Dünya miqyasında ən sürətlə inkişaf edən Azərbaycanın regionları da böyük tərəqqi yolundadır

 

Ağdaş şəhərində ulu öndərin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş rayonuna gəlmişdir.

Ölkəmizin ümumi inkişaf dinamikasına uyğun olaraq son illər Ağdaş rayonunun sosial-iqtisadi həyatında da mühüm dəyişikliklər baş verir. Rayonda 2009-cu ildə ümumi məhsul istehsalı əvvəlki ilə nisbətən 1,6 dəfə, sənaye məhsulunun həcmi 4 dəfə artmışdır. Əsas kapitala yönəldilən investisiyaların və tikinti işlərinin həcmi 2,6 dəfə çoxalmışdır. Ötən il Ucar-Yevlax yolunun rayon ərazisindən keçən hissəsinin yenidən qurulması yekunlaşmış, Prezident İlham Əliyevin tapşırığına əsasən inşa edilən Olimpiya-İdman Kompleksinin tikintisi başa çatmışdır. Ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdaşda Habil Əliyev adına Musiqi Məktəbi istifadəyə verilmiş, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatmış, mərkəzi avtomat telefon stansiyasının (ATS-in) elektron ATS-lə (EATS) əvəz edilməsində son tamamlanma işləri görülmüşdür.

2003-2009-cu illərdə rayonda 110/35/10 kilovoltluq "Ağdaş" elektrik yarımstansiyası tikilib istifadəyə verilmişdir. "Şəmsabad" qaz-paylayıcı stansiyası yenidən qurularaq işə salınmış və 23 kəndə təbii qaz verilmişdir. Son 7 ildə rayonda 1672 şagird yeri olan 6 məktəb binası və 800 şagird yeri olan 40 sinif otağı tikilmiş, 4 məktəb binası əsaslı təmir olunmuşdur. Rayonda əlillər və şəhid ailələri üçün 48 mənzilli yaşayış binası, Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi üçün yeni inzibati bina və 9 saylı Ərazi Vergilər İdarəsinin xidmət terminalı tikilmişdir.

2003-2009-cu illərdə rayonda 4500-ü daimi olmaqla 12 mindən çox yeni iş yeri açılmışdır.

Dövlətimizin başçısı əvvəlcə Ağdaş şəhərinin mərkəzindəki Heydər Əliyev adına istirahət parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-13  fevral.- S. 1.