli təşkili, xidməti və icra intizamının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Əvvəlki hesabat dövrü ilə müqayisədə qeydə alınmış ümumi cinayətlərin 47 faiz azalmasına nail olunmaqla, onların hamısının açılması təmin edilmiş, xüsusilə ağır cinayətlər isə ümumiyyətlə, qeydə alınmamış, yetkinlik yaşına çatmayanlar tərəfindən cinayət hadisəsi törədilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" Fərmanına müvafiq olaraq və prokurorluq orqanlarına Muxtar Respublika rəhbərliyinin qayğısı nəticəsində hesabat ilində Naxçıvan Şəhər Prokurorluğunun yeni inzibati bina ilə təmin edilməsi, Muxtar Respublika Prokurorluğunun inzibati binasının isə əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilməsi müsbət hal kimi dəyərləndirilmişdir.

Kollegiya iclasında vurğulanmışdır ki, "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulduğu kimi, ölkəmizin beynəlxalq əhəmiyyətinin daha da yüksəldiyi 2009-cu hesabat ilində Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələrinin genişləndirilməsi, xarici ölkələrin prokurorluq orqanları ilə təcrübə mübadilələrinin həyata keçirilməsi, hüquqi yardımın səmərəliliyinin artırılması, transmilli cinayətkarlığa, onun yeni növlərinə qarşı mübarizədə digər dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüşdür. Eyni zamanda, Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsi tərəfindən "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş öhdəliklərin icrası və beynəlxalq əməkdaşlığın səmərəsinin artırılması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə" 14 fevral 2007-ci il tarixli əmrin tələblərinə əlaqədar tabe prokurorluqlar tərəfindən əməl edilməsi üzərində nəzarətin gücləndirilməsi, Azərbaycan Respublikasının qoşulduğu əsas konvensiyalardan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar prokurorluğun ekspert qruplarının formalaşdırılması üçün təkliflərin işlənilib hazırlanması ilə əlaqədar tapşırıqlar verilmişdir.

Kollegiya iclasında çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Baş prokurorun müavini - respublika Hərbi prokuroru Xanlar Vəliyev, Baş prokurorun müavini Namiq Əsgərov, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov və digər natiqlərin çıxışlarında 2009-cu il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlar verilməklə, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, işin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürülmüşdür.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov bildirmişdir ki, dünya iqtisadiyyatını bürüyən böhranlı vəziyyətdən minimum itkilərlə çıxmaqla öz yüksək sosial-iqtisadi inkişaf templərini qoruyub saxlayan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər və hərtərəfli islahatlar, möhtəşəm infrastruktur layihələrinin reallaşdırılması istiqamətində görülən işlər ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşması, yenidənqurma və müasirləşmə proseslərinin dönməz xarakter alması ilə nəticələnmişdir.

Azərbaycan Prokurorluğu orqanları tərəfindən həmişə olduğu kimi, bundan sonra da digər hüquq-mühafizə, məhkəmə və ədliyyə, xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə ölkədə həyata keçirilən möhtəşəm quruculuq işlərinin əsas təminatı olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlərin görüləcəyinə əminlik ifadə olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 fevral.- S. 4.