Zərdab Uşaq İncəsənət Məktəbinin uğurları artır

 

Bu qədim yurdun ictimai-mədəni həyatında Zərdab Uşaq İncəsənət Məktəbinin xüsusi yeri var. Rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə məktəbin nümayəndələri müntəzəm, fəal iştirak edirlər. Artıq məktəb şagirdlərinin və məzunlarının sorağı respublika miqyaslı müsabiqələrdən, musiqi festivallarından da gəlir. Hər dəfə iştirakçıların uğurları zərdablıları da çox sevindirir.

1982-ci ildən Uşaq İncəsənət Məktəbi adlansa da, 1968-ci ildən Uşaq Musiqi Məktəbi kimi fəaliyyətdə olub. Elə həmin ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirən Fikrət Həsənov təyinatla öz doğma rayonuna - Uşaq Musiqi Məktəbinə direktor göndərilib. İllər ötdükcə çətinliklər arxada qalıb, təcrübə artıb, təhsilin keyfiyyətinə daha çox diqqət yetirilib. Bu, həm də bacarıqlı ixtisas müəllimlərinin məktəbə cəlb edilməsi ilə mümkün olub. Ən başlıcası isə, təhsil həvəskarlıq çərçivəsindən çıxaraq peşəkarlıq tələblərinə uyğun qurulub.

Ötən ilin oktyabrında rayon ictimaiyyətinin nümayəndələrinin və respublikanın ayrı-ayrı yerlərindən gəlmiş qonaqların iştirakı ilə məktəbin yeni binasının açılışı olub. 44 sinif otağından və 110 nəfərlik konsert zalından ibarət yeni binada müasir yeməkxana da şagirdlərin xidmətindədir.

Məktəbdə ayrı-ayrı ixtisaslar üzrə 385 şagirdin təhsili ilə 69 müəllim məşğul olur. Fortepiano, tar, qarmon, kamança, nağara, xanəndəlik, təsviri incəsənət və hazırkı tədris ilindən xoreoqrafiya ixtisasları üzrə təhsil alan şagirdlər arasında xüsusi istedadı, qabiliyyəti olanlar çoxdur.

Uşaq xor kollektivinin VI Respublika müsabiqəsində məktəbin 35 nəfərlik xor kollektivi Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanına layiq görülüb. Ötən il Azərbaycanda Uşaq ili və Uşaq Hüquqları Konvensiyasının 20 illiyi münasibətilə Ombudsmanın keçirdiyi "Bizim hüquqlarımız" mövzusunda uşaq rəsmləri müsabiqəsinin iştirakçısı İsrayıl Qalaslı birinci mükafata layiq görülüb.

Məktəbin məzunu, hazırda A.Zeynallı adına Orta ixtisas Musiqi Texnikumunda xanəndəlik ixtisası üzrə təhsil alan Sevda Nurəliyeva "Muğam-2007" müsabiqəsinin laureatı, respublika vətənpərvərlik mahnıları festivalının qalibi olub.

Ötən il məktəbin məzunu Nicat Əlifi Milli Konservatoriyaya daxil olaraq xalq çalğı alətləri üzrə tar ixtisasına yiyələnir. Müxtəlif orta ixtisas üzrə musiqi texnikumlarına qəbul edilən məzunlar da çoxdur.

Vaxtilə bu məktəbdə təhsil almış Gülbəniz Quliyeva, Dilarə Seyidova fortepiano, Arif Şərifov tar, Təranə Xəlilova xanəndəlik, İradə Eminova xoreoqrafiya ixtisasları üzrə indi öz davamçılarını hazırlayırlar. Onlar ölkənin ayrı-ayrı təhsil ocaqlarında ixtisaslarını artırdıqdan sonra yenidən doğma məktəbə dönüblər.

Zərdab Uşaq İncəsənət Məktəbinin direktoru Fikrət Həsənov söhbət zamanı şagirdlərin vətənpərvərlik ruhunun artırılmasına ciddi diqqət yetirildiyini vurğu-layaraq qeyd etdi ki, Ü.Hacıbəylinin "Döyüşçülər marşı", "Cəngi", S.Rüstə-movun "Sərhədçilər marşı", Q.Qarayevin "Marş"ı kimi qəhrəmanlıq mövzulu əsərlərin, həmçinin "Qarabağ şikəstəsi" ritmik muğamının tədrisi şagirdlərin qəlbində vətən, torpaq sevgisini, döyüşkənlik ruhunu, mübarizə əzmini daha da artırır. F.Həsənov onu da bildirdi ki, respublika Mədəniyyət və Turizm Nazirliyi məktəbə diqqət və qayğısını əsirgəmir, nazirlik tərəfindən incəsənət məktəbinə 2 fortepiano hədiyyə edilib. Məktəbdəki royal, həmçinin digər musiqi alətləri şagirdlərin istifadəsindədir.

Məktəb Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədris vəsaiti ilə də yetə-rincə təmin olunur. Bir sözlə, Zərdab Uşaq İncəsənət Məktəbində şagirdlərin seçdikləri ixtisaslara yüksək səviyyədə yiyələnmələri üçün hər cür şərait yara-dılıb və ondan səmərəli istifadə edildiyinə görə uğurlar da getdikcə artır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.- 12 fevral.- S. 7.