Nəqliyyat-yol kompleksinin sürətli inkişafı Azərbaycan dövlətinin strateji vəzifələrindəndir

 

Son illər ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyasını uğurla reallaşdıran Prezident İlham Əliyevin düzgün daxili və xarici siyasətinin nəticələri özünü həyatın bütün sahələrində aydın göstərir. İndi Azərbaycan vətəndaşları sivil dünyanın qəbul etdiyi aparıcı dövlətlərdəki kimi normal fəaliyyət və yaşam tərzinə yiyələnmiş, öz sosial rifahını daha da yaxşılaşdırmaq üçün əlverişli imkanlar qazanmışdır. Dövlət əhalinin qayğı və problemlərinin həlli ilə bağlı bütün mümkün tədbirləri həyata keçirir, regional layihələrin reallaşdırılmasına səy göstərir.

 

Respublikamızın nəqliyyat-yol kompleksinin inkişafına və yenidən qurulmasına yönəlmiş investisiyaların həcminin artması mövcud nəqliyyat obyektlərinin tikintisi, rekonstruksiyası ilə yanaşı iri miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaratmışdır. 2009-cu il ərzində nəqliyyat sektorunda mühüm iqtisadi göstəricilər qazanılmış, ölkə iqtisadiyyatının prioritet sahələrindən olan nəqliyyat-yol kompleksinin əhalinin çevik, təhlükəsiz, keyfiyyətli və müasir nəqliyyat xidmətlərinə artan tələbatını təmin edən səviyyədə qurulduğu və davamlı xarakter aldığı özünü əyani şəkildə göstərmişdir.

Fevralın 16-da Nəqliyyat Nazirliyinin geniş kollegiya iclasında sahənin inkişafı naminə həyata keçirilən rasional tədbirlərə geniş spektrdə işıq salınmış, qazanılan uğurlar təhlil edilmiş, baş vermiş nöqsanların tezliklə aradan qaldırılması yolları araşdırılmış, bununla bağlı zəruri tədbirlərin görülməsi qərara alınmışdır. İclasda səslənən fikirlər, irəli sürülən təkliflər gələcək fəaliyyətimizi daha düzgün qurmağa, problemləri yoluna qoymağa bir növ stimul olacaq. Ötən ilin statistikası yol-nəqliyyat kompleksində həyata keçirilən tədbirlər, reallaşdırılan layihələr barədə konkret təsəvvür yaradır.

Belə ki, 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2822 milyon manat investisiya xərclərinin 542,1 milyon manatı (19,3 faiz) nəqliyyat-yol kompleksinə qoyulan investisiyaların payına düşmüşdüsə, 2009-cu ildə bu göstərici 20,3 faiz olmuşdur. Ümumiyyətlə, nəqliyyat-yol kompleksinə ümumi investisiya qoyuluşlarının həcmi 2009-cu ildə 1372,7 milyon manat təşkil etmişdir. 2010-cu ilin dövlət büdcəsində nəqliyyat sektoruna ayrılan investisiyaların həcmi isə 55 obyekt üzrə 1147,7 milyon manat nəzərdə tutulmuşdur.

Hesabat dövründə nəqliyyat-yol kompleksində qazanılan uğurları rəqəmlər bir daha təsdiqləyir. Ötən il bütövlükdə 127,7 milyon ton yük daşınmış, daşımaların 20,3 milyon tonu dəmir yolunun, 13,2 milyon tonu su, 94,2 milyon tonu avtomobil nəqliyyatının payına düşmüşdür. Limanlarda 5,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları həyata keçirilmişdir. Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi 43,2 milyon tona bərabər olmuşdur. Sərnişin daşınmasında isə göstərici 1,3 milyard nəfər təşkil etmişdir.

Ötən dövr ərzində bütün növ nəqliyyat infrastrukturlarının davamlı və təhlükəsiz fəaliyyətinin təmin olunması, istismar işinin səmərəli təşkili üçün təsirli tədbirlər həyata keçirilmişdir. Bu müddətdə 341 sərnişin vaqonu, 3864 yük vaqonu, 270 konteyner əsaslı və depo təmirindən keçmiş, sərnişin vaqonları üçün 145 təkər cütləri alınmışdır.

Dəmir yolunun rabitə və işarəvermə, elektrik təchizatı təsərrüfatlarında əsaslı təmir işləri aparılmışdır. Saatlı rayonu ərazisində Araz çayı üzərində uzunluğu 160 metr olan metal konstruksiyalı dəmir yolu körpüsü yenidən qurularaq istismara verilmişdir.

Dəmir yolunda bilet satışı tam kompüterləşərək ADY-nun lokal şəbəkəsinə qoşulmuş, beynəlxalq marşrutlarda hərəkət edən qatarlara bilet satışının proqram təminatları tam işlənib həyata keçirilmişdir.

Su nəqliyyatı vasitəsilə 2009-cu il ərzində 13,2 milyon ton yük, 10,7 min nəfər sərnişin daşınmışdır. Yük daşımaları 2008-ci ilə nisbətən 10,9 faiz artmış, sərnişin daşınması isə 21,9 faiz azalmışdır.

Hesabat ilində Xəzər Dəniz Gəmiçiliyi Donanmasının yeniləşdirilməsi istiqamətində işlər davam etdirilmiş, kredit hesabına yükgötürmə qabiliyyəti 13,0 min ton, dəyəri 22,9 milyon ABŞ dolları təşkil edən 1 maye daşıyan tanker alınmış və "Şuşa" adı ilə istismara buraxılmışdır. Dövlət büdcəsindən ayrılan vəsait hesabına Zığ quru yük məntəqəsinin tikintisi davam etdirilmiş və başa çatdırılmaq üzrədir.

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı"na əsasən paytaxtda sərnişin daşımalarının təşkili, idarə olunması və tənzimlənməsi istiqamətində tədbirlərin davam etdirilməsi barədə "Azərbaycan" qəzetinin oxucularına ətraflı məlumat vermək istərdim. 2008-ci ildən başlayaraq marşrutlardan çıxarılmış 1400 (ümumi tutumu 21240 yer olan) kiçik tutumlu sərnişin avtobusunun əvəzinə dövlət büdcəsi və özəl sektorun vəsaiti hesabına alınmış 2900 Almaniya, Koreya, Çin və Belarus istehsalı olan yeni orta və iri tutumlu sərnişin avtobusları respublikaya gətirilərək müxtəlif marşrutlara buraxılmışdır. Onlardan 186 iri tutumlu avtobus dövlət büdcəsindən ayrılmış 25 milyon manat vəsait hesabına alınmışdır.

2009-cu ilin əvvəlindən etibarən istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi hazırda tam istismar gücü ilə fəaliyyət göstərir və buradan respublikanın bütün regionlarına və bir sıra xarici ölkələrə sərnişin daşımaları həyata keçirilir. 2009-cu ildə beynəlxalq avtomobil daşımalarını həyata keçirən fiziki və hüquqi şəxslərdən tutulan və büdcəyə ödənilən rüsumun məbləği isə 338,9 min manat təşkil etmişdir.

Respublika üzrə mövcud avtovağzalların və avtostansiyaların pasportlaşdırılması istiqamətində müvafiq işlər aparılmış, 56 avtovağzala baxış keçirilmiş, 6 avtovağzal və 1 avtostansiyanın pasportlaşdırılmasına dair müvafiq sənədlər tərtib edilərək aidiyyəti üzrə təqdim edilmişdir.

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"nda avtomobil yollarına dair nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi və respublikanın ümumi istifadədə olan avtomobil yollarının, körpülərin saxlanması, təmiri, bərpası və yenidən qurulması sahəsində müvafiq işlər görülmüşdür.

Hesabat dövründə 464,4 kilometr yol təmir olunmuş, Şəki rayonunda Dəhnə çayı, Qax rayonunda Malax çayı, Balakən rayonunda Mazıx çayı, Quba rayonunda Quba-İspik-Xınalıq yolunun 26-cı kilometrində Qudyalçay, Lənkəran rayonunun Əşlə kəndi ərazisində Lənkəran-çay, Astara rayonunda Pensər çayı və Miki çayı üzərində körpülər tikilərək istismara verilmişdir.

2009-cu il ərzində Biləsuvar şəhərinin dövrələmə avtomobil yolunun, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 4 zolaqlı beton örtüklü olmaqla 16-134-cü kilometrlik hissəsinin, bu yolun 11 və 16-cı kilometrlərində yol qovşaqlarının, Masazır dairəsində yol ötürücüsünün, Gəndob - Xaçmaz avtomobil yolunda Vəlvələçay, Sabirabad rayonunda Araz çayı üzərində körpülərin və Zaqatala rayonunda Talaçay üzərində respublikamızda ilk asma avtomobil körpüsünün tikintisi başa çatdırılmışdır. Bakı-Ələt (4-14 kilometr), İsmayıllı-Lahıc-Brovdal, Bakı-Ələt avtomobil yolunun 43-cü kilometri - Cingirdağ, Xocasən-Lökbatan, Ələt-Hacıqabul avtomobil yollarında və Şəki rayonu ərazisində Şin çayı üzərində körpü kompleksinin tikintisi davam etdirilmişdir.

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı"na uyğun olaraq, Heydər Əliyev prospekti 8 cərgəli hərəkət üçün tam yenidən qurulmuş, prospektin Keşlə stansiyasına gedən dəmir yolu ilə və Ağa Nemətulla küçəsi ilə kəsişmələrində tunel tipli yol qovşaqları, Babək prospektinin Məhəmməd Hadi və Mikayıl Əliyev küçələri ilə kəsişmələrində yol qovşaqları, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində tunel tikilib istifadəyə verilmiş, Heydər Əliyev prospektində, Cəfər Cabbarlı meydanında, Tbilisi və Azərbaycan prospektlərində 5 mövcud yeraltı piyada keçidləri əsaslı təmir olunmuşdur. Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin ("Əzizbəyov" metro stansiyası dairəsi) və Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişmələrindəki yol qovşaqlarının növbəti mərhələlərinin tikintisi davam etdirilmişdir. Bu obyektlərin tikintisinin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Heydər Əliyev Hava Limanı - Mərdəkan dairəsi - Bilgəh mövcud avtomobil yolunun (19 km) 8 cərgəli hərəkət üçün yenidən qurulması layihəsinin icrasına başlanılmış və ötən müddət ərzində yolun Mərdəkan dairəsinədək olan 7 kilometr sahəsində işlərin 50 faizdən çoxu yerinə yetirilmiş, Bilgəh-Sumqayıt yeni avtomobil yolunun inşasına başlanılmışdır.

2009-cu il ərzində xarici kreditlər hesabına həyata keçirilən layihələr əsasında işlər uğurla davam etdirilmişdir. Bakı Dairəvi-1, Bakı-Ələt, Kürdəmir-Ucar, Yevlax-Gəncə avtomobil yolunun 0-50 kilometr hissəsi, Gəncə dairəvi, Qazax- dövlət sərhədi, Ələt-Astara - dövlət sərhədi, Bakı-Rusiya ilə dövlət sərhədi avtomobil yollarında yenidənqurma işləri davam etdirilmişdir.

Tovuz çayı üzərində inşa olunmuş Qafqazın ən hündür körpüsü daxil olmaqla uzunluğu 10,6 kilometr olan Tovuz dairəvi avtomobil yolu, Ucar-Yevlax avtomobil yolu, Ələt-Astara avtomobil yolunun 22 kilometr hissəsi, Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun Bakı-Şamaxı hissəsi istismara verilmişdir. Bu yolun Şamaxı-Muğanlı hissəsində işlər davam etdirilir. Yevlax-Gəncə avtomobil yolunda əlavə 2 zolağın tikintisinə, Hacıqabul-Gürcüstanla dövlət sərhədi istiqamətində yeni dördzolaqlı beton örtüklü avtomobil yolunun və Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Gəndob - dövlət sərhədi hissəsinin layihələndirilməsinə başlanılmışdır.

Yol idarələrinin istehsalat bazalarının gücləndirilməsi məqsədilə 2009-cu ildə ümumi istehsal gücü 200 min ton olan 2 asfalt-beton zavodu, 174 müxtəlif təyinatlı avtonəqliyyat vasitəsi və yol texnikası alınmışdır. Ötən il baş vermiş təbii fəlakətlər nəticəsində Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Balakən, Oğuz, Daşkəsən, Gədəbəy, Goranboy və digər rayon ərazilərində yerləşən avtomobil yollarında yaranmış dağıntılar aradan qaldırılmış, Şəki rayonu ərazisində Zəyzidçay, Oğuz-Xalxal-İstisu yolunda Xalxalçay, Gədəbəy rayonu ərazisində Cəfərli - Daryurd avtomobil yolunda Qurudərə üzərində körpülər, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 146-cı kilometrində Vəlvələçay üzərində yararsız vəziyyətə düşmüş körpülər əsaslı təmir olunmuşdur.

Ümumi istifadədə olan avtomobil yollarında, o cümlədən Bakı şəhərinin avtomobil yolları, prospekt və küçələrində nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə 2502,4 min kvadratmetr çiyin bərkidilmiş, 1171,5 min kvadratmetr hərəkət hissəsinə və sürət-keçid zolaqlarına nişanlanma xətləri çəkilmiş, 787 poqon metr körpü məhəccəri, 11073 ədəd siqnal dirəyi və 1113 ədəd müxtəlif təyinatlı yol nişanları quraşdırılmış və bərpa olunmuşdur.

Son vaxtlar avtomobil yollarında baş verən qəzaların artma tendensiyası bizi də ciddi narahat edir. Bunun qarşısının alınması üçün həyata keçirəcəyimiz tədbirləri daha da intensivləşdirmək fikrindəyik. Hazırda avtomobil yollarında aparılan tikinti və yenidənqurma işləri yolların müasir səviyyədə qurulması ilə yanaşı, eyni zamanda yollarda hərəkəti asanlaşdırır, ilk növbədə təhlükəsizliyin qorunmasına xidmət edir.

Xidmət etdiyimiz avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri hər ay təhlil edilir və həmin səbəblərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Əsas etibarı ilə respublika əhəmiyyətli magistral avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə təhlükəsizlik kəmərlərindən istifadə olunmasının vacib olmasını təbliğ edən və yol-nəqliyyat hadisələri zamanı xəsarət alanlara vaxtında tibbi yardım göstərilməsini asanlaşdırmaq məqsədi ilə bir çox yerlərdə "Yol-Qəza Tibb Xidməti"-nin yerini və telefon nömrələrini göstərən lövhələr quraşdırılmışdır. 2009-cu ildə avtomobil yollarının yenidən qurulan hissələrində yol nişanlarının, işarə dirəklərinin quraşdırılması və bərpası, qanunsuz giriş-çıxışların ləğvi, təhlükəsizlik sədlərinin quraşdırılması, yol elementlərinin rənglənməsi işləri yerinə yetirilmişdir.

Azərbaycan nəqliyyat-yol kompleksində mövcud olan inkişaf tempinin saxlanması, ölkəmizdə daha effektli nəqliyyat sisteminin yaradılması məqsədilə müasir texnologiyanın tətbiqi, həmçinin yeni infrastruktur obyektlərinin inşası nazirlik tərəfindən daim diqqətdə saxlanılmış və bu istiqamətdə əhəmiyyətli tədbirlər davam etdirilmişdir.

Hesabat ilində Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə işlər də davam etdirilmişdir. Hazırda yolun Axalkələk- Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir. Təkər cütlərinin dəyişdirilməsi stansiyasının (Axalkələk) layihələndirilməsi üçün elan olunmuş tenderin qalibi müəyyən olunmuş və layihələndirmə işlərinə başlanılmışdır. Stansiyanın inşasına bu il start veriləcək. Azərbaycan Dəmir Yolunun bu marşrut üzərində yerləşən infrastrukturunun yeniləşdirilməsi və dəmir yollarının inkişafı ilə bağlı 2010 - 2014-cü illəri əhatə edən Dövlət Proqramının layihəsi hazırlanmışdır.

Ölkə başçısının dəstəyi sayəsində dəmir yolunun inkişafına, idarəetmənin və infrastrukturun təkmilləşdirilməsinə yönəlmiş "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi"nin maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) ilə 450,0 milyon ABŞ dolları məbləğində Kredit Sazişi imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi haqqında" sərəncamının icrası olaraq Nəqliyyat Nazirliyinin sifarişi ilə yeni liman kompleksinin baş planı Hollandiyanın "Royal Haskoning" şirkəti tərəfindən hazırlanaraq təqdim edilmişdir. İşçi layihənin hazırlanması mərhələlərlə aparılır, cari ilin aprel ayında tamamlanacaq. Yeni liman kompleksinin quru hissəsində inşaat işlərinin isə bu ilin birinci rübündə başlanması nəzərdə tutulmuşdur.

Bakı şəhərində sərnişin nəqliyyatının hərəkətinin tənzimlənməsi və idarə olunması məqsədilə Nəqliyyat Əməliyyatlarının İntellektual İdarə Edilməsi Sisteminin binasında tikinti-quraşdırma işləri davam etdirilmiş, istifadə olunacaq avadanlıqların alınması prosesinə başlanılmışdır. Layihənin 2011-ci ilin birinci yarımilliyində başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda nazirlik bir sıra qanunvericilik təşəbbüsləri ilə çıxış etmiş, mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də işlər görmüşdür. Respublikada avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati, iqtisadi əsaslarını müəyyən edən, bu sahədə dövlət orqanları, daşıyıcılar və daşıma xidmətlərinin istehlakçıları arasında yaranan münasibətləri tənzimləyən "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra nazirlik tərəfindən qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2008-ci il tarixli fərmanının icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Bu qanundan irəli gələn, "Avtovağzal və avtostansiya haqqında Əsasnamə", "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası", "Sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması Qaydası"nın təsdiq edilməsi haqqında" və digər normativ hüquqi aktlar 2009-cu il ərzində hazırlanmış və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmişdir.

Bundan başqa, "Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sisteminin inkişafına dair Tədbirlər Planı"nın layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış və hazırda Nazirlər Kabineti tərəfindən baxılır.

Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsinə görə məsuliyyətin müəyyən edilməsi məqsədilə Nəqliyyat Nazirliyi tərəfindən işlənib hazırlanmış İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsini nəzərdə tutan qanun layihəsi Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə işçi qaydada razılaşdırılmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur. Dəmir yolu nəqliyyatında aparılan iqtisadi və struktur islahatların hüquqi bazasının formalaşdırılması üzrə tədbirlərin tərkib hissəsi olaraq "Dəmir yolu nəqliyyatı haqqında" qanun layihəsi hazırlanmışdır.

Respublika ərazisində yüklərin avtomobil, dəmir yolu, dəniz, daxili su və hava nəqliyyatı vasitələri ilə daşınması ilə bağlı nəqliyyat-ekspedisiya xidmətləri göstərən hüquqi və fiziki şəxslərin fəaliyyətini, ekspeditorların hüquq və vəzifələrini, onların müştəri qarşısında məsuliyyətini, habelə təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq müştəri, ekspeditor və daşıyıcı arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" qanun layihəsi hazırlanmış, aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Hesabat dövründə ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasının sürətləndirilməsi, nəqliyyat qurumlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. BMT-nin komissiyaları, Avropa İttifaqı, MDB, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Dəmir Yollarının Əməkdaşlıq Təşkilatları (OSJD və MSJD) ilə əməkdaşlıq davam etdirilmişdir. Nəqliyyat Nazirliyində bir sıra beynəlxalq tədbirlər, o cümlədən Azərbaycanla Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın üçüncü iclası və Xəzəryanı dövlətlərin nəqliyyat nazirlərinin birinci iclası keçirilmişdir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan və Gürcüstan respublikaları arasında yaradılmış Əlaqələndirmə Şurasının 6-cı və 7-ci iclasları Bakıda baş tutmuşdur. Şuranın 8-ci toplantısı isə bu ilin yanvarında Tbilisi şəhərində keçirilmişdir.

Ötən dövr ərzində Nəqliyyat Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında" ölkə başçısının sərəncamının icrası olaraq "Azərbaycan Respublikasının Vahid Dövlət Nəqliyyat Siyasəti Konsepsiyası"nın və "Azərbaycan Respublikasının Nəqliyyat Sisteminin İnkişafı Strategiyası"nın layihələri hazırlanmışdır.

2010-cu il yanvar ayının 18-də Nazirlər Kabinetinin "2009-cu ilin sosial-iqtisadi inkişafının yekunları"na həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyevin nitqindən irəli gələn vəzifələri yerinə yetirmək üçün ölkə nəqliyyatçıları bütün potensial imkanlardan səmərəli istifadə edəcəklər. Yol-nəqliyyat kompleksinin bütün qurumları sərnişin və yük daşımalarının həcminin artırılması, infrastrukturun və nəqliyyat vasitələri parkının yeniləşdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, sosial məsələlərin həlli, nəqliyyatın bütün növlərində ahəngdarlığın təmin edilməsi istiqamətində tədbirləri intensivləşdirmək niyyətindədir.

 

 

Ziya MƏMMƏDOV,

nəqliyyat naziri

 

Azərbaycan.- 2010.- 17  fevral.- S. 2.