Paytaxtın yaşıl libası

 

Görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar.

 

İlham ƏLİYEV

 

Bakının yaşıl libası hesab edilən pakrlara, bağçalara, prospekt və küçələrdə, meydan və istirahət yerlərində son illər ağaclara, dekorativ kollara, çəmənliklərə xüsusi qayğı göstərilir. Ölkə başçısının "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı"na əsasən Bakı şəhəri ərazisində yaşıllıqların və uzunömürlü ağacların əkilməsi, təbiətin faunasının qorunması və pakrlarda dünya standartları səviyyəsində yenidənqurma işlərinin aparlıması ilə əlaqədar xeyli yaddaqalan işlər görülüb. Odur ki, qədimliyi və müasirliyi ilə göz oxşayan bugünkü Bakını gəzdikcə küçə və prospektlərdə, meydan və tarixi yerlərdə neçə-neçə belə yeniliklərlə rastlaşırsan. Dünən keçdiyin yerdən bir-iki aydan sonra bir də keçəndə görürsən ki, paytaxt çox dəyişib. Parklar və xiyabanlar əsaslı təmir edilib, yaxud yenidən qurulub, əsasən əhalinin istirahəti üçün əlverişli şərait yaradılıb. Yeni il ərəfəsində ölkə başçısının Nəsimi rayonu ərazisində bu cür dəyişiklikləri ilə xoş ovqat yaradan bir neçə ünvanda olması və bu günlərdə ekoloji problemlərlə bağlı müşavirə keçirməsi dediklərimizə misal ola bilər.

Səməd Vurğun adına bağ, eləcə də onun yaxınlığındakı "Muğam" parkı təmirdən sonra başqa görkəm alıb. Sazaqlı, yağmurlu qış günlərində belə, hər iki bağ güllü-çiçəkli baharı xatırladır, növbənöv həmişəyaşıl ağaclar, müxtəlif çeşidli qızıl güllər, nizamla əkilmiş dekorativ bəzək kolları, milli-qədimliyi ilə keçmişi xatırladan işıq dirəkləri, rahat oturacaqlar, italiyalı mütəxəssislər tərəfindən tikilmiş fəvvarələr, milliliyi və müasirliyi özündə birləşdirən digər yenidənqurma işləri yolu bu yerlərdən düşənlərdə xoş ovqat yaradır.

Yeniliklərdən biri də odur ki, Səməd Vurğun bağının ərazisi genişləndirilərək 26 min kvadratmetrə çatdırılıb. Asfalt örtük götürülərək yerinə qranit və mərmər plitələr döşənib, ətrafında əsaslı abadlıq və yaşıllaşdırma işləri görülüb, ictimai təhlükəsizliyə və yaşıllığa nəzarət məqsədilə müşahidə kameraları quraşdırılıb. Təmirdən sonra şairin abidəsi də yeni görkəm alıb.

Səməd Vurğun bağının qarşısında yerləşən "Muğam" bağı da orijinal layihə əsasında yenidən qurulub. Gözəlliyi ilə diqqət çəkən bu istirahət ocağının da ərazisi genişləndirilərək 21 min kavadratmetrə çatdırılıb. Burada köhnə tikililər söküldükdən sonra ərazi tamamilə yeni görkəm alıb. Hər iki bağın yaxınlığındakı 28 May, Dilarə Əliyeva və Puşkin küçələrinin örtüyü təzələnib, yol qırağındakı ağaclar budanıb, yeniləri əkilib, gediş-gəliş zolaqları səliqəyə salınıb.

Şəhər sakinlərinin istifadəsinə verilən istirahət parklarından biri də Nəsimi rayonunun ərazisindəki Rixard Zorge bağıdır. İki il əvvəl burada başlanan əsaslı təmir və yenidənqurma işləri bir ay olar ki, başa çatıb. XX əsrin əvvəllərində Bakıda dünyaya göz açan Rixard Zorge xatirələrində qeyd edib ki, üç yaşım olanda ailəmiz Qafqazı, Bakını tərk etmişdi. Mənim damarlarımda qafqazlı qanı axır, mən özümü həmişə Qafqazlı, Bakılı hesab etmişəm... Bir sözlə, cəsur kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin adını daşıyan bu bağ da adına layiq yenidən qurulub.

Qış fəsli olmasına baxmayaraq parkda nəvələri ilə neçə-neçə nənə, baba vardı. Belələrindən biri - ixtisasca həkim olan evdar qadın Sevil Qasımova fikirlərini bizimlə belə bölüşdü:

-Neçə illərdir bu bağın yaxınlığında yaşayırıq. Çoxdandır ki, təmirə dayanmışdı, indi çox gözəl təmir ediblər, səliqə-sahman göz oxşayır. Nəvələrim Pərini və Zərifi bura tez-tez gətirirəm. Həyat yoldaşım Tibb Universitetində müəllim işləyir, dərsini qurtarıb bura gələcək. Buraya çox insanlar gəlir, gənclər, tələbələr mənzərəli guşələrdə xatirə şəkli çəkdirirlər. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin yanında ekoloji problemlərə həsr olunmuş müşavirənin keçirilməsi hamımızın ürəyincə olmuşdur. Dövlət başçısının ölkənin vətəndaşlarının sağlamlığı və normal istirahəti baxımından ekoloji problemlərə bu qədər diqqət və qayğı göstərilməsi bizi çox sevindirir. Bizlərə bu cür qayğı göstərən, şərait yaradan ölkə Prezidentinə "Çox sağ ol!" deyirik.

Rixard Zorge bağının Azadlıq prospekti ilə kəsişməsindən sonra bu parkın davamını xatırladan bağ da Ceyhun Hacıbəyli küçəsinəcən başdan-başa təzələnib. Rahat oturacaqlar, müasir işıqlandırma sistemi, diqqət çəkən fəvvarə kompleksi, rəngbərəng qızıl güllər, çiçəklər, həmişəyaşıl kollar, al-əlvan çəmənliklər göz oxşayr. Parka iki nəfər qulluq edirdi. Biri özünü Cavanşir Quliyev, digəri Bayraməli Şıxməmmədov kimi təqdim etdi. Hər ikisi həm nəzarətçi, həm də suçudur. Bildirdilər ki, məqsədimiz həmişə parkı təmiz və səliqəli saxlamaqdır. İşimizə gəldikdə baxın və qiymət verin dedilər.

Bəli, xalqımızın milli-mənəvi dəyərlərinin daşıyıcısına çevrilmiş böyük tarixi şəxsiyyətlərin və qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi gənc nəslin azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyə olunması baxımından müstəsna önəm daşıyır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2009-cu il tarixli sərəncamına əsasən Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin məhz bu bağda ucaldılması nəzərdə tutulub. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi rayon rəhbərliyi tərəfindən bağın Azadlıq prospekti və Vaqif prospektlərinin kəsişdiyi ərazidə abidə üçün xüsusi yer də müəyyənləşdirilib. Yanvar ayının 21-də Azərbaycan Prezidenti İlham Əliyev xalq qəhrəmanı Koroğluya ucaldılacaq abidənin hazırlıq işləri ilə tanış olmaq üçün bağda olub. Ərazi ilə ətraflı tanış olan ölkə başçısı görüləcək işlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlar verib.

Rəşid Behbudov prospekti ilə Azərbaycan Dillər Universitetindən Bakıxanov prospektinə tərəf uzanan yolun sağında bir neçə şam ağacı olan baxımsız sahə də indi başqa görkəm alıb. Rayonun öz gücü ilə burada yuxarıda adı qeyd olunan bağlarla müqayisə oluna biləcək səviyyədə istirahət guşəsi yaradılıb. Yaşıl yamac, rahat oturacaqlar, həmişəyaşıl ağaclar və dekorativ kollar, xüsusi daşlar və mərmər plitələr düzülmüş gediş-gəliş zolaqları, müasir işıqlandırma, suvarma sistemi, təhlükəsizlik tədbirləri və s. hər cür rahatlıqdan xəbər verir.

Qurulanı, tikiləni qorumaq, qayğı göstərmək hamımızın borcudur. Odur ki, Nəsimi rayon sakinləri də tikiləni, yaradılanı qoruyurlar. "Ekolgiya ili"ndə rayonda bir çox dövlət qurumlarının cəlb olunduğu kompleks tədbirlər proqramında nəzərdə tutulmuş işlər həyata keçiriləndən sonra rayonun ərazisində yaşıllıqların sayı daha da artacaqdır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2010.- 21 fevral.- S. 3.