"Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamə"nin 6.1.1-ci bəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

2.2. həmin Əsasnamənin 6.1.2-ci bəndində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;

2.3. həmin Əsasnamənin 6.2-ci və 6.3-cü bəndlərində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzərdə tutulur;

2.4. həmin Əsasnamənin 6.2.1-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, bələdiyyələrin xəritələrinin hazırlanması məqsədilə bələdiyyə ərazilərində yerləşən və qanunla müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaqlar (o cümlədən həmin torpaqların plan və sxemlərini) 6 ay müddətində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini təmin etsinlər.

4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılsın ki, mövcud bələdiyyələr barədə məlumatların Bələdiyyələrin Dövlət reyestrinə daxil edilməsini (Bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılması) məqsədilə 2013-cü il yanvarın 1-dək mövcud bələdiyyələrin xəritələrinin hazırlanmasını və mərhələli şəkildə Bələdiyyələrin Dövlət reyestrini aparan orqana təqdim edilməsini təmin etsin və görülən işlər barədə hər rüb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.

5. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görsünlər.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2010-cu il

 

Azərbaycan.- 2010.-12  fevral.- S. 2.