Azərbaycanın nüfuzunu yüksəldən lider

 

Sosial-iqtisadi sahədə sürətli inkişaf, həyata keçirilən hüquqi, demokratik və digər islahatlar, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında artan rol, mühüm geostrateji mövqe və bu qəbildən olan digər göstəricilərlə xarakterizə olunan Azərbaycan beynəlxalq sferada da kifayət qədər nüfuz sahibi olan ölkələrdən biri kimi çıxış edir. İndi Azərbaycanın iştirakı və razılığı olmadan Cənubi Qafqazın iqtisadi, siyasi həyatı ilə bağlı qərarların qəbul edilməsi, hər hansı yeni transmilli layihələrin həyata keçirilməsi mümkünsüzdür. Bu reallıq Azərbaycan rəhbərliyi tərəfindən həyata keçirilən uzaqgörən siyasətin, gərgin əməyin, milli maraqların daim ön planda tutulmasının məntiqi nəticəsidir.

Belə vəziyyət Azərbaycanın dünya miqyasında nüfuzunun daim artmasını təmin etməklə yanaşı, onu beynəlxalq hüququn güclü subyektlərindən birinə çevirir.

Digər tərəfdən, o da danılmaz faktdır ki, Azərbaycanın belə yüksək nüfuza malik dövlət kimi çıxış etməsində Prezident İlham Əliyevin praqmatik, rasional, mükəmməl dünyagörüşlü, çevik və təmkinli idarəetmə prinsiplərinə, dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider olması mühüm rol oynayır. Elə bunun nəticəsidir ki, Azərbaycanın xarici əlaqələrinin güclənməsində Prezident İlham Əliyevin dünya dövlətlərinin rəhbərləri və digər nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri ilə keçirdiyi görüşlər, əldə edilən razılaşmalar müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlar ildən-ilə Azərbaycanın beynəlxalq aləmdə daha möhkəm mövqelərə malik dövlət kimi qəbul edilməsinə səbəb olmaqdadır. Ötən il də bu mənada ölkəmizin lehinə işləyib. Bununla bağlı, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdir: "2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar atılmışdır. Azərbaycanın xarici əlaqələri daha da gücləndirilmişdir. Mənim çoxsaylı xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri Azərbaycanın dünya miqyasında tanınmasında və mövqeyimizin güclənməsində böyük rol oynamışdır. Dostlarımızın, strateji tərəfdaşlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz də bundan çox razıyıq və həmişə olduğu kimi, bütün ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət, bir-birimizin işlərinə qarışmamaq, qarşılıqlı etimad və qarşılıqlı maraqlar əsasında qururuq. Əminəm ki, gələcəkdə bu meyillər daha da gücləndiriləcək, xarici əlaqələrimiz daha da çoxşaxəli və möhkəm olacaqdır".

Azərbaycanın dünya miqyasında daim artan nüfuzu, beynəlxalq mövqelərinin güclənməsi Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşməyərək bu məsələ ilə bağlı bütün diplomatik üstünlüklərin ölkəmizin əlində olmasına şərait yaradıb. İndi dünya birmənalı şəkildə Ermənistanı işğalçı dövlət kimi qəbul etməkdə, ondan konkret hüquqi sənədlər, qətnamələr əsasında işğala məruz qoyduğu Azərbaycan ərazilərini azad etmək tələbindədir. Ermənistanın işğalçı dövlət kimi tanınması, eləcə də bu ölkədə totalitar üsul-idarəçilyinin bərqərar olması, insan haqları və bütün demokratik dəyərlərin daim boğulması, xalqa qarşı repressiv metodlardan geniş istifadə edilməsi, sadə insanların aclıq və səfalətə məhkum olunması, günü-gündən çiçəklənən korrupsiya və digər bu kimi amillər onun bir dövlət olaraq onsuz da bərbad beynəlxalq imicini daha sürətlə aşağı salmaqda, məhv etməkdədir. Bütün bunlar dünya dövlətlərində, beynəlxalq təşkilatlarda Ermənistana qarşı ikrah hissi oyatmaqla yanaşı, rəsmi Yerevana yönələn diqqətin əhəmiyyətsiz həddə qədər düşməsinə gətirib çıxarmaqdadır. Əslində, qeyd olunan bu məqamla Ermənistanın özündə də açıq etiraf edilir və buna bariz nümunə kimi Prezident Serj Sarkisyanın fevralın 9-da Böyük Britaniyanın paytaxtına işgüzar səfəri göstərilir. Sarkisyanın London səfərinə əhəmiyyətsiz bir hal kimi yanaşılması özünü hələ hava limanında onun qarşılanması zamanı büruzə verdi. Belə ki, Serj Sarkisyanı hava limanında Ermənistanın Böyük Britaniyadakı səfiri və Erməni Apostol Kilsəsinin nümayəndəsindən başqa heç kim qarşılamadı. Lakin Ermənistan prezidentinin Böyük Britaniyaya səfərindən diqqət çəkən daha maraqlı məqam onun Böyük Britaniyanın Baş naziri Qordon Braun tərəfindən qəbul edilməməsi oldu. Serj Sarkisyan Londonda olduğu müddət ərzində onunla cənab Braun arasında heç bir telefon bağlantısı da baş vermədi. Ermənistanın sabiq baş naziri Qrant Baqratyan isə yerli mətbuata açıqlamasında Sarkisyanın Londonda belə soyuq qəbulunu təşkilatçıların günahı ilə izah etməyə çalışıb: "Bu səfərin rəsmi, yaxud işgüzar xarakter daşıması önəmli deyil. Böyük Britaniyanın Baş naziri ilə heç olmasa, telefon danışığı təşkil edilməliydi. Mən hələ hava limanındakı qarşılamanı demirəm".

Ümumiyyətlə, işğalçı ölkədə indi belə bir fikir hakimdir ki, London səfəri Ermənistanın Qərbdəki imicinin nə yerdə olduğunu aydın göstərir. Həmçinin belə bir vəziyyətin yaranmasının əsas səbəblərindən biri də Ermənistan prezidentinin ölkəsində demokratiyanı, insan haqlarını boğan, totalitar idarəçiliyi daha da genişləndirən şəxs imici qazanmasıdır. Görünür, dünya miqyasında Ermənistana olan acı münasibət səbəbindən Serj Sarkisyanın, eləcə də onun sələflərinin xarici səfərlərə yollandığı ölkələrin siyahısı elə də zəngin deyil. Serj Sarkisyan prezident seçiləndən sonra etdiyi xarici səfərlərin üçdə ikisi yalnız Rusiyaya olub. Qərb ölkələrinə səfər etməyə isə Ermənistan prezidenti bir o qədər meyil etmir və istisna olunmur ki, Londondakı aqibətlə üzləşəcəyindən ehtiyatlanır.

Azərbaycana, onun liderinə isə dünya dövlətlərinin, onların başçılarının münasibəti yuxarıda qeyd olunduğu kimi tamam fərqlidir. Məsələn, Prezident İlham Əliyevin ötən ilin iyulunda elə Böyük Britaniyaya səfərinə nəzər salaq. Cənab İlham Əliyevin keçən ilin iyulun 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər zamanı Londonun "Stansted" hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzüldü. Azərbaycan Prezidentini hava limanında Böyük Britaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar. Səfər zamanı Prezident İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Qordon Braun arasında görüş keçirildi. Görüşdə Britaniyanın Baş naziri Azərbaycan Prezidentini ölkəmizdə əldə olunan iqtisadi uğurlar münasibətilə təbrik etdi, ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.

Azərbaycanın antiterror koalisiyasında iştirakına toxunan Qordon Braun ölkəmizin bu istiqamətdə fəaliyyətinin Böyük Britaniya hökuməti tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Prezident İlham Əliyevi Azərbaycanda demokratiya sahəsində əldə edilmiş uğurlar münasibətilə təbrik edən cənab Braun Avropa İttifaqı ilə əlaqələrin genişlənməsini müsbət hal kimi dəyərləndirdi. Bildirdi ki, Böyük Britaniya bundan sonra da Azərbaycanı beynəlxalq aləmdə müxtəlif sahələrdə dəstəkləyəcək: "Biz Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə əlaqələri genişləndirmək əzmindəyik".

Londonda Prezident İlham Əliyev Böyük Britaniya parlamentinin Xarici münasibətlər komitəsinin üzvləri ilə də görüşdü. Daha sonra Prezident İlham Əliyev Bukingem sarayında Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası ülyahəzrət II Elizabet ilə görüşdü.

Bütün bunlar Ermənistandan fərqli olaraq Azərbaycana, onun liderinə Böyük Britaniyada, həmçinin dünyanın digər ölkələrində nə dərəcədə yüksək ehtiram və diqqət göstərildyini aydın şəkildə nümayiş etdirir. Eyni hallar Prezident İlham Əliyevin hər hansı xarici ölkəyə işgüzar səfərində də müşahidə olunur. Bu il fevralın 4-də Almaniyada işgüzar səfərdə olan Prezident İlham Əliyev Berlin şəhərinin "Tegel" hava limanında Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri tərəfindən qarşılandı, Almaniya Federativ Respublikasının kansleri Angela Merkellə görüş keçirdi. Angela Merkel Azərbaycan Prezidentini Almaniyada salamlamaqdan məmnun qaldığını bildirərək ölkələrimiz arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin zəruriliyini vurğuladı. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirdi ki, Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır.

Beləliklə, bütün bunlar bir daha göstərir ki, bu gün dünya miqyasında Azərbaycan və Ermənistanın nüfuz çəkisi tamamilə fərqlidir. Əgər dünya dövlətləri, o cümlədən Qərb ölkələri Azərbaycanla sıx işbirliyi qurmağa, mövcud əməkdaşlığı daha da dərinləşdirməyə can atırsa, Ermənistana bunun tam əksi olan münasibət bəsləyir. Eləcə də faktdır ki, Azərbaycan Prezidenti beynəlxalq miqyasda da ölkəsinin şəksiz lideri, onu daha böyük və işıqlı gələcəyə aparan, daim xalqının yanında olan dövlət başçısı kimi qəbul olunur. Ermənistanda isə dövlət başçısının mümkün qədər tez tutduğu postdan uzaqlaşıdırılması üçün təkcə müxalifətin fəaliyyəti xalq dəstəyi əsasında genişlənmir, eləcə də parlament sədri, baş prokuror, hakim koalsiyasının üzvləri arasında gizli sövdələşmə gedir.

 

 

Azərbaycan.- 2010.- 17 fevral.- S. 1.