Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qazaxıstanın dövlət katibi - xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əvvəlcə dövlətimizin başçısının Qazaxıstanın dövlət katibi - xarici işlər naziri Kanat Saudabayev ilə görüşü oldu. Qazaxıstanın ATƏT-ə sədrliyini əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev bu münasibətlə təbriklərini çatdırdı. Dövlətimizin başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi 2010-cu ildə müsbət istiqamətdə ciddi dəyişikliklər olacağına əminliyini bildirdi.

Kanat Saudabayev Qazaxıstanın ATƏT-ə sədr seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Bakıda keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Sonra görüş geniş tərkibdə davam etdirildi.

ATƏT-ə rəhbərliyin mühüm missiya olduğunu vurğulayan Prezident İlham Əliyev Qazaxıstanın sədrliyi dövründə ATƏT-in Avropada təhlükəsizliyin möhkəmlənməsi işində əsaslı müsbət irəliləyişlərə nail olunacağına əminliyini bildirdi. Dövlətimizin başçısı Qazaxıstanın ATƏT-ə sədrlik edən ölkə kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işində fəal surətdə iştirak edəcəyinə inandığını bildirərək 2010-cu ildə münaqişənin həllində ciddi irəliləyişlərə nail olunacağına ümid bəslədiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu münaqişənin həlli Qafqazda sülhün bərqərar olunması üçün möhkəm siyasi iradənin göstərilməsi mühüm qərarların qəbulu vacibdir. Dövlətimizin başçısı ATƏT-in fəaliyyətdə olan sədrinin ölkəmizə səfərinin uğurlu olacağına əminliyini bildirdi.

Kanat Saudabayev Qazaxıstanın ATƏT-ə sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prioritet məsələlərdən biri olacağını dedi. O, ölkəsinin sədrliyi dövründə bu mürəkkəb problemin həlli ilə bağlı münaqişənin nizamlanmasında iştirak edən bütün tərəflərin proseslərdə səylərinin sürətləndirilməsi işinə təkan vermək niyyətində olduqlarını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 1.