Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Raimkul Attakurovun etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Raimkul Attakurovun etimadnaməsini qəbul etmişdir.

Raimkul Attakurov fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında əlaqələrin hazırda uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə münasibətlərimizin möhkəmlənəcəyinə, əməkdaşlığımızın daha da intensiv xarakter daşıyacağına ümidvar olduğunu bildirdi.

Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Raimkul Attakurov Qırğızıstan Prezidenti Kurbanbek Bakiyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Diplomat ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmlənməsinin zəruriliyini vurğuladı.

Dövlətimizin başçısı Prezident Kurbanbek Bakiyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 fevral.- S. 1.