Vyanada "Azərbaycanda qaçqın ailələrində uşaqlar" adlı sərgi açılmışdır

 

Fevralın 9-da Vyanada "Azərbaycanda qaçqın ailələrində uşaqlar" adlı fotosərgi açılmışdır.

Buradakı Afro-Asiya İnstitutunun təşkilatçılığı, Azərbaycanın Avstriyadakı səfirliyi və Azərbaycan Akademik Birliyinin birgə dəstəyi ilə keçirilən fotosərgidə Vyanada təhsil alan tələbələr, Avstriya ictimayyiətinin nümayəndələri, səfirliyin əməkdaşları və çoxsaylı soydaşlarımız iştirak etmişlər.

Layihənin təşəbbüskarı və rəhbəri, Vyana Universitetinin magistri Ülviyyə Mirsalamlı sərgidə çıxış edərək iştirakçılara Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat vermiş, münaqişə nəticəsində bir milyondan artıq Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Azərbaycan hökuməti öz ölkəsində məcburi köçkünə çevrilmiş ailələrə daim maliyyə və humanitar yardımı göstərir. 2006-cı ildə isə ölkədə sonuncu qaçqın düşərgəsi ləğv edilmişdir. Lakin bu insanların bir istəyi vardır: doğma torpaqlara qayıtmaq. Bu məsələdə Azərbaycanın beynəlxalq dəstəyə ehtiyacı vardır.

Ü.Mirsalamlı qeyd etmişdir ki, bu sərginin məqsədi ilk növbədə müharibənin və onun nəticələrinin uşaqlara göstərdiyi mənfi təsiri nümayiş etdirməkdir. Xeyriyyə xarakteri daşıyan fotosərginin məqsədi həm Azərbaycan həqiqətlərini, qaçqın problemini fotolar vasitəsilə diqqətə çatdırmaq, həm də toplanmış vəsaitlə qaçqın uşaqlarına az da olsa ümid və sevinc bəxş etməkdir.

Fotosərgidən əldə ediləcək maddi vəsait Azərbaycandakı qaçqın uşaqlara yardım layihələrinə sərf ediləcəkdir. Fotosərgidə nümayiş etdirilən əsərlər fotoqraflar Xuraman Yüzbaşeva və Xumar Alxaszadə tərəfindən çəkilmişdir.

Fotosərgi mart ayının əvvəlinədək davam edəcəkdir.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2010.- 11 fevral.- S. 10.