İqor Çubays: "Prezident İlham Əliyev çox güclü təsirə malik siyasətçidir"

 

Prezident İlham Əliyev çox güclü təsirə malik siyasətçidir və Azərbaycan dinamik müsbət dəyişikliklər baş verən ölkədir.

Bu sözləri Rusiya Xalqlar Dostluğu Universiteti yanında Rusiyanın öyrənilməsi üzrə mərkəzin direktoru, fəlsəfə elmləri doktoru, bir sıra elmi və publisistik əsərlərin müəllifi İqor Çubays AzərTAc-a müsahibəsində söyləmişdir.

İ.Çubays demişdir: "Mən tez-tez müxtəlif insanlarla, o cümlədən sosial səbəblər üzündən öz ölkəsini tərk etmiş və indi oraya qayıtmağa hazırlaşan azərbaycanlılarla söhbət etməli oluram. Onlar hamısı etiraf edir ki, Azərbaycanda mühüm müsbət dəyişikliklər baş verir. Bugünkü Azərbaycan, Bakı 20 il və ya 10 il bundan əvvəlki Azərbaycan və Bakı deyildir. Bu, artıq çox dinamik və bütövlükdə çox müsbət proseslərin baş verdiyi başqa ölkədir".

Tanınmış rusiyalı ekspert Rusiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətinə toxunaraq qeyd etmişdir ki, bu, münasibətlərin qarşılıqlı faydalı, sabit, davamlı və ən başlıcası, proqnozlaşdırıla bilən olduğu nadir haldır. O demişdir: "Ticarət-iqtisadi, siyasi, humanitar sahələrdə bu münasibətləri kifayət qədər yüksək səviyyədə saxlamaq mümkün olur. Hər iş normal gedir və ikitərəfli münasibətlərdə problem yoxdur".

İqor Çubays xüsusi vurğulamışdır ki, bütün postsovet, postkommunist ölkələrində xeyli problem vardır, lakin Azərbaycan həmin problemləri aradan qaldıra bilir. "Bilirəm ki, Azərbaycanda təhsilə yüksək diqqət yetirilir, ciddi sosial layihələr üçün böyük maliyyə vəsaitləri ayrılır, iqtisadiyyat uğurla inkişaf edir. Keçən il ümumdünya maliyyə böhranı şəraitində Azərbaycanda 9 faiz iqtisadi artım qeydə alınmışdır. Bu, çox yüksək göstəricidir", - deyən analitik onu da əlavə etmişdir ki, Rusiyada əksinə, 8 faiz iqtisadi tənəzzül qeydə alınmışdır.

İ.Çubays qeyd etmişdir ki, iki ölkənin liderləri arasında səmimi münasibətlər Rusiya-Azərbaycan əlaqələrinə müsbət təsir gösrərir. Rusiyalı analitik vurğulamışdır: "Rusiya və Azərbaycan həmişə razılığa gələ bilmişdir və şəxsi münasibətlər buna çox kömək edir".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın rolu məsələsini şərh edən İqor Çubays demişdir: "Əgər Kreml daha fəal olsaydı, bu problemi daha tezliklə həll etmək olardı".

Rusiya Xalqlar Dostluğu Universiteti yanında Rusiyanın öyrənilməsi üzrə Mərkəzin direktoru demişdir: "Şəxsən mən çox istəyirəm ki, bu problem diplomatik yolla tənzimlənsin. Bu, mürəkkəb problemdir, lakin mən əminəm ki, qarşılıqlı xoş məram olsa onu həll etmək olar. Mənim bildiyimə görə Azərbaycan tərəfində xoş məram var və onu təzahür etdirirlər. Yerevanda da bunu başa düşməli və adekvat qiymətləndirməlidirlər, çünki heç kəs daim güzəştə getməyəcək, elə şey olmur. Bununla belə, həmin problem dinc yolla həll edilə bilər. Mən əminəm ki, bu problem yalnız bu yolla həll ediləcək, Azərbaycan bütün məsələlərdə böyük irəliləyişə nail olacaqdır".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva        

 

Azərbaycan.- 2010.- 20 fevral.- S. 1.